Məhkəmə qərarları › İş №e-2(049)-1152/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1152/2025

01.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1152/2025 01.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi və evdən istifadə etməsinə maneələrin həyata keçirilməsinin Cavabdeh qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Lənkəran şəhərində anadan olmuş və gənclik illərinə qədər ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşamışdır. Sonradan Bakı şəhərində çalışmağa başladıqdan sonra ailə həyatı qurmuş və Bakı şəhərində yaşamağa başlamışdır. Həmin ünvanda onunla birlikdə atası – X7 (1917-1980) və anası – X5 (1922-1987) da yaşamışlar. X1 (1922-1987) dünyasını dəyişdikdən sonra ailə qurmamış bacısı X4 xx.xx.2024-cü il (ölənə qədər) tarixədək həmin mənzildə yaşamışdır. Atası və anası həyatda olarkən yaşadıqları evin ailənin kiçik övladı kimi ona qalacağını hər zaman ailə daxilində ifadə edilmişlər. Anası vəfat etdikdən sonra şəxsən özü bacısına icazə vermiş, evdə yaşamasına şərait yaratmışdır. X6 vəfat etdikdən dərhal sonra isə cavabdeh – qardaşı Cavabdeh heç kimə demədən evə yerləşmiş və onu həmin evə buraxmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlamasına, görüşüb söhbət etmək, ata yurdu olan mənzildən istifadə etmək istədiyini bildirsə də, cavabdeh tərəfindən heç bir müsbət cavab almamışdır. Artıq 76 yaşı var. Öz ahıl zamanlarını ata yurdunda, təbii haqqı olan doğma evində keçirmək istəsə də, bu hüquq cavabdeh tərəfindən əlindən alınmışdır. Hal-hazırda həmin evə dair hər hansı şəxsin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmayıb və cavabdeh həmin istiqamətdə hər hansı hərəkətlərin edilməsinə şərait yaratmır, maneə törədir. Məqsədi isə gələcəkdə faktiki sahibliyə istinad edərək həmin daşınmaz əmlaka təkbaşına yiyələnməkdir. Halbuki, valideynlərindən qalan həmin əmlaka hal-hazırda sağ olan bütün birinci növbəli vərəsələr eyni hüquqlu olaraq qəbul edilməlidirlər. Ona həmin daşınmaz əmlaka istifadə hüquqlarının tanınması və onun həmin evə köçürülməsi təmin edilməsə, hüquqlarının ədalətli şəkildə təmin edilməsi mümkün olmayacaq. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı olan iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun doğma qardaşıdır. Məhkəmədə mübahisələndirilən fərdi yaşayış evi 1913-cü ildə tikilmişdir və anasının atası X3 məxsus olmuşdur. İddiaçı uşaqlıq illərində həmin evdə yaşamışdır. Sonradan ali məktəbə daxil olduqdan sonra Bakı şəhərinə köçmüşdür. Bundan sonra 1987-ci ilədək Lənkərana qayıtmamışdır. Valideynlərinin sağlığında onlarla maraqlanmamışdır. 1987-ci ildə atası vəfat edərkən 1 günlük Lənkəran şəhərinə gələrək, qayıtmışdır. 2015-ci ildə bacısı Tənzilə vəfat edərkən cavabdehə zəng edərək, təkidlə Lənkərana gəlməli olduğunu bildirmişdir, lakin həmin vaxt da o, Lənkərana gəlməmişdir. Sözügedən mübahisəli evdə valideynləri yaşamışdır. Həmin evin heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. İddiaçı isə hazırda həmin evə dair heç bir hüququ olmadan ora iddia edir, evi satmaq istəyir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: “Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarından ötrü” təqdim edilmiş xx.xx.1939-cu il tarixli 1032 saylı Torpaq qeydindən görünür ki, Lənkəran şəhəri ərazisində 57 kv.m. torpaq sahəsi X2 istifadəsinə verilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatdan keçmiş torpaq sahəsi və ya fərdi yaşayış evi aşkar edilməmişdir. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı hal-hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. **********86 saylı mədaxil qəbzindən görünür ki, hazırkı iddia tələbi üzrə İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konsitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda, həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa;-iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olmasıdır. Lakin iddiaçı mübahisəli daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün tələb olunan təməl şərtlərdən biri yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyindən belə müəyyən edilir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi üçün onun yaşayış sahəsinə ehtiyacının olması tələb olunur. Hazırkı iş üzrə irəli sürülmüş iddia tələbi iddiaçının mübahisəli mənzildə istifadə hüququnun tanınması və ora köçürülməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, mənzilə köçürülmə özlüyündə köçürülən şəxsin mübahisəli mənzildən qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququnun yaranmasına səbəb olmasa da, mahiyyət etibarı ilə həmin şəxsin mübahisli mənzildən faktiki istifadə etməsini ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında isə bu cür istifadənin zəruriliyinin təməl şərti kimi iddiaçının yaşayış sahəsinə ehtiyacının olması və bu ehtiyacın mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması göstərilmişdir. İşin mübahisəsiz hallarına əsasən iddiaçı uzun müddətdir ki, başqa bir ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. Bununla da İddiaçı mübahisəli yaşayış sahəsinə ehtiyacının olduğu müəyyən edilmir. Eyni zamanda, mübahisəli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı aşkar edilmişdir. ünvan 6 ünvanında yerləşən fərdi yaşayı evi hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik normalarının tələblərinə və işin hallarına əsasən məhkəmə, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan və iddiaçının həmin evə istifadə hüququ yaranmadığından, istifadə hüququ tanınmaqla, mənzilə köçürülmə hissəsində iddia tələbini əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər – maneənin aradan qaldırılması tələbi isə həmin iddia tələblərindən törəmə olduğundan, həmin hissədə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələbini maneənin aradan qaldırılması hissəsində təmin etməməyi əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar