Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1055/2023 03.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqavilənin ləğv edilməsi və cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4021.82 manat əsas, 948.03 manat faiz, 133.57 manat məbləğində cərimə borcunun, cəmi 5103.42 manat məbləğində borcun və 72 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 29 faiz olmaqla 4450 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişinə əsasən borcluya 36 ay müddətinə illki 29% olmaqla 4450 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2021-ci lil tarixli, 3015 saylı Kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-dən 4450 manat məbləğində nağd pul götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, borclunun İddiaçı ASC-yə əsas borc üzrə 4021.82 manat əsas, 948.03 manat faiz, 133.57 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2022-ci il tarixli hökümət ödəniş portalından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırarkən 72 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş 15 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonun Darquba kəndində doğulmuş Teymurov X1 rayonu, Darquba kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş kredit müqaviləsinin ləğv edilməsi barədə 24 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, tərəflərin mənafeyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, bank tərəfindən ona 36 ay müddətinə 29 % olmaqla 4450 manat kredit verilmişdir. Hazırda Cavabdeh banka 4021.82 manat əsas, 948.03 manat faiz, 133.57 manat məbləğində cərimə borcunun, cəmi 5103.42 manat borcu yaranmışdır. İşin göstərilən halları iş materialları ilə tam təsdiq olunur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, öz tələblərinin və etirazlarının əsası kimi istinad edə biləcəkləri halları sübut edə bilən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 72 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, bununla da iddia tələbinin qanuni əsası yarandığından iddia təmin edilməli və Cavabdeh 4021.82 manat əsas, 948.03 manat faiz, 133.57 manat məbləğində cərimə borcu, cəmi 5103.42 manat məbləğində borcun və 72 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 4021.82 manat əsas, 948.03 manat faiz, 133.57 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 72 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-1055/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1055/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver