Məhkəmə qərarları › İş №e-2(049)-1328/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1328/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1328/2024 04.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin xeyrimizə əsas borc üzrə 2533,39 (iki min beş yüz otuz üç manat 39 qəpik) manat, faiz üzrə 259,31 (iki yüz əlli doqquz manat 31 qəpik) manat, cəmi 2792,70 (iki min yeddi yüz doxsan iki manat 70 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 48,00(qırx səkkiz manat 00 qəpik) vəsaitin tutularaq "xxxx" Kredit İttifaqı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor(“Borcverən”) "xxxx" Kredit İttifaqı MMC-i ilə “Borcalan”Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02490-0356- 07(“Müqavilə”) saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 36 % ödəmək şərtilə 5000.00(beş min manat 00 qəpik) manat məbləğində kredit limiti ayrılmışdır və “Borcverən” həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə “Borcalan”-a kredit xətti daxilində xx.xx.2022-ci il tarixli 043№-li ödəniş tapşırığı əsasında 5000.00(Beş min manat 00 qəpik) manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Zamin xx.xx.2022-ci il tarixli 02490-0356-07/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış “Müqavilə”-nin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən”müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə”Borcalan”a kredit xətti ayırır. “Borcalan”isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə “Borcalan” və zamini ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasinda yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün “Borcalan” və zamini ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir ödəniş olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 64№-li xəbərdarlıq məktubu ilə “Borcalan”na və xx.xx.2023-cü il tarixli 65№-li xəbərdarlıq məktubu ilə Zamin rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 12(on iki) gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 15 mart 2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh göndərilməsinə sonuncu tərəfindən 22 mart 2024-cü il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2016-ci il tarixli, 1816NZF nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02490-0356-07 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 36 % ödəmək şərtilə 5000.00 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 02490-0356-07 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 18 ay müddətində hər ay 363.54 manat, son ayda 363.61 manat olmaqla xx.xx.2022-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 02490-0356-07 nömrəli kredit müqaviləsi üzrə 2533.39 manat əsas, 259.31 manat faiz olmaqla, cəmi 2792.70 manat borcu vardır. xx.xx.2022-ci il tarixli 02490-0356-07/Z saylı zaminlik müqaviləsindən görünür ki, Zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 48 manat dövlət rüsumu ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, "xxxx" Kredit İttifaqı MMC-i ilə “Borcalan”Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02490-0356-07(“Müqavilə”) saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 36 % ödəmək şərtilə 5000.00(Beş min manat 00 qəpik) manat məbləğində kredit limiti ayrılmışdır və “Borcverən” həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə “Borcalan”-a kredit xətti daxilində xx.xx.2022-ci il tarixli 043№-li ödəniş tapşırığı əsasında 5000.00(Beş min manat 00 qəpik) manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Zamin xx.xx.2022-ci il tarixli 02490-0356-07/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış “Müqavilə”-nin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən”müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə”Borcalan”a kredit xətti ayırır. “Borcalan”isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məkəmə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia cavabdeh Zamin na münasibətdə tam şəkildə əsaslıdır. Məhkəmə iddianın kredit müqaviləsi üzrə yaranmış borcun Zamin ndan tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 48 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 02490-0356-07 nömrəli kredit müqaviləsi üzrə 2533.39 manat əsas, 259.31 manat faiz olmaqla, cəmi 2792.70 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 48 manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar