Məhkəmə qərarları › İş №e-2(048)-523/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-523/2024

28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-523/2024 28.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X12 Mərkəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X12 Mərkəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində qanunsuz ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 339,17 (üç yüz otuz doqquz manati on yeddi qəpik) manat pul vəsaitinin Cavabdeh2 və 657,65 (altı yüz əlli yeddi manat altmış beş qəpik) manat pul vəsaitinin X3 tutulub 1 saylı X12 Mərkəzinin hesabına ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və 1 saylı X12 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Lerik Meşəbəyliyinin 5 saylı meşə dolayısında aparılan yoxlama zamanı, müxtəlif cins və diametrdə ağacların, kolların kəsilməsi faktı aşkar olunmuşdur. X17 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 996,82 (doqquz yüz doxsan altı manat səksən iki qəpik) manat məbləgində ziyan vurulması müəyyən olunmuşdur. Cavabdeh2 tərəfindən 2 (iki) ədəd ağacların onun tərəfindən kəsilməsi müəyyən olunmuşdur. Cavabdeh2 barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh2 hüquqazidd hərəkətləri nəticəsində X17 339,17 (üç yüz otuz doqquz manat on yeddi qəpik) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli 3-14-27-4/2-037/2024 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o, bundan imtina etmişdir. X2 Meşəbəyliyinin 5 saylı meşə dolayında qanunsuz qırıntılara yol verməsi nəticəsində X17 657,65 (altı yüz əlli yeddi manat altmış beş qəpik) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli, 3-14-27-4/2-072/2024 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X13 iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında iddia tələbini qəbul etməyərək izahatında meşə gözətçisi olan Qəhraman Salmanovun yanında 3 ay müddətində köməkçi kimi işlədiyini, ona hər ay əmək haqqı verəcəyini, meşə gözətçisinin icazəsi ilə odun üçün bir ədəd ağac kəsdiyini, S.Qəhrəmanovun ona əmək haqqından pul borcunun qaldığını, heç bir yerdə işləmədiyini, maddi imkanının olmadığını, S.Qəhrəmanovun onun borclu qaldığı əmək haqqı məbləğini verəcəyi təqdirdə vurulmuş ziyanı ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 16 fevral 2024-cü il tarixli, 84069 nömrəli aktdan görünür ki, Lerik Meşəbəyliyinin 05 saylı dolayında ağacların kəsilməsi barədə Lerik rayonu Günəşli kənd sakini Cavabdeh2 tərəfindən idarəyə daxil olmuş şifahi məlumat araşdırılmışdır. Aparılan araşdırma zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 1 saylı RMTM Lerik Meşəbəyliyinin 05 saylı dolayında Cavabdeh2 göstərdiyi ərazilərə baxış keçirilmişdir. Baxış zamanı dolayda palıd cinsli diametri 8 sm-də 7 ədəd, 12 sm-də 26 ədəd (bunlardan 1 ədədi quru), 16 sm-də 11 ədəd, 20 sm-də 9 ədəd, 24 sm-də 1 ədəd, 28 sm-də 3 ədəd (bunlardan 2 ədədi quru), göyrüş 8 sm-də 4 ədəd, 12 sm-də 2 ədəd, 12 sm-də 2 ədəd, 16 sm-də 2 ədəd, vələs cinsli 8 sm-də 3 ədəd, 16 sm-də 3 ədəd (bunlardan 1 ədədi quru), 20 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd, 36 sm-də 1 ədəd, 40 sm-də 2 ədəd, armud cinsli 20 sm-də 1 ədəd, 24 sm-də 2 ədəd, 28 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd quru, alça cinsli 12 sm-də 1 ədəd, ağcaqayın cinsli 12 sm-də 1 ədəd, 16 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, gilas cinsli 16 sm-də 2 ədəd, azat cinsli 8 sm-də 1 ədəd, 19 sm-də 2 ədəd, fıstıq cinsli 12 sm-də 1 ədəd olmaqla ümumilikdə 94 ədəd ağacların və yemişan cinsli 1 ədəd kolun müxtəlif dövrlərdə kəsilməsi aşkar olunmuşdur. Bunlardan əlavə əraziyə baxış keçirilərkən müxtəlif cinsli 16 ədəd ağacın və 2 ədəd kolun boy artımının və inkişafının dayandırılmasına səbəb olmayacaq səviyyəyə qədər zədələnməsi aşkar olunmuşdur. Aparılmış araşdırma zamanı Cavabdeh2 yazılı izahat verərək ünvan da hər iki tarixdə aparılmış araşdırmadan razı qaldığını bildirmişdir.Eyni zamanda Cavabdeh2 yazılı izahatında özü tərəfindən palıd cinsli diametri 60 sm-də 1 ədəd yaş, fıstıq cinsli diametri 48 sm-də 1 ədəd quru ağacları gözətçinin icazəsi ilə kəsdiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh2 öz kəsdiyi ağacları göstərmişdir. Həmin ağaclara baxış keçirilərkən məlum olmuşdur ki, ağaclardan palıd cinsli diametri 60 sm-də 1 ədəd yaş, fıstıq cinsli diametri 48 sm-də 1 ədəd quru ağacı kəsmişdir. Kəsilmiş ağaclardan fıstıq ağacının aduncağı tam yerində qalmış, palıd ağacının isə 50 faizi aparılmışdır. Məsələ ilə əlaqədar 5 saylı dolayın gözətçisi Cavabdeh1 yazılı izahat verərək ağacların qərəzli kəsildiyini və həmin ağacların şikayətçinin müxtəlif dövrlərdə kəsdiyini bildirmişdir. Eyni zamanda o, bildirmişdir ki, şikayətçilər onun işdə qalıb işləməsini istəmirlər və bu səbəbdən ağacları kəsərək oxlama çağırmışlar. Buna misal olaraq Cavabdeh2 göstərdiyi iki ağacı göstərmişdir. Cavabdeh1 yazılı izahatında bildirmişdir ki, Cavabdeh2 ağac kəsmə ilə bağlı icazə verilməmişdir. Həcm və ziyan cədvəli akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinə əsasən X17 dəymiş kök üstə satış miqdarı ilə zərərin miqdarı 339,17 (üç yüz otuz doqquz manati on yeddi qəpik) manat və 657,65 (altı yüz əlli yeddi manat altmış beş qəpik) manat olmaqla, ümumilikdə 996,82 (doqquz yüz doxsan altı manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 tərəfindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, ünvan da ağacların kəsilməsi barədə məlumat onun tərəfindən telefon vasitəsilə olmuşdur. xx.xx.2024-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə onun tərəfindən göstərilən ərazilərə baxış keçirilmişdir. Baxış zamanı göstərdiyi ağaclar siyahıya alınaraq damğalanmışdır. O, meşə idarəsinin əməkdaşları Qəhrəman və Zaurun sifarişi ilə işləmişdir. Bunun müqabilində həmin şəxslər ona 1 ədəd ağac kəsə biləcəyini bildirmişlər, o da meşədə palıd cinsli diametri 60 sm olan bir ədəd ağacı və quru halda olan 1 ədəd fıstıq ağacını kəsmişdir. O, həmin ağacları 10-15 gün əvvəl kəsmişdir. O, aparılan yoxlamandan narazılığının olmadığını bildirmiş, xx.xx.2024-cü il tarixdə digər əraziləri də yoxlamağı bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X12 Mərkəzinin məsləhətçi müfəttişi X14 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 1 saylı X12 X6 5 saylı dolayında palıd və fıstıq cinsli 2 ədəd ağacların kəsilməsi faktı ilə bağlı Lerik rayonu, Günəşli kənd sakini Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 1 saylı X12 X6 5 saylı dolayında müxtəlif cins 2 ədəd ağacları kəsdiyindən Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan 1 saylı X12 Mərkəzinin Cavabdeh2 ünvanladığı 29 fevral 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə 1 saylı X12 X6 5 saylı dolayında müxtəlif cins 2 ədəd ağacların kəsilməsi faktı ilə bağlı 339,17 (üç yüz otuz doqquz manati on yeddi qəpik) manat məbləğində vurulmuş ziyanın ödənilməsi göstərilmişdir. İş materiallarında olan 1 saylı X12 X1 ünvanladığı 16 aprel 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə 1 saylı X12 X6 5 saylı dolayında müxtəlif cinsli ağacların kəsilməsi faktı ilə bağlı 657,65 (altı yüz əlli yeddi manat altmış beş qəpik) manat məbləğində vurulmuş ziyanın ödənilməsi göstərilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 1 saylı X12 X6 5 saylı dolayında palıd cinsli diametri 8 sm-də 7 ədəd, 12 sm-də 26 ədəd (bunlardan 1 ədədi quru), 16 smdə 11 ədəd, 20 sm-də 9 ədəd, 24 sm-də 1 ədəd, 28 sm-də 3 ədəd (bunlardan 2 ədədi quru), göyrüş 8 sm-də 4 ədəd, 12 sm-də 2 ədəd, 12 sm-də 2 ədəd, 16 sm-də 2 ədəd, vələs cinsli 8 sm-də 3 ədəd, 16 sm-də 3 ədəd (bunlardan 1 ədədi quru), 20 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd, 36 sm-də 1 ədəd, 40 sm-də 2 ədəd, armud cinsli 20 sm-də 1 ədəd, 24 sm-də 2 ədəd, 28 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd quru, alça cinsli 12 sm-də 1 ədəd, ağcaqayın cinsli 12 sm-də 1 ədəd, 16 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, gilas cinsli 16 smdə 2 ədəd, azat cinsli 8 sm-də 1 ədəd, 19 sm-də 2 ədəd, fıstıq cinsli 12 sm-də 1 ədəd olmaqla ümumilikdə 94 ədəd ağacların və yemişan cinsli 1 ədəd kolun müxtəlif dövrlərdə kəsilməsi aşkar olunmuşdur. Bunlardan əlavə əraziyə baxış keçirilərkən müxtəlif cinsli 16 ədəd ağacın və 2 ədəd kolun boy artımının və inkişafının dayandırılmasına səbəb olmayacaq səviyyəyə qədər zədələnməsi aşkar olunmuş, müvafiq akt tərtib olunmuş və Cavabdeh2 vurduğu maddi ziyan məbləği hesablanaraq 339,17 (üç yüz otuz doqquz manati on yeddi qəpik) manat və Cavabdeh1 vurduğu maddi ziyan məbləği hesablanaraq 657,65 (altı yüz əlli yeddi manat altmış beş qəpik) manat olduğu müəyyən edilmişdir. Cavabdehlərdən Cavabdeh2 həmin aktla tanış olmuş və həmin aktı imzalamaqdan imtina etmiş, digər cavabdeh isə aktla tanış olmuş və həmin aktı imzalamışdır. Akt əsasında 1 saylı X12 Mərkəzinin əməkdaşı tərəfindən Lerik rayonu, Günəşli kənd sakini Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, daha sonra 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 253.1ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, 1 saylı X12 X6 5 saylı dolayında müxtəlif cins 2 ədəd ağacları kəsməsi faktına görə 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilindiyindən iddia tələbi qismən yəni Cavabdeh2 339,17 (üç yüz otuz doqquz manati on yeddi qəpik) manat məbləğində maddi ziyanın tutulması hissəsində əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, vurulmuş ziyanın əvəzi kimi 339,17 (üç yüz otuz doqquz manati on yeddi qəpik) manat məbləğində maddi pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X12 Mərkəzinin hesabına ödənilməldir. Məhkəmə iddia tələbinin X3 657,65 (altı yüz əlli yeddi manat altmış beş qəpik) manat məbləğində ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, 1 saylı X12 X6 5 saylı dolayında müxtəlif cinsli ağacların kəsilməsi faktına görə akt tərtib olunaraq həmin akt əsasında X4 657,65 (altı yüz əlli yeddi manat altmış beş qəpik) manat məbləğində ziyan vurduğu müəyyən edilsə də, X7 barəsində onun təqsirli bilinməsinə dair hər hansı bir inzibati protokol tərtib olunmamış, eləcə də inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş ziyanın əvəzi kimi 657,65 (altı yüz əlli yeddi manat altmış beş qəpik) manat pul vəsaitinin X3 tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X12 Mərkəzinin hesabına keçirilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci və 9.1.14cü maddələrinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 339,17 (üç yüz otuz doqquz manat on yeddi qəpik) manat məbləğində ziyan tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X12 Mərkəzinin hesabına ödənilməli, Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 339,17 (üç yüz otuz doqquz manat on yeddi qəpik) manat məbləğində ziyan tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X12 Mərkəzinin hesabına (Bankın adı: X8; kod:210005; müxbir hesab: AZ 41NABZ-********************001; VÖEN: **********; Büdcə səviyyəsinin kodu fond:1; Büdcə təsnifatının kodu: 142330) ödənilsin. Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar