Məhkəmə qərarları › İş №e-2(048)-616/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-616/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-616/2025 14.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Cavabdeh tərəfindən ödənilməli olan 150000 (yüz əlli min) manat məbləğində pul vəsaitinin və eyni zamanda həmin vəsaitin gecikdirilmiş 4 illik müddət üçün 5 (beş) faiz (1 il üçün beş faiz olmaqla 150000x5=7500, 2 il üçün 7500x2=15000) 15000 (on beş min) manat olmaqla, ümumilikdə 165000 (yüz altmış beş min) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh xx.xx.2023-cü il tarixində 150000 (yüz əlli min) manat borc vermişdir. Aralarındakı razılaşmaya əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdən 4 ay müddətinə qədər göstərilən məbləği hissə-hissə qaytarmağı öz üzərinə götürmüşdür. Həmçinin, müqavilədə 150000 (yüz əlli min) manat məbləğin 4 ay müddətində ödənilməsi öhdəliyi öz əksini tapmişdır. Lakin cavabdeh 4 ay müddətində borcunu ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2011-ci ildə uzaq qohumu olan X3 ona Buzovna qəsəbəsində 95 kvadrat metrdən ibarət olan torpağı olduğunu, həmin torpaqda avtoyuma, yağdəyişmə və ticarət obyekti tikmək istədiyini, lakin pulu çatmadığı üçün 30000 (otuz min) manat məbləğində borc lazım olduğunu bildirmişdir. O, da Rövşənə güvənərək həmin məbləğdə borc vermişdir. Sonuncu obyekti tikdikdən sonra 2 ay ərzində onun borcunu ödəməyi öhdəsinə götürsə də, 5 il gecikdirməklə ödəməmişdir. Belə olduqda Rövşən ona etibarnamə verməyi, obyekti 80.000 (səksən min) manata satmağı və 30.000 (otuz min) manat borc məbləğini həmin puldan çıxıb yerdə qalan məbləği qaytarmasını təklif etmiş, o da Rövşənin təklifi ilə razılaşmış, bu məqsədlə sonuncu ona etibarnamə vermişdir. Həmin obyektin arxasında ona məxsus oğlu X2 adına olan 10 sot və bələdiyyə sərəncamları ilə onun adına rəsmiləşdirilmiş 9 sot ölçüdə torpaq sahələri olmuşdur. Həmin obyektin və torpaq sahələrinin ilkin sənədləri olsa da, çıxarışları yoxdur. O, obyekti 400 (dörd yüz) manata kirayə vermişdir. 2017-ci ilin dekabr ayında həmin obyekti satmaq üçün obyektə çıxarış almaq qərarına gəlmişdir. O, həmin vaxt xəstə olmuş, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkmiş, müalicə üçün İrana getməyi planlaşdırmışdır. Evində qalmaqla onun ailəsinin üzvünə çevrilən Cavabdeh ona dostu Asif adlı şəxsin rəsmiləşdirmə işlərindən yaxşı başı çıxdığından həmin obyektin çıxarışının alınması üçün sonuncuya etibarnamə verməyini məsləhət görmüşdür. Həmin ərəfədə Cavabdeh, Vüsal adlı şəxs ilə obyektə baxmağa gəlmiş və Cavabdeh onu Vüsal adlı binaların tikintisi üçün beton işi ilə məşğul olan bir nəfər ilə tanış etmişdir. Vüsal torpaq ilə birlikdə obyektə 170.000 (yüz yetmiş min) manat pul verə biləcəyini, lakin torpağın və obyektin çıxarışlarının da alınmalı olduğunu bildirdikdə, o, sonuncuya “mənə 80.000 manat pul ver, obyekti özünə götür, neçəyə satırsan sat” demiş, üçü arasında əldə olunan razılığa əsasən torpağın və obyektin sənədlərini çıxarış alınması üçün Ramilin dediyinə görə bu işləri həll edə bilən Asifə təqdim etmiş və 14 dekabr 2017-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən notariat kontorunda o, Asif adlı şəxsə 10 gün müddətinə mülki etibarnamə vermişdir. Onlar 10 gün müddətində həmin obyekti sənədləşdirib çıxarışı ona təqdim etdikdən sonra obyekti sataraq 80.000 (səksən min) manat pul verməyi öhdələrinə götürmüşlər. O, obyektin sənədlərini Asif adlı şəxsə vermiş, lakin 10 gün keçdikdən sonra Ramil ilə Vüsal ona müxtəlif bəhanələr gətirərək obyekti alan şəxsin hələ pulu düzəltmədiyini, buna görə də bir az gözləməli olduğunu bildirmişlər. 20-25 gün keçməsinə baxmayaraq, Asifdən xəbər çıxmamış, hər gün səbrli olmasını deyərək çıxarışın tez bir zamanda hazır olacağını, ərizə verib nəticəni gözlədiklərini bildirmişlər. O, etibarnamənin müddəti bitdiyindən obyekti sata bilməyəcəklərini düşünmüşdür. O, obyektin ilkin sənədlərini istədikdə sənədləri ona verməyərək gözləməli olduğunu demişlər. 2018-ci ilin yanvar ayının 15-16-da həmişə olduğu kimi icarə haqqını almaq üçün oğlu Nurəli həmin obyektə getdikdə sonuncuya obyektin Şirin adlı şəxsə satıldığını bildirmişlər. O, Şirin adlı şəxslə telefonla əlaqə saxlamış, telefon danışığı zamanı Şirin adlı şəxsə obyektin satılmasının mümkün olmamasını və həmin obyektə çıxarış alınması üçün 10 günlük etibarnamə verdiyini izah etmişdir. Şirin isə obyekti Vüsal adlı şəxsdən 100.000 (yüz min) manata aldığını, bunun üçün Asif və Ramilin iştirakı ilə Vüsal adlı şəxsə 96.000 (doxsan altı min) manat pul verdiyini və 4.000 (dörd min) manat borclu qaldığını bildirmişdir. O, Şirinə həmin 4000 (dörd min) manatı onun özünə verməyini demiş, sonuncu 2018-ci ilin mart ayında Vüsal ilə birlikdə gələrək ona 4.000 (dörd min) manat pul vermişdir. Sonradan Asifin həmin obyektə çıxarış alaraq rəsmi qaydada Şirinə satıldığını öyrənmişdir. Vüsal və Ramillə bu barədə danışdıqda, sonuncular ona pulun yarısını xərclədiklərini, yarısına isə ev aldıqlarını deyərək 76.000 (yetmiş altı min) manat pulu tez bir zamanda qaytaracaqlarını bildirmişlər. Cavabdeh onu əmin edərək obyektin satılması nəticəsində əldə olunmuş pulu qaytaracağını demişdir. X3 isə ondan 50.000 (əlli min) manat məbləğində pulu təkidlə tələb etmişdir. Belə ki, Rövşən Rzayevin oğlunun xəstəliyinin müalicəsi ilə əlaqədar pula ehtiyacı olduğundan və həmin pulu ona verə bilmədiyindən aralarında narazılıq yaranmışdır. X4 pulunu vermək üçün isə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 massivində çıxarışla öz adına olan 25 sot torpağını satmaq qərarına gəlmişdir. Həmin torpaq sahəsi ilə bağlı da Ramil digər şəxslərlə əlbir olaraq onu aldatmışdır. Həmin torpaq sahələrini Ramil 45500 manata satmış, eləcə də həmin torpaq sahələrinin sənədləşdirilməsi üçün 25000 manat pulu da Ramilə vermiş, lakin Ramil həmin pulları ona qaytarmamışdır. Daha sonra Ramil pulları qaytarmadığından ona 150.000 (yüz əlli min) manat borcunun olması və həmin borcu 4 ay müddətinə qaytaracağı barədə qəbz imzalamışdır. Lakin həmin müddətdən uzun vaxt keçməsinə baxmayaraq Ramil ona ödəməli olduğu pulu qyatarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil Ağlar oğlu iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil Ağlar oğlu məhkəməyə ərizə ilə müraciət edərək digər məhkəmədə iclası olduğundan hazırki məhkəmə iclasında edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiklərini, onların iştirakı olmadan işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh (Seria № AA*******, FİN xxxxxxx) xx.xx.1980-ci il təvəllüdlü Lerik rayonu, Osedərə Sovetliyi doğumlu İddiaçı Höcəd qızına 150.000 (yüz əlli min) manat borclu olduğu pulu xx.xx.2023-cü il tarixdən 4 ay müddətinə qədər göstərilən məbləği hissə-hissə qaytarmaq şərti ilə tam məsuliyyəti ilə qaytarmaq şərti ilə öz üzərinə götürdüyünü, əgər göstərilən məbləği 4 ay müddətində ödəməsə tam məsuliyyəti ilə Azərbaycan Respublikası prosedur qanunlarına uyğun olaraq cavab verməyə hazır olduğunu qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 454,32 (dörd yüz əlli dörd manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzə əsasən Cavabdeh İddiaçı borclu olduğu 150.000 (yüz əlli min) manat məbləğində pulu 4 ay müddətində qaytarmağı öhdəsinə götürsə də, hazırki vaxtadək borcu qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış qəbzdə qeyd olunduğu kimi, qaytarmalı olduğu pul vəsaitini tam həcmdə xx.xx.2023-cü il tarixədək qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün, həmin qəbz üzrə ödənilməmiş 150.000 (yüz əlli min) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, eyni zamanda, iddia tələbinin borc məbləğinə illik hesablanmış 5% dərəcəsində pul vəsaitinin tutulması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmayaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə qaytarmalı olduğu 150.000 (yüz əlli min) manat pulun xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (17 ay) gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla, yəni 10625 (on min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğundan məhkəmə xərclərinə aid edilən ödənilmiş 454,32 (dörd yüz əlli dörd manat otuz iki qəpik) manat dövlət rüsumunun 450,62 (dörd yüz əlli manat altmış iki qəpik) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 3,7 (üç manat yetmiş qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 150000 (yüz əlli min) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün 5% dərəcəsində hesablanmış olan 10625 (on min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti, cəmi 160625 (yüz altmış min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 450,62 (dörd yüz əlli manat altmış iki qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumunun 3,7 (üç manat yetmiş qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 150000 (yüz əlli min) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün 5% dərəcəsində hesablanmış olan 10625 (on min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti, cəmi 160625 (yüz altmış min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 450,62 (dörd yüz əlli manat altmış iki qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar