Məhkəmə qərarları › İş №e-2(048)-786/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-786/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-786/2025 01.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nömrəli avtomobillə bağlı 11370 (on bir min üç yüz yetmiş) manat məbləğində pulun, 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun və 1000 (min) manat vəkilə yardım üçün ödənilmiş xərcin, ümumilikdə 12495 (on iki min dörd yüz doxsan beş) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.2025-ci il tarixdə Cavabdeh2 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nömrəli avtomobili baş etibarnamə yolu ilə 9800 manata almışdır. Cavabdeh2 “Mobil Notariat” tətbiqi vasitəsilə həmin tarixdə onun adına həmin avtomobilə dair baş etibarnamə vermişdir. O, avtomobillərin alqı-satqısı ilə məşğul olur və həmin avtomobili də cavabdehdən satmaq məqsədilə almışdır. Bu səbəbdən də əlavə xərcə düşməməsi üçün avtomobili öz yaxınlarının adına keçirməmişdir. O, 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nömrəli avtomobili aldıqdan sonra avtomobili saz vəziyyətə gətirmək üçün bir sıra xərclər çəkmişdir. Çəkilən xərclərə dəmirçi işi - 100 AZN, rəngsaz - 600 AZN, avtomobilin ön şüşəsi - 140 AZN, razval - 10 AZN, maşının diaqnostika edilməsi - 10 AZN, əlavə maşına aldıqları - 130 AZN, sığorta xərci - 90 AZN , çaşka feredo - 150 AZN, kimyəvi təmizləmə - 50 AZN, texniki baxış - 100 AZN, sükan mexanizmi - 100 AZN, avtomobili cilalama - 50 AZN, avtomobilin arxa fırçası - 10 AZN, əyləc suport rənglənməsi - 10 AZN, ehtiyyat hissə - 20 AZN olmaqla ümumilikdə avtomobili saz vəziyyətə gətirmək üçün çəkilən xərclər 1570 manat təşkil edir. Hazırki iş üzrə Cavabdeh1 Lerik Rayon Məhkəməsində digər Cavabdeh2 qarşı əmlak bölgüsü tələbinə dair iddia qaldırmış, həmçinin onun ərizəsi əsasında Lerik Rayon Məhkəməsinin e-16(048)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. O, dəfələrlə Cavabdeh2lə əlaqə saxlayaraq həyat yoldaşı ilə aralarında olan münasibətləri öz aralarında həll etməyi və ona satılan avtomobilə dair iddiaların geri çəkilməsini və avtomobil üzərindən həbsin götürülməsini yaxud da çəkilən xərclər nəzərə alınmaqla pulun geri qaytarılmasını xahiş etsə də, cavabdeh hər dəfə işin müsbət həll ediləcəyinə dair vədlər versə də, heç bir müsbət nəticə hasil olmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlarla bağlı cavabdehlə aralarında telefon danışıqları, səs yazmalar vardır. O, avtomobili cavabdehdən 9800 manata almış, onun təmirinə, sığortasına və texniki baxışına 1570 manat xərcləmiş, bundan əlavə hazırki iddianın məhkəməyə verilməsi üçün 125 manata dövlət rüsumu ödəmiş, məhkəmədə onun hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və 1000 manat məbləğində xidmət haqqı ödəmişdir. Hesab edir ki, cavabdehlər onun hesabına əsassız varlanmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh2 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nömrəli avtomobili baş etibarnamə yolu ilə 9800 manata almışdır. Cavabdeh2 “Mobil Notariat” tətbiqi vasitəsilə həmən tarixdə iddiaçının adına həmin avtomobilə dair 1 il müddətinə yəni xx.xx.2026-cı il tarixədək baş etibarnamə vermişdir. Qeyd edir ki, iddiaçı avtomobillərin alqı-satqısı ilə məşğul olur və iddiaçı həmin avtomobili də cavabdehdən satmaq məqsədilə almışdır. Bu səbəbdən də əlavə xərcə düşməməsi üçün avtomobili öz yaxınlarının adına keçirməmişdir. İddiaçı 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nömrəli avtomobili aldıqdan sonra avtomobili saz vəziyyətə gətirmək üçün bir sıra xərclər çəkmişdir. Lakin iddiaçı avtomobili satmaq istəyərkən ona bəlli olmuşdur ki, xx.xx.2025-ci il tarixdə həmin avtomobilin üzərinə həbs qoyulmuş, avtomobilin üzərinə həbs qoyulduğu üçün onu satmaq mümkün olmamışdır. Bundan sonra iddiaçı araşdırma aparmış və Cavabdeh1 məhkəmədə Cavabdeh2 qarşı “nikahın pozulması və əmlak bölgüsü” tələbinə dair iddia qaldırması, məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadına əsasən avtomobilin üzərinə həbs qoyulması, eyni zamanda məhkəmə qətnaməsi ilə avtomobilin tərəflər arasında bölünməsi ona məlum olmuşdur. Hesab edir ki, onlar arasında əmlak bölünürsə vəzifələrdə bölünməlidir. Hal-hazırda avtomobil iddiaçıdadır və üzərinə həbs qoyulmuşdur. Onlar ya avtomobilin üzərindən həbsin götürülməsi və avtomobilin onlara verilməsini istəyirlər, ya da avtomobilə ödənilmiş pul məbləği, ona çəkilmiş xərclər və məhkəmə xərcləri olmaqla ümumilikdə 12495 (on iki min dörd yüz doxsan beş) manat pul məbləğinin ödənilməsini istəyirlər. Həmin məbləğ ödənildiyi təqdirdə avtomobili geri verə bilərlər. İddiaçı avtomobili Cavabdeh2 9800 manata almış və avtomobili saz vəziyyətə gətirmək üçün 1570 manat xərc çəkmişdir. Avtomobili saz vəziyyətə gətirmək üçün görülən işləri və ödənilən məbləğləri təsdiq edəcək şahidlər və müəyyən işlərlə bağlı qəbzlər var. Avtomobil üzərində mülkiyyət hüququ Cavabdeh2 olmuş, etibarnamə ləğv olunmamış, lakin etibarnamənin müddəti xx.xx.2026-cı ildə bitəcəyindən və ondan sonra heç bir hüquqi əsası olmadığından məhkəməyə müraciət etmişlər. Hazırda maşının üzərində hhəbs olduğundan iddiaçı maşını idarə edə bilmir. Avtomobilin alınması və dəyəri ilə bağlı iddiaçı ilə Cavabdeh2 aralarında telefon danışıqları olmuş, lakin cavabdeh pulu geri qaytarmaqdan imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbində Cavabdeh1 da müştərək qaydada pul tələb edilir. Həmin pul vəsaitinin Cavabdeh1 münasibətdə ondan tələb edilməsi əsassızdır. Məhkəmə tərəfindən avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 hər birinin ½ hissədə payı müəyyən edilsə də, hazırki vaxtadək Cavabdeh2 tərəfindən avtomobilin ½ hisəssinin dəyəri onlara ödənilməmişdir. Cavabdeh1 avtomobilin satılmasından məlumatı olmamış, Cavabdeh2 avtomobili ondan gizli satmış, avtomobil satıldıqdan sonra onun üçün həmin pul vəsaitindən heç nə xərcləməmişdir. Həmçinin 2025-ci ilin yanvar ayının 10-dək Cavabdeh2 Cavabdeh1 məxsus qızılları da götürərək evi tərk etmişdir. Bundan sonra Cavabdeh1 boşanmaq üçün vəkil kimi ona müraciət etmişdir. Həmçinin Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təlikfdən görünür ki, tərəflərin münasibəti mart-aprel aylarından çox daha əvvəldən pozulmuşdur. Göstərilənləri nəzərə alaraq Cavabdeh1 münasibətdə hüquqların pozulmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o avtomobili “Turbo.az” saytında 12000 manata satışa qoymuş, avtomobillə bağlı dəfələrlə ona zənglər olmuş, lakin razlığa gəlməmişlər. Sonra ailə və xəstəxana xərcləri ilə bağlı təcili pul lazım olduğundan avtomobili daha ucuza yəni 9000 manata etibarnamə ilə iddiaçıya satmış və əlavə olaraq avtomobilə aid 300 manat inzibati cərimələri ödəmişdir. O, avtomobilin satışından əldə etdiyi pul vəsaitini Cavabdeh1 xəstəxana xəclərinə, həmçinin ailə xərclərinə istifadə etmişdir. O, avtomobili satanda həyat yoldaşı ilə aralarında münasibətləri normal olmuş, heç bir mübahisə olmamış, sonradan mart-aprel aylarında münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Bundan əlavə o, izahatında avtomobili iddiaçıya satan zaman avtomobil normal vəziyyətdə olduğunu, hazırda maddi imkanı olmadığından pulu iddiaçıya ödəyə bilməyəcəyini bildirmişdir. Digər Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmədə iştirak edə bilmir, lakin son məhkəmə iclasında onun haqqında deyilən yalanlar və böhtan onu bu müraciəti etməyə məcbur etmişdir. O, cavabdeh şəxsin xarici görünüşünə aldanmamağı, məhkəməyə çıxarkən geyindiyi görkəminin onun gündəlik görünüşünü əks etdirmədiyini, bunun səbəbinin də cavabdeh şəxsin özünü kasıb göstərmək istəməsi olduğunu bildirmişdir. Məsələnin əsas məqamına toxunduqda qeyd etmək istəyir ki, cavabdeh şəxs xx.xx.2025-ci il tarixdə səhər saatlarında digər qadınla ünsiyyət qurduğuna görə boşanmaq istədiyini bildirmiş və yaşadıqları evi tərk etmişdir. Həmin gün o, işdən qayıtdıqdan sonra Füzulinin evdə olmadığını aşkar etmişdir. xx.xx.2025-ci il tarixdə o, yenidən işə getmiş və evə gəldikdə əşyalarını (hətta ona verilən qızıl hədiyyələri) yığıb apardığını aşkar etmişdir. Bundan sonra o, bir həftə xəstə olmuşdur. xx.xx.2025-ci il tarixdə boşanmaq üçün o, tanıdığı iki vəkilə müraciət etmiş və mediasiya prosesi üçün sənədlər göndərmişdir. O, mediasiya ilə məşğul olduğu zaman cavabdeh şəxs nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə satmışdır. Cavabdeh şəxsin verdiyi məlumata görə o, maşını satıb və bütün pulları onun müalicəsinə xərcləmişdir. Qeyd etmək istəyir ki, bu yalandır. Bəli, uşağın olması üçün o və cavabdeh şəxs müalicə almışlar. Cavabdeh şəxsdə ikinci və üçüncü dərəcəli varikosel aşkar olunmuş və əməliyyat keçirilmişdir. Lakin boşanmaya səbəb bu olmamışdır (öncə qeyd etdiyi kimi digər qadın olmuşdur). Onun ginekoloqu tərəfindən təqdim edilən arayışdan göründüyü kimi o yanvarın əvvəlində aktiv müalicə almış və əməliyyat olunmuşdur. Lakin bütün müalicələr boşanma qərarından sonra dayandırılmış və o son yoxlanış üçün xx.xx.2025-ci il tarixində qəbula getmişdir. Belə ki, bütün dediklərinin nəticəsi odur ki, cavabdeh şəxs xx.xx.2025-ci il tarixdə evi tərk etmiş, xx.xx.2025-ci il tarixdə maşını satmış və özünə yeni maşın almışdır. Nəqliyyat vasitəsindən əldə olunan heç bir vəsait onun müalicəsinə xərclənməmiş, evdə və ya bankda heç bir pul saxlanılmamışdır. Qeyd etmək istəyir ki, cavabdeh şəxs həmişə ondan az maaş almışdır. Həmin nəqliyyat vasitəsini almaq üçün o, öz adına 14000 manat istehlak krediti götürüb almışdır. Bu günə kimi də o, həmin krediti ödəyir. Qeyd etmək istəyir ki, cavabdeh şəxs satış meneceri vəzifəsində işləyir və həmin vəzifədə maşınının olması mütləqdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş BD345897 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı, SB1KC20E60E012314 ban nömrəli, **-DG-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” minik markalı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Mobil Notariat” tətbiqi vasitəsi ilə elektron qaydada rəsmiləşdirilmiş etibarnamədən görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək (1 il müddətinə) “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, ipotekaya qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq kimi səlahiyyətləri İddiaçı vermişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 16(048)-5/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadından görünür ki, mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Cavabdeh2 mülkiyyətində olan 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, **-DG-*** dövlət qeydiyyat nömrəli amtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-531/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 – Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası qismən təmin edilərək 2005-ci il buraxılışlı, SB1KC20E60E012314 ban nömrəli, **-DG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı avtomobilə iddiaçı Cavabdeh1 və Cavabdeh2 payları bərabər hesab edilməklə hər birinin ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-377/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və 2068 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Regional Vəkil Bürosunun 30 iyul 2025-ci il tarixli, 346112 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün 30 iyul 2025-ci il tarixdə 1000 (min) manat məbləğində pulu Vəkil1 ödəmişdir. İş materiallarında olan Cavabdeh1 olan watsap yazışmalarından görünür ki, Cavabdeh1 11 yanvar 2025-ci il tarixdə boşanmaya görə təklif göndərilməsi üçün mediasiya təşkilatının nümayəndəsinə müraciət etmişdir. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh2 “nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş maşının bölünməsi” barədə təklif göndərilmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan İddiaçı Cavabdeh2 arasında videogörüntü ilə qeydə alınmış telefon danışıqlarına tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı İddiaçı Cavabdeh2 etibarnamə ilə aldığı “Toyota Corolla” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzrərinə həbs qoyulduğunu bildirdiyi, maşını qaytarmaq istədiyi və ödədiyi 9800 manat məbləğində pulun ona qaytarmasını bildirdiyi, Cavabdeh2 isə avtomobili qaytarmaq üçün satmadığını, həmin pul vəsaitini qaytarmağa maddi imkanının olmadığını, Səxavətdən onu narahat etməməsini, nəqliyyat vasitəsinin adına keçirməməsinin günahkarının onun olmasını, keçmiş həyat yoldaşı ilə münasibətlərinin olmadığını bildirdiyi müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Corolla” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin avtomobil Cavabdeh2 tərəfindən 24 yanvar 2025-ci il tarixli etibarnaməyə əsasən İddiaçı idarəçiliyinə verilmişdir. İddiaçıla Cavabdeh2 arasında olan şifahi razılığa əsasən avtomobilə görə İddiaçı Cavabdeh2 pul vermiş, lakin həmin şəxslər arasında avtomobilin alqı-satqısına dair müvafiq müqavilə bağlanmamışdır. Bununla da, onların arasında olan alqı-satqıya dair şifahi razılaşma heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqd olmuşdur. Daha sonra Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(048)- 531/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 2005-ci il buraxılışlı, SB1KC20E60E012314 ban nömrəli, **-DG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı avtomobil Cavabdeh1 ilə Cavabdeh2 birgə nikah dövründə əldə edildiyindən onların payları bərabər hesab edilməklə hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Belə olan halda, İddiaçı əhəmiyyətsiz əqd üzrə Cavabdeh2 verdiyi pulu geri tələb etmək hüququ, sonuncunun isə həmin pulu İddiaçı qaytarmaq öhdəliyi əmələ gəlmişdir. Məhkəmə qaytarılacaq pulun məbləği ilə bağlı qeyd edir ki, Cavabdeh2 məhkəmə iclasında iştirak etdiyi zaman izahatında “avtomobili İddiaçı 9000 (dooquz min) manata satdığını qeyd etsə də, Cavabdeh2 buna dair məhkəməyə hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmiş, əksinə məhkəmə iclasında diskdə olan İddiaçı Cavabdeh2 arasında videogörüntü ilə qeydə alınmış telefon danışıqlarına tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı İddiaçı Cavabdeh2 etibarnamə ilə aldığı “Toyota Corolla” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzrərinə həbs qoyulduğunu bildirdiyi, maşını qaytarmaq istədiyi və ödədiyi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulun ona qaytarmasını bildirdiyi, Cavabdeh2 isə avtomobili qaytarmaq üçün satmadığını, həmin pul vəsaitini qaytarmağa maddi imkanının olmadığını, Səxavətdən onu narahat etməməsini, nəqliyyat vasitəsinin adına keçirməməsinin günahkarının onun olmasını, keçmiş həyat yoldaşı ilə münasibətlərinin olmadığını bildirdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobilə görə ödənilmiş 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməldir. Məhkəmə, iddiaçının iddia tələbinin “avtomobili saz vəziyyətə gətirmək üçün çəkdiyi xərclərə görə 1570 manat pulun əvəzinin tutulması”na dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı buna dair məhkəməyə hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “avtomobillə bağlı pul məbləğinin Cavabdeh1 da tutulmalı olması” hissəsinə qiymət verərək qeyd edir ki, “Toyota Corolla” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Cavabdeh2 tərəfindən satılmış, Cavabdeh1 bundan məlumatı olmamış, avtomobil satılmamışdan əvvəl Cavabdeh1 Cavabdeh2 münasibətləri pozulmuş, Cavabdeh1 boşanma tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün vəkilə müraciət etmiş, Cavabdeh2 izahatında avtomobilin satışından əldə olunan pul vəsaitinin Cavabdeh1 xəstəxana xərclərinə sərf olunmasını bildirsə də, buna dair məhkəməyə hər hansı bir tutarlı və mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış müraciətindən də görünür ki, Cavabdeh2 xx.xx.2025ci il tarixdə səhər saatlarında digər qadınla ünsiyyət qurduğuna görə boşanmaq istədiyini bildirdiyini və yaşadıqları evi tərk etdiyini, həmin gün o, işdən qayıtdıqdan sonra Füzulinin evdə olmadığını aşkar etdiyini, xx.xx.2025-ci il tarixdə onun yenidən işə getdiyini və evə gəldikdə F,Quliyevin özünə məxsus əşyalarını yığıb apardığını aşkar etdiyini, bundan sonra xx.xx.2025-ci il tarixdə boşanmaq üçün o, tanıdığı vəkilə müraciət etdiyini və mediasiya prosesi üçün sənədlər göndərdiyini qeyd etmişdir. Göstərilənləri nəzərə araraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Bundan əlavə, işin materiallarından görünür ki, Cavabdeh2 tərəfindən avtomobil İddiaçı etibarnamə ilə satıldığından və həmin etibarnamə də xx.xx.2026-cı il tarixdə qüvvədən düşəcəyindən həmin tarixdən sonra avtomobilin iddiaçının qanunsuz sahibliyində olması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə verə bilər. Əmlakın etibarnaməli idarəçiliyinə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiliyinə keçməsinə səbəb olmur, o əmlakı mülkiyətçinin və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi naminə idarə etməlidir. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək ixtiyarı vardır. - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. - 365.1.3-ci maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsi ilə nəticələnir. Məhkəmə işin araşdırılmış hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nömrəli avtomobil hazırda iddiaçının sahibliyində olması faktı öz təsdiqini tapdığından həmin avtomobil İddiaçı alınaraq mülkiyyətçisinə qaytarılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin iddiaçının avtomobilə görə ödədiyi məbləğin geri qaytarılmasını tələb etməsini də nəzər alır. Başqa sözlə, iddiaçı tərəf avtomobilin qaytarılmasına bir növ etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 118 (yüz on səkkiz) manat hissəsi Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 1000 (min) manat hüquqi xidmət xərclərinin tutulmasına dair hissə üzrə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən normanın məzmununa əsasən məhkəmə edir ki, vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləği müəyyən edilərkən həmin bölgədə həmin kateqoriya işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, vəkilin iştirak etdiyi (vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi və s. nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici vəkilə göstərdiyi yardıma görə xərclərin digər tərəfdən tam deyil, müəyyən hallar nəzərə alınmaqla yalnız ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təsbit etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hüquqi xidmət xərclərinin 500 (beş yüz) manat məbləğində olmasını ağlabatan hesab etdiyindən bu məbləğin də Cavabdeh2 tutularaq İddiaçı verilməli olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 9800 (doqquz min səkkiz yüz) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 118 (yüz on səkkiz) manat hissəsi və hüquqi xidmət haqqının 500 (beş yüz) manat hissəsi olmaqla, cəmi 10418 (on min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh2 mülkiyyətində olan 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı alınaraq Cavabdeh2 qaytarılmalı, pulun tutulması avtomobilin qaytarılması ilə eyni vaxtda icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 9800 (doqquz min səkkiz yüz) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 118 (yüz on səkkiz) manat hissəsi və hüquqi xidmət haqqının 500 (beş yüz) manat hissəsi olmaqla, cəmi 10418 (on min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh2 mülkiyyətində olan 2005-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, ** DG *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı alınaraq Cavabdeh2 qaytarılsın. Pulun tutulması avtomobilin qaytarılması ilə eyni vaxtda icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar