Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1638/2025 25.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, iddiaçı Ləğv prosesində olan "Hacı Kredit İttifaqı” MMC cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Hacı Kredit İttifaqı” MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 3589,50 manat, faiz üzrə 676,39 manat, cəmi 4265,89 manat və dövlət rüsumu olaraq ödənilmiş 63,00 vəsaitin tutularaq iddiaçı "xxxx" Kredit İttifaqı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" Kredit İttifaqı MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02492-1623-02 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 6570.00 manat məbləğində kredit limiti ayrılmışdır və “Borcverən” həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə “Borcalan” Cavabdeh1 kredit xətti daxilində xx.xx.2022-ci il tarixli 045№-li ödəniş tapşırığı əsasında 6570.00 manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 xx.xx.2022-ci il tarixli 02492-1623-02/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən” müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə ”Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə “Borcalan” və zamini ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasinda yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün “Borcalan” və zamini ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir ödəniş olmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 28№-li xəbərdarlıq məktubu ilə “Borcalan”-na və xx.xx.2024-cü il tarixli 29№-li xəbərdarlıq məktubu ilə zamin Cavabdeh2 rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 12 gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh1 göndərilməsinə və onun tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. xx.xx.2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh2 göndərilməsinə və onun tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan «Hacı Kredit İttifaqı” MMC ilə Cavabdeh1 qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02492-1623-02 №-li kredit müqaviləsindən görünür ki, «Hacı Kredit İttifaqı” MMC tərəfindən Cavabdeh1 illik 36% olmaqla 24 ay müddətinə, 6570.00 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan «Hacı Kredit İttifaqı” MMC ilə Cavabdeh2 arasında bağlanmış 02492-1623-02/Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi xx.xx.2022-ci il tarixli 02492-1623-02 saylı kredit müqaviləsinin borclu Cavabdeh1 tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 02492-1623-02 №-li kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 xx.xx.2022-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə əsas borc 6570 manat, faiz borcu 2740.61 manat olmaqla, cəmi 9310.61 manat banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı «Hacı Kredit İttifaqı” MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 63 manat dövlət rüsumu ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, «Hacı Kredit İttifaqı” MMC Cavabdeh1 qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02492-1623-02 nömrəli müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 36% ödənilmək şərtilə 6570 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli, 02492-1623-02/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışır. Lakin buna baxmayaraq Cavabdeh1 qızı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri üzrə 6570 manat əsas, 2740.61 manat faiz, 0 manat cərimə, cəmi 9310.61 manat borcu mövcuddur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Hacı Kredit İttifaqı” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02492-1623-02 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə Bank arasında xx.xx.2020-ci il tarixli, 02492-1623-02/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında cavabdehə 24 ay müddətinə illik 36% dərəcəsi ilə 6570 AZN məbləğində kredit verilmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və Cavabdeh1 götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2024-cü il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2025-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 üzrə əsas borc üzrə 3589,50 manat, faiz üzrə 676,39 manat, cəmi 4265,89 manat və dövlət rüsumu olaraq ödənilmiş 63,00 vəsait iddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 63 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 3589,50 manat, faiz üzrə 676,39 manat, cəmi 4265,89 manat və dövlət rüsumu olaraq ödənilmiş 63,00 vəsait tutularaq iddiaçı "xxxx" Kredit İttifaqı MMC-yə ödənilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-1638/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1638/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver