Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1542/2024 10.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçı DəmirBank» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2829.59 (iki min səkkiz yüz iyirmi doqquz ABŞ dolları 59 sent) ABŞ dolları olmaqla, bundan 737.44 (yeddi yüz otuz yeddi ABŞ dolları 44 sent) ABŞ dolları əsas, 434.31 (dörd yüz otuz dörd ABŞ dolları 31 sent) ABŞ dolları faiz, 1554.94 (bir min beş yüz əlli dörd ABŞ dolları 94 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102.90 (bir yüz iki ABŞ dolları 90 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 68.11 (altmış səkkiz Manat 11 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 3190 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə Bank arasında 190002851/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 1971.34 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3363.85 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödəməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2014-ci il tarixli ********* №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən illik 32 faiz dərəcəsi tətbiq edilməklə 24 ay ərzində qaytarmaq şərti ilə 3.190 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə əlavə 01 saylı Sazişdən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə əlavə 02 saylı Sazişdən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2014-ci il tarixli 190002851/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli X1 ilə iddiaçı Bank arasında bağlanmış zaminlik müqaviləsi üzrə əlavə 02 saylı Sazişdən görünür ki, Minazər Xudaverdiyeva xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 02 saylı əlavə Sazişlə tanış olmuş v həmin Sazişdə olan öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-ci il tarixli ********* №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh2 24 ay müddətində hər ay 181.71 ABŞ dolları, sonuncu ayı 165.55 ABŞ dolları olmaqla xx.xx.2015-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 04 mart 2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı Banka olan borcu 2829.59 ABŞ dolları əsas, 434.31 ABŞ dolları faiz, 1554 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 102.90 ABŞ dolları borc, ümumilikdə 2829.59 ABŞ dolları təşkil edir. Kassa məxaric Orderindən görünür ki, Cavabdeh2 2884 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit borcunun ödənilməsi ilə əlaqədar bildiriş göndərilmişdir. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddiaçı tərəfindən 68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə 24 ay müddətinə illik 34% dərəcəsi ilə ödəmək şərtilə 3190 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 190002851/ZM nömrəli xx.xx.2014-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3363.85 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda zamin Cavabdeh1 ilə bank arasında saziş imzalanaraq öhdəliyə dair zaminlik müddəti xx.xx.2021-ci il trixədək uzadılmışdır. Hazırki idia tələbi ilə iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icraedilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 1554.94 ABŞ dolları cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 150 ABŞ dolları həcmində tutulmasını daha ədalətli hesab edir. Məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən və onlara dair əlavə sazişlərdən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2022-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh1 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, 22 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli həmin müqaviləyə əlavə saziş xitam olduğu üçün Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 737,44 ABŞ dolları əsas, 434,31 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra 102,90 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və 150 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1.424,65 ABŞ dolları məbləğində pul və 68,11 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 737,44 ABŞ dolları əsas borc, 434,31 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 102,90 ABŞ dolları faiz borcu və 150 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1.424,65 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68,11 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. Cavabdeh2 tutulacaq 1.424,65 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(049)-1542/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1542/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver