Məhkəmə qərarları › İş №e-2(049)-109/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-109/2024

17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-109/2024 17.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü – X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan aliment məbləğinin xx.xx.2023-cü il tarixindən etibarən artırılaraq hər ay üçün 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1432/2018 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdehdən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü – X1 üçün 154 manat aliment tutulması müəyyən edilmişdir. Hal-hazırda X4 14 yaşı var. Hazırda həmin məbləğ birgə nigahdan doğulan övladımızın saxlanmasına mənə heç bir formada kömək etmir. Buna görə də alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdik ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh uzunmüddətli gecikmələrlə ödəyir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə ilk müraciəti faktiki yaşadığı Abşeron Rayon Məhkəməsinə etmişdir. Lakin Abşeron Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Buna görə də hesab edir ki, hazırki “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilkin olaraq Abşeron Rayon Məhkəməsinə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2 ayrı-ayrılıqda iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, aliment məbləğinin hər ay 170-180 manat civarında artırılmasına etirazının olmadığını bildirərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İİ 379973 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İ 282871 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahının ləğv edilməsi haqqında xx.xx.2017-ci il tarixdə 68 № ilə akt qeydləri kitabında qeyd edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1432/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4115/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 159 saylı MKİS-nin xx.xx.2023cü il tarixli, 580 №-li arayışından görünür ki, Əhmədov X5 rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllə, ev 15, mənzil 46-da arvadı X6, uşaqları – xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X10 ilə birlikdə yaşayır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 021 №-li arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də dülgər vəzifəsində işləyir və 390 manat əmək haqqı alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X7 adlı uşağı doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1432/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4115/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin 250 manat miqdarında artırılmasını tələb edir. Cavabdeh isə iddianı qismən qəbul edərək, aliment məbləğinin 170-180 manat civarında artırılmasına razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. İddia tələbindən göründüyü kimi, iddiaçı uşağın saxlanması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1432/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 250 manat miqdarında müəyyən edilməsini xahiş edir. Eyni zamanda iddia tələbində Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşağın saxlanması üçün aliment məbləğinin ən azı 220 manata çatdırılmasının zəruri olduğunu qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsində təyin olunması ilə bağlı iddia ərizəsində göstərdiyi dəlillərə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbəti ilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq iki il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqların böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X4 böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1432/2018 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü Minarə Əhmədlinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş hər ay 154 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, tərəflərin birgə nikahından doğulmuş Minarə adlı uşağın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddiaçının artırılacaq aliment məbləğinin xx.xx.2023-cü il tarixdən, yəni alimentin artırılması tələbi ilə qeyd olunan tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edildiyi vaxtdan tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki halda tələb alimentin tutulması ilə bağlı deyil, məhkəmə qətnaməsi əsasında tutulan alimentin miqdarının artırılması ilə bağlıdır. Digər tərəfdən, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinin tələbinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 46 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 552 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1432/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar