Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-128/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi: X4, cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan “Bank Standart” Kommerssiya Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3996,36 (üç min doqquz yüz doxsan altı manat otuz altı qəpik) manat məbləğində əsas borc, 4275,44 (dörd min iki yüz yetmiş beş manat qırx dörd qəpik) manat məbləğində faiz borcu, 1514,99 (min beş yüz on dörd manat doxsan doqquz qəpik) manat məbləğində cərimə borcu, 524,72 (beş yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 10311,51 (on min üç yüz on bir manat əlli bir qəpik) manat məbləğində pulun, 120,94 (yüz iyirmi manat doxsan dörd qəpik) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2, Nəzərov Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Nazim Kazım oğlundan və Cavabdeh3 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 May 2014-cü il tarixində Cavabdeh2 (bundan sonra –Cavabdeh) Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına (bundan sonra –Bank) ərizə ilə müraciət edərək, ona 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilməsini xahiş etmişdir. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (bundan sonra –Bank), ilə Cavabdeh2 ilə 16 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/69741/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh3 (bundan sonra – Zaminlər) 16 May 2014-cü il tarixli 1xx/xx/69741/14 saylı zaminlik müqavilələri (bundan sonra – Zaminlik Müqaviləsi) əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa 28 iyul 2015-ci il tarixində 1xx/xx/69741/14 saylı “Kredit” və “Zaminlik” Müqavilələrinə 01 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin şərtlərinə görə kredit müqaviləsi 62 (altmış iki) ay müddətinə bağlanmışdır və kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu sonuncu müddət 16 iyul 2019- cu il tarixi müəyyən edilmişdir. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 3996,36 (üç min doqquz yüz doxsan altı manat otuz altı qəpik) manat məbləğində əsas borc, 4275,44 (dörd min iki yüz yetmiş beş manat qırx dörd qəpik) manat məbləğində faiz borcu, 1514,99 (min beş yüz on dörd manat doxsan doqquz qəpik) manat məbləğində cərimə borcu, 524,72 (beş yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 10311,51 (on min üç yüz on bir manat əlli bir qəpik) manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsinin 4.1.6-cı bəndinin tələbinə görə “Kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinin məznununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qismən qəbul eetdiyini bildirib, iddia ərizəsində qeyd olunan deyil, məhkəmə mühasibatlıq ekspertizasında göstərilmiş əsas və faiz məbləğinə etirazı yoxdur, cərimə məbləğinin isə silinməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və Cavabdeh2 izahatını dindəyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı Kredit Müqaviləsindən görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı Cavabdeh2 illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 16 May 2014-cü il tarixli 1xx/xx/69741/14 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı Kredit Müqaviləsinin borclu Cavabdeh2 tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 28 iyul 2015-ci il tarixində 1xx/xx/69741/14 saylı “Kredit” və “Zaminlik” Müqavilələrinə 01 saylı əlavə sazişlərdən görünür ki, 16 may 2014cü il tarixli, 1xx/xx/69741/14 saylı Kredit müqaviləsi 62 ay müddətinə bağlanmışdır və kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu sonuncu müddət 16 iyul 2019- cu il tarixi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı Kredit Müqaviləsi üzrə 3996,36 manat məbləğində əsas borc, 4275,44 manat məbləğində faiz borcu, 1514,99 manat məbləğində cərimə borcu, 524,72 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 10311,51 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 9/9439 nömrəli rəyindən görünür ki, Cavabdeh2 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı Kredit Müqaviləsi üzrə 3682.17 manat əsas, 2842.45 manat faiz borcu vardır. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (hazırda ləğv prosesindədir) Cavabdeh2 7500 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı Kredit Müqaviləsinə əsasən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı Cavabdeh2 illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. 16 May 2014-cü il tarixli 1xx/xx/69741/14 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı Kredit Müqaviləsinin borclu Cavabdeh2 tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 28 iyul 2015-ci il tarixli , 01 saylı əlavə sazişlərə əsasən 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı Kredit müqaviləsi 62 ay müddətinə bağlanmışdır və kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu sonuncu müddət 16 iyul 2019-cu il tarixi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri MM-nin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, MM-nin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, sonuncu ödəniş 16 iyul 2019-cu il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 16 iyul 2019-cu il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə, məhkəmə hesab edir ki, 16 may 2014-cü il tarixli, 1xx/xx/69741/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 və zaminlər Cavabdeh1 və Cavabdeh3 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı 16 iyul 2020-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən MM-nin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində tam, cərimə borcu hissəsində qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənləri, eləcə də iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 9/9439 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, eksperti rəyi əsas götürülməli və kredit müqaviləsi müddətində hesablanmış 3682.17 manat əsas, 2842 manat faiz borcu cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda gecikdirilmiş müddət üçün hesablanmış və iddiada göstərilən 524.72 manat borc da Cavabdeh2 tutulmalıdır. MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 1514.99 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından 350 manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 120.94 manat məbləğində dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3682.17 manat məbləğində əsas, 2842.45 manat məbləğində hesablanmış faiz, 350 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün 524.72 manat borc olmaqla, cəmi 7399.34 manat məbləğində borc, həmçinin ödənilmiş 120.94 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan “Bank Standart” Kommerssiya Bankının hesabına ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-128/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-128/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver