Məhkəmə qərarları › İş №e-2(049)-1500/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1500/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1500/2025 21.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC BOKT kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 78,07 manat əsas borc, 1,62 manat faiz borcu - cəmi: 79,69 manat məbləğində kredit borcunun və məhkəmə baxışı üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" MMC BOKT-nın xeyrinə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Lənkəran şəhər sakini Orucova Şəhla Raqib qızı ilə "xxxx" MMC BOKT arasında bağlanmış xx.xx.2012-ci il tarixli MAS- 572/1 №-li Kredit müqaviləsinə əsasən, MAS-572/1 №-li birgə borclu qrupunun üzvü kimi Orucova Şəhla Raqib qızına 700,0 (yeddi yüz) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Orucova Şəhla Raqib qızı ilə 08 iyun 2019-cu il tarixli 095RST001 №-li kredit (restrukturizasiya) müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən kreditor borclunun xx.xx.2012-ci il tarixli MAS-572/1 №-li Kredit müqaviləsi ilə aldığı 700,0 manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 78,07 manatlıq hissəsinin ödənməsi məqsədilə bu məbləğdə güzəştli krediti verməyi, borclu və zamin isə verilmiş krediti və ona hesablanan faizləri ödəməyi öz öhdələrinə götürmüşlər. Kredit, Fərmana uyğun olaraq illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilmişdir. Bağlanmış restrukturizasiya müqaviləsinin 2.2-ci bəndinə görə müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan və zamindən tələb etmək hüququna malikdir. Həmin müqavilənin 3.4-cü bəndinə görə borclu və zamin bu müqavilə üzrə kreditora çatmalı olan kredit və hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə görə borclu öhdəlikləri tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür. Həmin müqavilənin 8.4-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq məsuliyyət daşıyır. Orucova Şəhla Raqib qızının kredit öhdəliyinin təminatı kimi Cavabdeh zamin kimi tanındığı 08 iyun 2019-cu il tarixli 095RST001 №-li kredit (restrukturizasiya) müqaviləsinin 3.4-cü bəndinə görə borclu öhdəliyi tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür, 3.6-cı bəndinə görə isə borclu və zamin öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yarana biləcək məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürürlər. Kredit müqaviləsinə əsasən, kreditin ödəniş qrafiki pozularaq gecikdirilməklə, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bununla da vurulan zərər nəticəsində "xxxx" MMC Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onunr tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubu da uzun müddət keçməsinə baxmayaraq cavabsız qalmışdır. Cavabdehin 08 iyun 2019-cu il tarixli 095RST001 №-li kredit (restrukturizasiya) müqaviləsinə əsasən, "xxxx" MMC BOKT-na xx.xx.2025-ci il tarixə olan borcu 78,07 manat əsas borc, 1,62 manat faiz borcu - cəmi: 79,69 (yetmiş doqquz manat 69 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bağlanmış sözü gedən kredit müqaviləsinin 8.4-ci bəndinə görə müqavilənin icrası ilə bağlı mübahisələr qarşılıqlı müzakirə yolu ilə həll olunmadıqda mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, 08 iyun 2019-cu il tarixli 093RST001 №-li kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən kreditor borclunun xx.xx.2012-ci il tarixli MAS-572/1 №-li Kredit müqaviləsi ilə aldığı 700,0 (yeddi yüz) manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 78.07 manatlıq hissəsinin ödənməsi məqsədilə bu məbləğdə güzəştli krediti verməyi, borclu Orucova Şəhla Raqib qızı və zamin Cavabdeh isə verilmiş krediti və ona hesablanan faizləri ödəməyi öz öhdələrinə götürmüşlər və Kredit, Fərmana uyğun olaraq illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilmişdir. Pretenziya arayışından görünür ki, borclular Cavabdeh və Orucova Şəhla Raqib qızına müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə və lazımi qaydada icra edilməsinə görə məsuliyyət daşıdıqları bildirilmişdir. İş materiallarına əlavə edilmiş ASAN ödəniş sistemindən çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC BOKT məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC BOKT qarşısında cavabdeh Orucova Şəhla Raqib qızı ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. 78.07 manat əsas, 1.62 manat faiz olmaqla, cəmi 79.69 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar