Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1708/2023 15.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 7360 manat, onun tərəfindən vəkil xidmətinə görə ödənilmiş 500 manat və ödənilmiş 101 manat dövlət rüsumunun, cəmi 7961 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında verdiyi izahatında İddiaçı nümayəndəsi Vəkil tələbi onunla əsaslandırmışdır ki, dövlət qeydiyyat nişanı 90-HC-88 olan, Audi A6 markalı avtomobil şəxsi mülkiyyətindədir. Bu avtomobili çox vaxt həyat yoldaşı X2 idarə edir. Həyat yoldaşı idarə etdiyi Audi A6 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nissan Sunny markalı dövlət qeydiyyat nişanı **-CU- *** olan avtomobil arasında Bakı şəhəri, Nizami küçəsində nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, taksi fəaliyyəti ilə məşqul olan Cavabdeh2, xx.xx.2022-ci il tarixində, təxminən saat 14:50 radələrində idarə etdiyi Nissan Sunny markalı avtomobili Bakı şəhəri, Nizami küçəsində, dayanacaq üçün nəzərdə tutulmayan yerdə saxlamışdır. Nissan Sunny avtomobilin sərnişini olan Cavabdeh1 qəflətən avtomobilin arxa sağ qapısını açaraq düşmək istəmişdir. Bu zaman həyat yoldaşı idarə etdiyi hərəkətdə olan Audi A6 markalı avtomobilin qabaq sol hissəsi həmin qapıya dəymişdir. Nəticə olaraq onun avtomobilinə 7360 (yeddi min üç yüz altmış) manat dəyərində ziyan dəymişdir. Bunu «Audi» mərkəzinin ********** nömrəli təmir kartı təsdiq edir. Qeyd edilən məbləğ, avtomobili təmirdən tez çıxartmaq üçün tərəfimizdən bank kart vasitəsilə ödənilmişdir. Cavabdeh1 iddiaya qarşı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Yazılı etirazında və məhkəmə baxışı iclasında verdiyi izahatında Cavabdeh1 iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində təqribən 14:30 radələrində Bakı şəhəri Nizami küçəsində sərnişini olduğu «Bolt» taksi xidmətinin sürücüsü Cavabdeh2 Ehtiram oğlu başqa müştəriyə çatmaq üçün onu və qucağında olan az yaşlının həyatını təhlükə altına qoyaraq qadağan olunmuş yerdə endirmişdir. İlk öncə özü düşüb, körpəyə məxsus uşaq arabasını yolun kənarına atmış və ona çatdıqlarını bildirmişdir. Qapını açıb taksidən enmək istiyərkən bu zaman arxadan gələn dövlət qeydiyyat nişanı ** HC *** olan Audi A6 markalı avtomoblinin sürücüsü X2 önünə fikir vermədən gəlib taksi sürücüsü Cavabdeh2 Ehtiram oğlu ** CU *** dövlət qeydiyyat nişanlı Nissan Sunny avtomobilinin qapısına vurmuşdur. Xoşbəxtlikdən o qapını açan kimi qəfil taksidən enmədi. Əks təqdirdə o və övladı yaralana bilərdi. Bu zaman məsuliyyət kimə aid olacaqdı. Qadağan olunmuş yerdə onu və azyaşlını endirməyə çalışan taksi sürücüsü onu və ya dar küçədə sürət həddini aşan yolda qarşısına çıxan maneələrə diqqət etməyən digər sürücüdür. Onu da bilməlidir ki, Audi a6 markalı avtomobilə heç bir ziyan dəyməmişdir. Hadisə yerinə heç bir polis əməkdaşı və ya sığorta işçisi çağırılmamışdır. Hansı əsasla bu məsələdə o təqsirləndirilə bilər. Bəlkə 10 metr irəlilədikdən sonra Audi markalı avtomobil harasa çırpılmışdır. Əgər iddiada bildirdiyi zərər dəymişdirdə bu hadisə yerində bir protokolla rəsmiləşdirilməli idi. Haradadır hadisə yerində dəymiş zərərn fotoşəkilləri və sübutlar. İddiada böyük zərərdən söhbət gedir, bu zərər həqiqətəndə dəymişdirsə yerindəcə həll olunmalı idi. Avtoekspertiza keçirilməli idi. Həmin an taksi sürücüsü və digər sürücünün içkili və ya hansısa maddənin təsiri altında olub olmadığı ekspertiza rəyi ilə müəyyənləşdirilməli idi. Burada dəymiş bir zərər varsa o da ona və qucağında olan az yaşlıdır. Taksi sürücüsünün vəzifəsi onu və az yaşlını təhlükəsizyerdə endirməkdir o isə qadağan olunmuş yerdə onu və azyaşlını taksidən endirərək həyatını təhlü altında qoymuşdur. Heç bir sübut olunmadan təqsirləndirilir. İddianı qəbul etmir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul etməyib, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı, onun nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində baş vermiş nəqliyyət hadisəsi zamanı, 90-HC-88 dövlət qeydiyyat nişanı olan, AUDİ 6 markalı avtomobilə zərər vurulmuş və həmin maşının sahibi olan, iş üzrə İddiaçı 7360 manat maddi ziyan dəymişdir. Bunu, AUDİ mərkəzindən təqdim olunmuş sənədlər təsdiq edir. Eyni zamanda Səbail rayon DYPŞ tərəfindən tərtib olunmuş inzibati protokol, qeyd edilən yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirkar olduğunu bir qayda olaraq təsdiq edir. Cavabdehin özü bununla razılaşıb, protokoldan şikayət verməmiş və tətbiq olunan cəriməni ödəmişdir. Bununla yanaşı AUDİ 6 markalı avtomobilin sürücüsünə bu hadisə ilə bağlı DYPŞ tərəfindən heç bir cərimə tətbiq edilməmiş, yəni baş vermiş sözügedən nəqliyyət hadisəsində onun heç bir təqsiri yoxdur. Ortada iddiaçıya 7360 manat məbləğində dəymiş ziyan var və müvafiq dövlət orqanı tərəfindən tərtib edilmiş və qanuni qüvvəyə minmiş protokolla təqsirkar kimi tanınmış şəxs vardır. İddia ərizəsini müdafiə edib, baxış iclasını onların iştirakı olmadan keçirilməsini və müvafiq qətnamə çıxarmağınızı xahiş etmiş, iddiaçı və Cavabdeh2 isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçı, onun nümayəndəsi və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: AE008366 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Audi A6 markalı ** HC *** markalı avtomobil İddiaçı mülkiyyətindədir. Dream Auto MMC tərəfindən verilmiş təmir kartından görünür ki, İddiaçı məxsus 2020-ci il buraxılışlı Audi A6 markalı ** HC *** markalı avtomobilin təmir-bərpa işləri üçün ümumilikdə 8020,80 manat (660,80 təmirə və 7360 manat ehtiyat hissələrə görə) xərc tələb olunur. (Təmir kartı imzalanmamış və hər hansı möhürlə təsdiqlənməmişdir). İXP5228920 №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 barəsində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə (Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi yardım göstərilməsi barədə müqavilədən və ödəniş qəbzindən görünür ki, «Pro Bono» vəkil bürosunun vəkili Vəkil tərəfindən İddiaçı hüquqi xidmət görə 500 manat ödəniş edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavaba edilmiş materiallardan görünür ki; - Cavabdeh2 Səbail rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, Səbail rayon Nizami küçəsində etibarnamə ilə idarə etdiyi Nissan Sunny markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərgiz Molun arxasında yolun sol hissəsində park etmiş, onun avtomobilin arxa sağ oturacağında əyləşən sərnişin arxa sağ qapını açıb və həmin küçədə hərəkətdə olan Audi markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsinə onun avtomobilin arxa sağ qapısı dəyərək maddi ziyanla nəticələn yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır. - Cavabdeh1 Səbail rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:50 radələrində Səbail rayon Nizami küçəsində Nissan Sunny markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində həmin avtomobilin arxa sağ oturacağında əyləşmiş, göstərdiyi ünvana çatdıqda sürücü maşını sol hərəkət hissəsində saxlamış, o qapını açıb düşmək istəyərkən küçədə hərəkətdə olan Audi markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi onun açdığı qapıya dəyərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamış, sürücü o düşən zaman düşüb-düşməməyi barədə heç bir söz deməmişdir. - X1 rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:50 radələrində Səbail rayon Nizami küçəsində etibarnamə ilə idarə etdiyi Audi markalı ** HC *** nömrəli avtomobil ilə hərəkətdə olan zaman yolun sol tərəfində saxlanmış Nissan markalı ** CM *** dqn avtomobil arxa sağ qapını açaraq onun idarə etdiyi avtomobilin ön sol hissəsinə toxundu. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində, yəni xx.xx.2022-ci il tarixində, saat 14:50-də Cavabdeh2 idarə etdyi Nissan Sunny markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı mexaniki nəqliyyat vasitəsində sərişin kimi əyləşən Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsinin qapısının açılması və iddiaçının mülkiyyətində olan Audi markalı ** HC *** nömrəli nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncuya vurulmuş 7360 manat maddi ziyanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməsini tələb edir. Buna görə məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-nin) 21, 1096, 1097 və 1108-ci maddələridir. MM-nin 21-ci maddəsinə görə; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə görə; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1, 1097.3 və 1097.5-ci maddələrinə əsasən; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. MM-nin 1108-ci maddəsinin tələbinə əsasən; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki hüquq nəzəriyyəsinə görə öhdəlikdən kənar hüquq münasibətlərinin növlərindən biri də delikt öhdəlikləridir. Öhdəliyin subyektləri, predmeti və məzmunu delikt öhdəliklərinin elementləri hesab olunur. Delikt öhdəliklərinin subyektləri zərərçəkən və zərərvuran hesab edilir. Zərərçəkən öhdəliyin kreditoru, zərərvuran isə öhdəliyin borclusu rolunda çıxış edir. Delikt öhdəliklərinin əmələ gəlmə şərtləri aşağıdakılardır; 1) Zərərin mövcud olması 2) Zərərvuranın hüquqa zidd əməli (hərəkət və hərəkətsizliyi) 3) Hüquqazid əməl ilə zərər faktı arasında səbəbli əlaqə 4) Zərərvuranın təqsiri Göstərilən dörd şərt məcmu halında birləşərək mürəkkəb hüquqi tərkib əmələ gətirir ki, bu tərkib zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qiymətləndirməyə imkan verir. MM-nin 1097-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin vurduğu zərər faktı yalnız qanunda göstərilən hüquqi tərkibə (üç şərtin məcmusuna) cavab verdikdə və ona uyğun olduqda mülki hüquq pozuntusu hesab edilir və buna görə də həmin şəxs vurulmuş zərərin əvəzini ödəyir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbi baxımından məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçı qarşısında delikt öhdəliklərinin əmələ gəlməsini, yəni zərərin mövcudluğu, cavabdehlərin hüquqa zidd əməlinin (hərəkət və hərəkətsizliyi), hüquqazid əməl ilə zərər faktı arasında səbəbli əlaqənin və cavabdehlərin təqsirinin mövcuduluğu sübuta yetirmək vəzifəsi ilk növbədə iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən cavabdehlərin əməlində yuxarıda qeyd olunan 4 şərtin mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəmə təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı vurulmuş zərərin mövcudluğunu təsdiq edən sübut kimi Dream Auto MMC tərəfindən verilmiş təmir kartını təqdim etmişdir. Qeyd olunan sənəddən görünür ki, İddiaçı məxsus 2020-ci il buraxılışlı Audi A6 markalı ** HC *** markalı avtomobilin təmirbərpa işləri üçün ümumilikdə 8020,80 manat (660,80 təmirə və 7360 manat ehtiyat hissələrə görə) xərc tələb olunur. Lakin həmin təmir kartı nə fiziki, nədə ki elektron qaydada imzalanmamış və təqdim edilən müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Təmir kartı sadəcə kağız daşıyıcıda çap edilərək məhkəməyə təqdim edilmişdir ki, İmzalanmamış və möhürlənməmiş «Dream Auto MMC tərəfindən verilməsi qeyd olunan təmir kartı»nın istənilən yerdə və vaxtda çap edilməsinin mümkünlüyü hamıya bəlli olan haldır. İddiaçıya vurulmuş ziyanın məbləğini təsdiq edən Dream Auto MMC tərəfindən verilməsi qeyd olunan təmir kartı»nın mötəbər sübut kimi qəbul edilməsi istisna olunur. Digər tərəfdən iddiaçının nümayəndəsinin izahatı ilə də müəyyən olunur ki, İddiaçı məxsus 2020-ci il buraxılışlı Audi A6 markalı ** HC *** markalı avtomobil artıq təmir edilmiş, avtomobilin təmir edilməmişdən əvvəlki halı, yəni ziyanın məbləğinin müəyyən edilməsinə imkan verən hər hansı foto və video görüntülərə də sübutlar da məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı vurulmuş zərərin məbləği ilə əlaqədar hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia yalnız MM-nin 1097-ci maddəsində nəzərdə tutulmuş bütün dispozisiya şərtləri mövcud olduğu halda əsaslıdır ki, həmin əsaslardan birinin mövcud olmaması iddianın təmin edilməli olmasını istinsa edir və digər dispozsiya şərtlərinin yoxlanılmasına zərurət qalmır. Məhkəmə eyni zamanda iddianın «vəkil xidmətinə görə ödənilmiş 500 manat və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə də qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də (həmin tələb vurulmuş zərərin ödənilməsi ilə bağlı əsas tələblə əlaqədar olduğundan və iddiaçının əsas tələbi təmin edilmədiyindən) rədd edilməlidir. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyana görə 7360 manat, vəkil xidmətinə görə ödənilmiş 500 manat və ödənilmiş 101 manat dövlət rüsumunun, cəmi 7961 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi» barədə iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-1708/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1708/2023
15.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver