Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-689/2025 12.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin - Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC - Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8515,3 (səkkiz min beş yüz on beş manat otuz qəpik) manat əsas borc, 671,64 (altı yüz yetmiş bir manat altmış dörd qəpik) manat faiz borcu və 68,35 (altmış səkkiz manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 9255,29 (doqquz min iki yüz əlli beş manat iyirmi doqquz qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 112,96 (yüz on iki manat doxsan altı qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla “Unibank KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “ Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış heab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, illik 18,5% olmaqla istehlak məqsədləri üçün 9100 manat nağd kredit (komissiya 187 manat, aylıq ödəniş hər ayın 21-i 234 manat) məbləği iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 4783nkLKNb/23). Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən “Müştəri” kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 05 fevral 2025-ci il tarixində AMEA-nın Lənkaran regional Elm Mərkəzinin direktoru M.Əliyev qanunsuz və əsassız olaraq onu elmi işlər üzrə direktor müavini vəzifəsindən əmək məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad etmişdir. Artıq 6 aydan çoxdur ki, işsizdir. Heç bir maddi gəliri yoxdur. Ailənin yeganə işləyən üzvüdür. Himayəsində azyaşlı məktəbli övladları vardır. İşsiz qaldığı üçün "xxxx"a olan borcunu ödəyə bilməmişdir. Hüquqlarının bərpası ilə bağlı Lənkaran Rayon Məhkəməsinə müraciət etmiş, onun işə bərpa olunması ilə bağlı xeyrinə qətnamə çıxarılmışdır. Lakin hələ işə bərpa olunmadığından banka olan borcunu ödəyə bilməmişdir. Bu müddət ərzində bankın ayrı-ayrı əməkdaşları tərəfindən onun ailə üzvlərinə eləcə də, qohumlarına müxtəlif telefon nömrələrindən gün ərizində bir neçə dəfə zəng olunaraq borc tələb olunmuşdur. Onlara işsiz olduğunu bildirsə də, heç bir nəticəsi olmamışdır. Hazırda maddi imkanı olmadığından məhkəmə iclaslarında iştirak edə bilmir. İşə bərpa olunduqdan sonra banka olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürür. İştirakı olmadan məhkəmə qətnaməsinin qəbul olunmasını, faiz borclarının silinməsini və bank əməkdaşlarının qeyri-qanuni əməlləri ilə bağlı tərbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə hazırlıq və baxış iclaslarının iştirakları olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə illik 18,5% olmaqla istehlak məqsədləri üçün 9100 manat nağd kredit (komissiya 187 manat, aylıq ödəniş hər ayın 21-i 234 manat) məbləği iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 4783nkLKNb/23). İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, cavabdeh ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 8515,3 (səkkiz min beş yüz on beş manat otuz qəpik) manat əsas borc, 671,64 (altı yüz yetmiş bir manat altmış dörd qəpik) manat faiz borcu və 68,35 (altmış səkkiz manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 9255,29 (doqquz min iki yüz əlli beş manat iyirmi doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən 8515,3 (səkkiz min beş yüz on beş manat otuz qəpik) manat əsas borc, 403,88 (dörd yüz üç manat səksən səkkiz qəpik) manat faiz borcu və 28,51 (iyirmi səkkiz manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 8947,69 (səkkiz min doqquz yüz qırx yeddi manat altmış doqquz qəpik) manat vəsaiti 3 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan Cavabdeh xx.xx.2023-cü il tarixli kredit ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 8515,3 (səkkiz min beş yüz on beş manat otuz qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 671,64 (altı yüz yetmiş bir manat altmış dörd qəpik) manat məbləğində faiz borcunun tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu (xəbərdarlıq) göndərərək cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı "xxxx" KB ASC tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğv etmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il il tarixli bildirişlə borcun ödənilməsi və müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Məhkəmə iddia tələbində göstərilən “68,35 (altmış səkkiz manat otuz beş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 8515,3 (səkkiz min beş yüz on beş manat otuz qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 68,35 (altmış səkkiz manat otuz beş qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədə uyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 112,96 (yüz on iki manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun 109,49 (yüz doqquz manat qırx doqquz qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 3,47 (üç manat qırx yeddi qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 8515,3 (səkkiz min beş yüz on beş manat otuz qəpik) manat əsas borc, 403,88 (dörd yüz üç manat səksən səkkiz qəpik) manat faiz borcu və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 8949,18 (səkkiz min doqquz yüz qırx doqquz manat on səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 109,49 (yüz doqquz manat qırx doqquz qəpik) manat hissəsi tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 3,47 (üç manat qırx yeddi qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 8515,3 (səkkiz min beş yüz on beş manat otuz qəpik) manat əsas borc, 403,88 (dörd yüz üç manat səksən səkkiz qəpik) manat faiz borcu və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 8949,18 (səkkiz min doqquz yüz qırx doqquz manat on səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 109,49 (yüz doqquz manat qırx doqquz qəpik) manat hissəsi tutularaq tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-689/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-689/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver