Məhkəmə qərarları › İş №e-2(049)-108/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-108/2024

16.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-108/2024 16.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının atırılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının atırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən başlayaraq Cavabdeh ilə birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə əlavə olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 645/2022 saylı qətnaməsi ilə qət edilmiş xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-645/2022 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh arasındakı Lənkəran rayon VVAQ şöbəsində xx.xx.2005-ci il tarixdə 470 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, həmçinin 06 iyul 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından doğulmuş 25 iyul 2005-ci il təvəllüldlü X2 və 10 fevral 2009-cu il təvəllüldlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda ataları Cavabdeh hər ay bir uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X2 18 yaşı tamam olsa da, X1 14 yaşı var. Lənkəran Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 125 manat aliment məbləği uşağı X1 heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh tam ödəməmişdir və hazırda da aliment üzrə böyük məbləğdə borcu vardır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə “Lənkəran-Astara Regional Təhsil İdarəsi”nin xx.xx.2024-cü il tarixli və Azərbaycan Dillər Universiteti PHŞ-in xx.xx.2024-cü il tarixli arayışlarını, eləcə də “ABB”-nın çıxarışını təqdim edib tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, 2022-ci ildə Lənkəran şəhəri 4 nömrəli məktəbdə texniki işçi kimi çalışımaqla ayda 310 manat əmək haqqı almışdır. Hazırda da orada şalışır və 310 manat əmək haqqı alır. 2022-ci ildə iki uşaq üçün aliment almışdır, hazırda böyük qızı yetkinlik yaşına çatdığından, yalnız bir uşağı üçün aliment alır. Qızı tələbədir və tələbə haqqı olaraq təhsil müəssisəsinə 1500 manat məbləğində təhsil haqqı ödəmiş və onun kirayə haqqını da özü ödəyir. Oğlu böyüyüb və onda 6-7 yaşından talasemiya, qan xəstəliyi vardır. Oğlunun geyim və digər xərcləri artmışdır. 2022-ci ildən onun və cavabdehin ailə vəziyyətində hər hansı bir dəyişiklik baş verməmişdir. Cavabdehin həmin vaxt hansı maddi vəziyyətdə olmasını bilmir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclasında məhkəməyə “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirşi”ni təqdim edərək “Şəki” restoranında ofisiant işlədiyini və 315 manat əmək haqqı aldığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında o, əlavə olaraq bildimişdir ki, iki uşağı üçün qət edilmiş cəmi 250 manat alimentdən başqa iddiaçıya alimentin qalıq borcundan da hər ay 50 manat olmaqla, cəmi 300 manat aliment ödəyir. Hazırda isə, borcları olduğu üçün yetkinlik yaşına çatmayan uşağı saxlamaq üçün qət edilmiş 125 manat miqdarından artıq aliment ödəmək iqtidarında deyil. 2022-ci ildə aliment qət edildiyi zaman plastik qapı və pəncərə hazırlama sexində işləyərək ayda 300-500 manat arası qazanc əldə etmişdir. O vaxta nicbətdə hazırda qazancı aşağı düşmüşdür. Böyük qızı yetkinlik yaşına çatmış və tələbə olaraq Bakı şəhərində təhsil alır. Onun qızının təhsil xərclərini ödəmək imkanı yoxdur. 2022-ci ildən bu günədək özünün və iddiaçının ailə vəziyətində dəyişiklik baş verməmiş, özünün maddi vəziyyəti əksinə aşağı düşmüşdür. İddianın təmin olunmamasını xahiş etdi. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-645/2022 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında rəsmiləşdirilmiş nikah pozulmuş, 06 iyul 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından doğulmuş 25 iyul 2005-ci il təvəllüldlü X2 və 10 fevral 2009-cu il təvəllüldlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat olaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşə əlavə edilmiş “Lənkəran-Astara Regional Təhsil İdarəsi”nin xx.xx.2024-cü il tarixli 004 nömrəli arayışdan görünür ki, iddiaçı Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə kiçik xidmətedici işləməklə 2023/2024-cü tədris ilində tarifləşmə cədvəli üzrə aylıq hesablanmış əmək haqqı 359 manat təşkil edir. İşə əlavə edilmiş “ABB”-nın çıxarışından görünür ki, iddiaçının aldığı orta aylıq əmək haqqı ortya hesabla 310 manat təşkil eləyir. İşə əlavə edilmiş Azərbaycan Dillər Universiteti PHŞ-in xx.xx.2024-cü il tarixli 08/5021 nömrəli arayışından görünür ki, tərəflərin övladı X4 Universitetin Təhsil 1 fakultəsinin əyani şöbəsinin ödənişli əsaslarla 2-ci kurs tələbəsidir. İşə əlavə edilmiş “MPAY” və “eMANAT” terminallarından edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə naməlum şəxs tərəfindən ayrıayrılıqda 750 manat olmaqla, cəmi 1500 manat təhsil haqqı X2 təhsil aldığı Universitetin hesabına köçürülmüşdür. İşə əlavə edilmiş “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirşi”dən görünür ki, cavabdedh “Şəki” restoranında ofisiant işləməklə aylıq əmək haqqı 345 manat təşkil edir. İşdə olan və cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı həmin sessiyada iştirak edərək 55 manat mediasiya xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının və onun nümayəndəsinin, cavabdehin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş və yuxarıda qeyd olunmuş sənədlərlə işin halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh faktiki olaraq ailə münasibətlərinə daxil olmuş və ailə münasibətlərini xx.xx.2005-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin ailə münasibətləırindən 25 iyul 2005-ci il təvəllüldlü X4 və 10 fevral 2009-cu il təvəllüldlü X3 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, uşaqların boşanmadan sonra iddiaçının yanında qalmaları müəyyən edilmiş və onların saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Uşaqlardan biri hazırda yetkinlik yaşına çatmış və o, tələbə olmaqla ali təhsil müəssisəsində ödənişli əsaslarla əyani şöbədə təhsil alır. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar, onların birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış bir uşaq hazırki vəziyyətdə də iddiaçının yanındadır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı mediasiya prosesində iştirak etməmişdir. İddiaçı cavabdehin bir uşağın saxlanması üçün ona verdiyi 125 manat aliment pulunun hazırki vəziyyətdə uşağın maddi ehtiyaclarını ödəmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, böyük qızının təhsil haqqı olan 1500 manat məbləğində pulu, onun kirayə haqqını ödədiyini və ödəyəcəyini, yetkinlik yaşına çatmayan uşağının xərclərinin böyüdüyünü, onun talasemiya (qan) xəstəsi olduğunu bildirərək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində aşağı düşdüyünü, iki uşağı üçün qət edilmiş alimentlə bərabər alimentdən qalmış qalıq borcunu da ödədiyini və qət olunmuş alimentin miqdarından artıq aliment ödəmək iqtidarında olmadığını bildirir. Cavabdehin və iddiaçının gəlirlərinin miqdarı və mənbəyi məlumdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin və ya onlardan birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Qanunun mənasına görə tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxsin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-645/2022 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını və ya pisləşməsini müəyyən etmək olmasa da, iddiaçının maddi vəziyyəti dəyişməsə də, ailə vəziyyətində dəyişikli baş vermiş və bir uşaq yetkinlik yaşına çataraq valideyn himayəsindən çıxmışdır. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilər. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 02 ilə yaxın müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu hər il artmış, bu müddət ərzində iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, həmin vaxtdan sonra uşağın yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, aliment kimi cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq vəzifəsindən azad etmir. vabdehdən tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının yaşayış minimumu həddində ayda 235 manat miqdarında alimentin artırılması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yalnız bir valideyndən tutulması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulması olardı. Əslində bərabərlik prinsipi əldə rəhbər tutulsa, onda uşağın yaşayış minimumunu təşkil edən 235 manatın yarısını iddiaçı, yarısını isə cavabdeh təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ-ci hissəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Həmin madənin İİİ-cü hissəsinə əsasən isə Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Qeyd olunan maddənin V-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə qeyd edir ki, məhkəmələr notarius funksiyalarını həyata keçirmirlər. Yəni, heç bir araşdırma aparmadan, avtomatik olaraq yalnız uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu əldə rəhbər tutub həmin həddə alimenti qət etməyə borclu deyildir. Əgər yaşayış minimumundan aşağı həddə alimentin qət edİlməsinə qadağa vardırsa, yalnız həmin həddə aliment qət edilməlidirsə, onda bu kategoriyadan olan işlərin məhkəmə araşdırılmasına lüzum qalmazdı. Belə olan halda hər dəfə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu qalxdıqca, avtomatik olaraq uşaqların saxlanılması üçün qət edilən aliment də qalxardı. Lakin, bu kateqoriyadan olan işlərin məhkəməyə verilməsi ona dəlalət edir ki, məhkəmə həmin yaşayış minimumunu əldə rəhbər tutaraq alimentin miqdarını ya yaşayış minimumundan aşağı, ya da ki, yuxarı həddə təyin edə bilər. Belə ki, qanunvericilikdə alimentin miqdarının artırılması nəzərdə tutulduğu kimi, onun miqdarının azaldılması və ya ümumiyyətlə alimenti ödəməkdən azad etmə də nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, aliment qət edildiyi 2022-ci ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu Respublika üzrə 193 manat olmuş, hazırda isə 235 manatdır. Yəni, 2022-ci ilə nisbətdə hazırda həmin minimuimu 42 manat artmışdır. Bu isə 2022-ci ilə nisbətdə 21 % artım deməkdir. 2022-ci ildə iddiaçının xeyrinə bir uşaq üşün qət edilmiş 125 manat məbləğində alimentin 21%-i 26 manat eləyir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödədiyi alimentin miqdarını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin miqdarı müəyyən olunduqdan sonra 02 ilə yaxın müddət keçdiyini, həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olmasını, eyni zamanda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun 2022-ci ilə nisbətdə 21% artdığını nəzərə almaqla, işin digər faktiki hallarına isə xx.xx.2022-ci il tarixli 2(049)-645/2022 nömrəli məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyini müəyyən etməklə uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının 21 %, yəni 26 manat artırılaraq hər ay 151 manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, cavabdehin 345 manat əmək haqqından 345 manatdan həmin 151 manat aliment çıxıldıqda özünə 194 manat qalır. İddiaçının 310 manat əmək haqqının üstünə həmin 151 manat gəldikdə, onun aylıq qazancı 416 manata bərabər olur ki, həmin məbləği də onunla himayəsində olan yetkinlik yaşına çatmayan uşağı arasında bəradər böldükdə, onların hər birinə 230.5 manat düşur. Bu da cavabdehə qalan məbləğdən 36.5 manat artıq deməkdir. Laklin məhkəmə bu xərclərdən başqa iddiaçının, himayəsində olan uşağın məişət və s. işləri ilə məşğul olduğunu nəzərə alaraq hesab edir ki, həmin 36.5 manat ən azından həmin işlərin əvəzi kimi qiymətləndirlməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il Qərarında qeyd edilmişdir ki, “...alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır... Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir...” Daha sonra həmin Qərarda qeyd edilmişdir ki, “Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir... “ Məhkəmə iddiaçının yetkinlik yaşına çatmış uşağının təhsil haqqının və digər ödənişlərinin tələbi, eləcə də yetkinlik yaşına çatmayan uğağı üçün əlavə xərclərin tələbi ilə bağlı qeyd edir ki, ilk əvvəl iddiaçının yetkinlik yaşına çatmış uşağı üçün cavabdehdən əlavə xərc tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, onun qızı yetkinlik yaşına çataraq tam fəaliyyət qabiliyyətlidir. Onun, öz adından həmin tələblə bağlı məhkəməyə müraciət etməyə hüquqi əsası olmasa da, iddia vermək hüququna mallikdir. İddiaçını isə belə bir hüququ yoxdur. Bundan əlavə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur... övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir.” Daha sonra həmin Qərarda qeyd edilmişdir ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.” Məhkəmə qeyd edir ki, valideyn uşağın bütün xəstəliklərə görə deyil, ağır xəstəliklərinə, şikəstliyə görə əlavə xərclərə cəlb oluna bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 01 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1.3cü bəndində ağır xəstəliklərin siyahısı verilmişdir. Bunlar aşağıdakılardır: 1.3.1. müxtəlif etiologiyalı ağır dərəcəli (İİİ-İV dərəcələr) şok; 1.3.2. müxtəlif etiologiyalı koma; 1.3.3. massiv (çoxlu) qanitirmə; 1.3.4. kəskin ürək və ya damar çatışmazlığı; 1.3.5. kəskin böyrək və ya qara ciyər çatışmazlığı; 1.3.6. ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı; 1.3.7. irinli-septik vəziyyət; 1.3.8. daxili üzvlərin infarktı, ətrafların qanqrenası, baş beyin damarlarının emboliyası (hava və piy), tromboemboliya ilə nəticələnən qan dövranı pozuntuları; 1.3.9. həyat üçün təhlükəli olan vəziyyətlərin müştərəkliyi. Göründüyü kimi iddiaçının uşağında olan talasemiya xəstəliyi ağır xəstəliklər siyahısına aid deyildir. 2006-cı ildən bu tip xəstələrə dərmanlar pulsuz verilir. Bundan əlavə, 2022-ci ildə həmin uşağın saxlanılması üçün məhkəmə tərəfindən iddiaçının xeyrinə aliment qət edilən zaman da, iddiaçının uşağı qeyd olunan xəstəliyin daşıyılcısı olmuş və məhkəmə buna baxmayaraq onu saxlamaq üşün 125 manat aliment qət etmiş, iddiaçı isə həmin qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Buna görə də məhkəməı hesab edir ki, iddiaçının cavabdehdən əlavə xərclərin ödənilməsi tələbi əsassızdır. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında eləcə də qeyd edilmişdir ki, “təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.... Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.” Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmış uşağa görə etdiyi xərclərin cavabdehdən tələb etməsinə subyektiv hüququnun olmaması ilə bərabər tələbi özü-özlüyündə əsassızdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 26 manat olması nəzərə alınmaqla, artırılmış miqdar üzrə bir il ərzində ödəmənin məcmusu 312 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 55 manat məbləği iddiaçı özü ödəmişdir. Cavabdeh alimentin miqdarının artırılması ilə bağlı iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək barışıq sazişi bağlamamış, mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iddia tələbi üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 30 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-645/2022 nömrəli qətnaməsinə əsasən tərəflərin xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 125 manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay 151 manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hər ay 151 manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında ödədiyi 55 manat məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar