Məhkəmə qərarları › İş №e-2(049)-1086/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1086/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1086/2023 05.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddiailə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin kiçik iddiaya qarşı etiraz vetdiyindən, iş iddia icraatına keçmişdir. İddiaçı iddiasını onunla əısaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2021-ci il tarixli PRL-148-0098-21 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, 1899 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 414.36 manat əsas borc, 60 manat cərimə borcu, cəmi 474.36 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Sadalanları nəzərə alaraq cavabdeh ilə aralarında bağlanmış 31 iyul 2021-ci il tarixli PRL-148-0098-21 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 414.36 manat əsas borc, 60 manat cərimə borcu,cəmi 474.36 manat, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, o, 2-ci X1 və 2ci qrup əlildir. Döyüşlərdə göstərdiyi igidliyə görə Dövlət tərəfindən orden və medallarla təltif olunmuş, Ali Baş Komandanın və Birinci Vitse-Prezidentin tapşırıqları ilə ona mənzil verilmişdir. Həmin mənzil üçün mebel almaq məqsədilə iddiaçı təşkilatdan kredit götürmüşdür. Həmin krediti vaxtı-vaxtında ödəmişdir. Lakin səhhətindəki problemlərlə əlaqədar son zamanlar kreditin vaxtında ödənilməsində çətinlik çəkmişdir. xx.xx.2022-ci il tarixdə, saat 09-12 aralarında, iddiaçının nümayəndəsi onunla telefon əlaqəsi saxlayaraq onun Qarabağ Qazisi olduğunu bilə-bilə onunla çox kobud rəftar etmiş, onunla mübahisə etdikdən sonra ondan həmin krediti alacaqlarını və ona “onu ödəyən kişi deyil” sözünü demişdir. Onun həqiqətən də iddiaçıya 414.36 manat borcu vardır. Lakin döyüşlərdə iştirak etmiş bir şəxs üçün “kişi sözü” ən böyük önəm daşıyır. Məhz kişilik və mərdlik sahəsində Ordumuz zəfər qazanmışdır. Məhz iddiaçının nümayəndəsi ona “onu ödəyən kişi deyil” sözünü dediyi üçün o, həmin borcu ödəyən deyil. Həmin borcu onunla kobud rəftar edən iddiaçının nümayəndəsi özü ödəsin. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2021-ci il tarixli PRL-148-0098- 21 saylı Kredit müqaviləsindən görünür ki, cavabdehə 18 ay müddətinə, 1899 AZN məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə 414.36 manat əsas borc, 60 manat cərimə borcu, cəmi 474.36 manat borcu vardır. Vəsiqənin surətindən görünürki, cavabdeh 2-ci qrup Qarabağ Qazisidir. xx.xx.2022-ci il tarixli bildirşdən görünür ki, cavabdeh 03 iş günü ərzində borcu ödəmədiyi təqdirdə iddiaçı ona qarşı məhkəmədə iddia qaldılracaqdır. xx.xx.2023-cü il tarixli hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh arasında 31 iyul 2021-ci il tarixli PRL-148-0098-21 saylı kredit müqaviləsi üzrə Kredcavabdehə 18 ay müddətinə, 1899 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bunagörə də məhkəmə hesab edir ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2021-ci il tarixli PRL-148-0098-21 saylı Kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 414.36 manat əsas borc alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1 maddəsinə müvafiq olaraq «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli və i.a., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır» Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, «öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 445.2 maddəsinə əsasən «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır». Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. ” Məhkəmə cavabdehin Vətən Müharibəsinin fəal iştirakçısı və Qazi olmasını, Dövlət tərəfindən yüksək orden və medallarla təltif olunmasını nəzərə alaraq hesab edir ki, əsas borc 414.36 manat təşkil etdiyi halda, 60 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 01 manata qədər azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməhesab edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun 04 manatı iddiaçıya, 26 manatı cavabdehə aid edilməli və sonuncudan 26 manat alınaraq iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2021-ci il tarixli PRL-148-0098- 21 saylı Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 414.36 manat əsas borc, 01 manat cərimə borcu, cəmi 415.36 manat və 26 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar