Məhkəmə qərarları › İş №e-2(048)-92/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-92/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-92/2025 05.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə dəymiş 765 (yeddi yüz altmış beş) manat məbləğində zərərin əvəzinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin printerlərinə texniki xidmət göstərən Cavabdeh özünü etibarlı insan kimi göstərmiş və hüquqşünas X2 ilə daim şirkətin printerləri ilə bağlı ünsiyyətdə olmuş, onun və bir çox işçilərin güvənini qazanmışdır. O, printerlərə texniki xidmət göstərməklə yanaşı həm də ölkəyə reklam sahəsinə aid printerlərin və müxtəlif avadanlıqların gətirilməsi ilə də məşğul olmuşdur. 2024-cü ilin may ayında Cavabdeh şirkətin “FunSun” markalı printerinin əsas ehtiyat hissələrindən biri olan “Epson XP-600” markalı çap başlığı adlı ehtiyat hissəsini 15 (on beş) gün ərzində qaytaracağı vədini verərək borc olaraq Vüqar Abbaslıdan götürmüşdür. Lakin vəd edilən müddət keçdikdən sonra ondan ehtiyat hissəsinin geri qaytarılması tələb edilsə də, Cavabdeh müxtəlif bəhanələr gətirmiş, nə ehtiyat hissəsini, nə də ki onun dəyərini geri qaytarmamışdır. Cavabdeh çap başlığını götürdüyü gündən təqribən 3 (üç) ay sonra xx.xx.2024-cü il tarixdə eyni model ehtiyat hissəsini (çap başlığını) lakin işlənmiş və tam yararsız bir məhsulu şirkətə göndərmişdir. Ona zəng edilərək məhsulun yararsız olduğu bildirildikdə, o cavabında məhsulun xaricdən gələrkən gömrükdə və ya yolda baş verdiyini və bundan xəbəri olmadığını bildirmişdir. Bu zaman onun niyyətinin aldatmaq olduğu aydın formada onlara məlum olmuşdur. Onun bu əməli ilə bağlı Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Cavabdeh polis şöbəsində verdiyi izahatda yuxarıda qeyd olunanları etiraf etmişdir. İddiaçı MMC-yə Cavabdeh tərəfindən 765 manat (yeddi yüzaltmış beş) manat dəyərində ziyan vurulmuşdur. Daha sonra printerin çalışması üçün yuxarıda qeyd edilmiş həmin ehtiyat hissəsinin (çap başlığı) əldə edilməsi zərurəti yaranmış və bununla bağlı olaraq "xxxx" MMC (satıcı) ilə şirkət arasında 05 noyabr 2024-cü il tarixli, MC-49/24 saylı müqavilə imzalanmış və nəticədə 765 (yeddi yüz altmış beş) manat satıcıya ödənilərək “Epson XP 600” markalı ehtiyat hissəsi alınmışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-1082/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fərid Rəhimov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmiş, maraqlı tərəfə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin Qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X2 ərizə ilə 18-ci PŞ-yə müraciət edərək, 2024-cü ilin may ayında ünvan 2 ünvanında yerləşən İddiaçı reklam şirkətinin ofisində əvəllər tanıdığı Cavabdeh dəyəri 470 manat olan “Epson XP-600” markalı printer başlığını ondan götürərək, ya həmin detalı qaytaracağını, ya da pulunu qısa zamanda ödəyəcəyinə söz versə də, indiyədək vədinə əməl etməyərək, əmlakını dələduzluqla ələ keçirdiyini bildirmişdir. Material üzrə izahatı alınmış vətəndaş Cavabdeh göstərmişdir ki, X1 2 ilə yaxındır tanıyır və öz printer ustası olduğu üçün Vüqar onun müştərisi olmuş və beləliklə tanışlığı yaranmışdır. 2024-cü ilin may ayında V.Abbaslının işlədiyi ünvan 2 ünvanında yerləşən İddiaçı reklam şirkətinin ofisinə printer təmiri üçün getmiş və orada təmir işləri aparmışdır. Təmir zamanı «Epson XP-600» markalı printerin başlığını dəyişmişdir. Orada Vüqar ona öz printerində printer başlığını dəyişdiyini, lakin printerin düzəlmədiyini demşidir. O, Vüqara nasazlığın başqa detalda olduğunu bildirmişdir. Həmin zaman printerə qoyulmuş printer başlığını çıxarıb, Vüqarın əvvəlki printer başldığını printerə quraşdırmış və printerdən çıxan başlığı Vüqarın özünə vermiş və digər təmir işlərini bitirdikdən sonra ordan getmişdir. Təxminən bir həftə sonra müştərilərdən birinin printer başlığı yararsız hala düşdüyündən, Vüqara müraciət edərək, həmin başlığı ondan istəyərək, 3 ay müddətində yeni printer başığı alıb verəcəyini demişdir. Vüqardan almış olduğu printer başlığını müştərinin printerinə quraşdırmışdır. xx.xx.2024-cü il tarixdə Vüqardan götürmüş olduğu printer başlığının eynisini və yenisini Vüqara vermişdir. Vüqar ona zəng edərək, başlıqda cızıqların olmasını demişdir. O, Vüqara həmin başlığın pulunu və ya gözləyəcəyi halda başqasına verə biləcəyini demişdir. Lakin, Vüqar onun dedikləri ilə razılaşmayıb, pulunu tələb etmişdir. O, maddi imkanı olmadığından pulu ödəmək üçün müddət istəsə də, Vüqar onunla razılaşmamışdır. X3 pulunu və ya əməlakını ələ keçirmək niyyətində olmadığını qeyd etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəhbəri (satıcı) ilə İddiaçı MMC-nin rəhbəri (alıcı) arasında bağlanmış MC-49/24 №-li, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, satıcı alıcının sifarişinə əsasən printerlər üçün boya, ehtiyat hissələri, transfer vinil satışını və çap avadanlıqlarına texniki servis işlərini həyata keçirir. İş materiallarında olan "xxxx" MMC-nin rəhbəri (satıcı) ilə İddiaçı MMC-nin rəhbəri (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırma prtokolundan görünür ki, «Epson XP-600» markalı çap başlığı ehtiyat hissəsinin qiyməti 765 (yeddi yüz altmış beş) manat olaraq razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbəri (satıcı) ilə İddiaçı MMC-nin rəhbəri (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətin və malların təhvilş verilməsi barədə aktdan görünür ki, "xxxx" MMC tərəfindən «Epson XP-600» markalı çap başlığı ehtiyat hissəsi İddiaçı MMC-yə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 01/24 nömrəli hesab fakturadan görünür ki, İddiaçı MMC tərəfindən «Epson XP-600» markalı çap başlığı ehtiyat hissəsi üçün "xxxx" MMC-nin hesabına 765 (yeddi yüz altmış beş) manat ödəniş olunmuşdur. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 2024-cü ilin may ayında Vüqar Abbaslının işlədiyi ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-nin ofisindən «Epson XP-600» markalı printer başlığını götürərək, ya həmin detalı qaytaracağını, ya da pulunu qısa zamanda ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Bu səbəbdən X2 ərizə ilə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-yə müraciət etmiş, şöbədə aparılmış araşdırma nəticəsində cinayətin tərkib əlaməti olmadığından cinayət işinin başlanması rədd edilmiş, şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Daha sonra İddiaçı MMC "xxxx" MMC-nin hesabına 765 (yeddi yüz altmış beş) manat ödəniş edərək «Epson XP-600» markalı çap başlığı ehtiyat hissəsini əldə etmişdir. Hazırda İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 765 (yeddi yüz altmış beş) manat məbləğində zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Həmin Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-nin ofisindən «Epson XP-600» markalı printer başlığını götürərək qaytarmaması nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 765 (yeddi yüz altmış beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 765 (yeddi yüz altmış beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar