Məhkəmə qərarları › İş №e-2(049)-164/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-164/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-164/2025 14.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Cavabdeh3 və onun vəkili Vəkil iştirakı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 13.820 (on üç min səkkiz yüz iyirmi) manat borc olmaqla – bundan 10.600 (on min altı yüz manat) manat əsas, 2.260,09 (iki min iki yüz altmış manat 09 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 959,91 (doqquz yüz əlli doqquz manat 91 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 131,46 (bir yüz otuz bir manat 46 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0627/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 12.500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/0627/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-H-21-2196/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul etdiyini, lakin faiz borcu hissəsində qəbul etmədiyini, iş üzrə müvafiq ekspertiza təyin edilməsinə zərurət olmadığını bildirərək, iddianın əsas borcun ondan tutulmasına hissəsində qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddia tələbinin qismən, yəni əsas borc hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 08/0627/KBK nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 36 ay müddətinə, illik 25 faiz dərəcəsi tətbiq edilməklə 12500 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 08/0627/KBK saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşlər. xx.xx.2019-cu il tarixli 08/0627/KBK №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh3 36 ay müddətində hər ay ilk ay 497 manat, sonuncu ayı 496.91 manat olmaqla xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 24 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 10.600 manat əsas, 2.260,09 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 959,91 manat faiz borc, ümumilikdə 13820 manat məbləğindək kredit borcu hesablanmışdır. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 131.46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0627/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 12.500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/0627/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icraedilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 27 noyabr 2022-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 27 noyabr 2023-cü il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, xx.xx.2019-ci il tarixli zaminlik müqaviləsi xitam olduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 10.600 manat əsas, 2.260,09 manat faiz, 959,91 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 13820 manat borc və ödənilmiş 131.46 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10.600 manat əsas, 2.260,09 manat faiz, 959,91 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 13.820 manat borc və dövlət rüsumuna görə ödənilmiş 131.46 manat pul Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar