Məhkəmə qərarları › İş №e-2(048)-506/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-506/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-506/2025 19.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 665,6 (altı yüz altmış beş manat altmış qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 1 saylı X6 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı X6 Mərkəzinin əməkdaşları tərəfindən 25 noyabr 2022-ci il tarixdə Lerik meşəbəyliyinin 3 saylı meşə dolayısında aparılan yoxlama zamanı Lerik rayonu, Qoliçol kənd sakini Cavabdeh qanunsuz 9,19 m3 həcmində 19 (on doqquz) ədəd müxtəlif cins və diametrlərdə ağacı kəsərək X10 aparılması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində X13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 665,6 (altı yüz altmış beş manat altmış qəpik) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixli 3-14-27-4/2-161/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-14-27-4/2-265/2023 nömrəli və xx.xx.2025-ci il tarixli 3-14-27-4/2-080/2025 nömrəli məktublarla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında ot biçmək üçün sahəni hasara aldıqlarını, lakin ağacların onun tərəfindən kəsilmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavadehin izahatlarını dinləyib, ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzi tərəfindən tərtib olunmuş 25 noyabr 2022-ci il tarixli, 005387 nömrəli aktdan görünür ki, meşələrin qorunub mühafizə vəziyyətinin gücləndirilməsi məqsədi ilə 15 saylı dolayda yoxlama keçirilən zaman Lerik rayonu, Qoliçol kənd sakini Cavabdeh ot çalmaq məqsədi ilə X14 torpağını zəbt edərək, çəpərin daxilində və xaricində fıstıq 8 sm diametrində odunluq 1 ədəd, fıstıq 12 sm diametrində odunluq 5 ədəd, fıstıq 16 sm diametrində odunluq 3 ədəd, fıstıq 20 sm diametrində odunluq 1 ədəd, fıstıq 24 sm diametrində odunluq 1 ədəd, fıstıq 28 sm diametrində odunluq 1 ədəd, fıstıq 32 sm diametrində odunluq 1 ədəd, fıstıq 40 sm diametrində odunluq 1 ədəd, fıstıq 64 sm diametrində odunluq 1 ədəd, vələs 20 sm diametrində odunluq 2 ədəd, vələs 36 sm diametrində odunluq 1 ədəd, ağcaqayın 36 sm diametrində odunluq 1 ədəd olmaqla ümumlikdə 19 ədəd ağacın Cavabdeh tərəfindən kəsilib oğurlanıb aparılması aşkarlanmış, kəsilmiş ağacların kötükləri Vizəzəmin meşəbəyliyinə məxsus 307 nömrəli meşə damğası ilə damğalanmışdır. Cavabdeh araşdırmada iştirak etməkdən və izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Lənkəran X6 X1 15 saylı dolayında 2022-ci ildə aparılmış yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntılar barədə həcm-qiymət cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinə əsasən X13 dəymiş kök üstə satış miqdarı ilə zərərin miqdarı 665,6 (altı yüz altmış beş manat altmış qəpik) manat təşkil edir. İş materiallarında olan Vizizəmin meşəbəyliyinin meşəbəyisi X8 tərəfindən tərtib edilmiş 25 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şiriyev X4 meşəbəyliyinin 15 saylı meşə dolayısında kök üstə yaş ağaclar kəsdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şiriyev X4 meşəbəyliyinin 15 saylı meşə dolayısında kök üstə yaş ağacları kəsdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan 1 saylı X6 Mərkəzinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-14-27-4/2-161/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-14-27-4/2-265/2023 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-14-27-4/2-080/2025 nömrəli məktublardan görünür ki, xx.xx.2022-ci il tarixdə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısında reyd keçirilən zaman X14 sahəsində özbaşına olaraq müxtəlif cins ağacların kəsilməsi faktı ilə bağlı 665,6 (altı yüz altmış beş manat altmış qəpik) manat məbləğində vurulmuş ziyanın ödənilməsi göstərilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, iriyev Vüsal Yadigar oğlu tərəfindən qanunsuz olaraq 1 saylı X6 X1 15 saylı dolayında ot çalmaq məqsədi ilə X14 torpağını zəbt edərək, çəpərin daxilində və xaricində fıstıq 8 sm diametrində odunluq 1 ədəd, fıstıq 12 sm diametrində odunluq 5 ədəd, fıstıq 16 sm diametrində odunluq 3 ədəd, fıstıq 20 sm diametrində odunluq 1 ədəd, fıstıq 24 sm diametrində odunluq 1 ədəd, fıstıq 28 sm diametrində odunluq 1 ədəd, fıstıq 32 sm diametrində odunluq 1 ədəd, fıstıq 40 sm diametrində odunluq 1 ədəd, fıstıq 64 sm diametrində odunluq 1 ədəd, vələs 20 sm diametrində odunluq 2 ədəd, vələs 36 sm diametrində odunluq 1 ədəd, ağcaqayın 36 sm diametrində odunluq 1 ədəd olmaqla ümumlikdə 19 ədəd ağacı kəsməsi faktı aşkar olunmuş, bununla bağlı xx.xx.2025-ci il tarixli müvafiq akt tərtib olunmuş və Cavabdeh vurduğu maddi ziyan məbləği hesablanaraq 665,6 (altı yüz altmış beş manat altmış qəpik) manat olduğu müəyyən edilmişdir. Akt əsasında 1 saylı X6 Mərkəzinin əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 25 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh izahatında ağacların onun tərəfindən kəsilmədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı məhkəmədə mübahisələndirməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, 1 saylı X6 X1 15 saylı dolayında müxtəlif cins ağacların kəsilməsi faktına görə 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilindiyindən, Cavabdeh 665,6 (altı yüz altmış beş manat altmış qəpik) manat məbləğində maddi ziyanın tutulması əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş ziyanın əvəzi kimi 665,60 (altı yüz altmış beş manat altmış qəpik) manat məbləğində maddi pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin hesabına ödənilməldir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci və 9.1.14cü maddələrinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 665,6 (altı yüz altmış beş manat altmış qəpik) manat məbləğində ziyan tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin hesabına ödənilməli, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 665,6 (altı yüz altmış beş manat altmış qəpik) manat məbləğində ziyan tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X6 Mərkəzinin hesabına (Bankın adı: X3; kod:210005; müxbir hesab: AZ 41NABZ-********************001; VÖEN: **********; Büdcə səviyyəsinin kodu fond:1; Büdcə təsnifatının kodu: 142330) ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar