Məhkəmə qərarları › İş №e-2(049)-1232/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1232/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1232/2024 15.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı «Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı «Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5470,06 manat, faiz üzrə1455,54 manat, cəmi 6925,60 manat və dövlət rüsumu olaraq ödənilmiş 90,00 manat vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02597-1808-01 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 5820.00 manat məbləğində kredit limiti ayrılmışdır və iddiaçı həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 kredit xətti daxilində xx.xx.2022-ci il tarixli 267 №-li ödəniş tapşırığı əsasında 5820.00 manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 xx.xx.2022-ci il tarixli 02597- 1808-01/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən iddiaçı müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə cavabdehə kredit xətti ayırır. Cavabdeh isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu iddiaçıya qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə cavabdeh və zamini ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, cavabdeh və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun iddiaçıya qaytarılması təmin edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdeh və zamini ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir ödəniş olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 60 №-li xəbərdarlıq məktubu ilə cavabdehə və xx.xx.2023-cü il tarixli 61 №-li xəbərdarlıq məktubu ilə zamin Cavabdeh2 rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 11 (on bir) gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı «Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Nazim oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Cavabdeh1 ilə «Hacı Kredit İttifaqı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02597-1808-01 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 24 ay müddətinə, illik 36% olmaqla 5820 manat məbləğində kredit ayrılmışdır. xx.xx.2022-ci il tarixli 02597-1808-01 №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə «Hacı Kredit İttifaqı” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən «Hacı Kredit İttifaqı” MMC-yə 5470.06 manat məbləğində əsas borc, 1455.54 manat məbləğində faiz borcu və cəmi 6925.60 manat borcu vardır. Borcalan kredit müqaviləsi üzrə cəmi 940 manat ödənişmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 89.6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh1 ilə «Hacı Kredit İttifaqı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 36% olmaqla 5820 manat məbləğində kredit ayrılmışdır. Cavabdeh1 ilə bank arasında bağlanılmış krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin cavabdeh öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka qeyd olunan məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icrae dilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5470.06 manat əsas borc, 1455.54 manat faiz borcu, cəmi 6925.60 manat və ödənilmiş dövlət rüsumunun məbləği olan 89.6 manat tutularaq iddiaçı «Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 226.2-ci maddəsinin tələbinə görə, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5470.06 manat əsas borc, 1455.54 manat faiz borcu, cəmi 6925.60 manat və ödənilmiş dövlət rüsumunun məbləği olan 89.60 manat tutularaq iddiaçı «Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar