Məhkəmə qərarları › İş №e-2(049)-1956/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1956/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1956/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu sədrliyi ilə, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi: X2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı «kredit borcun qaytarılması» tələbi barədə iddia ərizəsinə Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, cəmi 871.78 manat əsas borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 1997.67 (bir min doqquz yüz doxsan yeddi Manat 67 qəpik) manat məbləğində kredit verilmişdir. Hazırda Bank tərəfindən Müqavilələr və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASCnin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 1997.67 Manat məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. xx.xx.2014-cü il tarixli 1/43/76173803 AZN nömrəli kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindənCavabdeh 1997.67 Manat məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə 1997.67 manat məbləğində pulun götürülməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Milli X6 10 aprel 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarının 7.2-ci bəndinə əsasən nağd pulun məxarici “pul çekləri”nə və kassa məxaric orderinə əsasən həyata keçirilir. Cavabdeh 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tamyerinə yetirməmişdir. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə kredit ödənişlərinin ödənilməsi iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışda öz əksini tapır. Qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlamasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. Göründüyü kimi, cavabdeh S.Şahverdiyev kredit ödənişləri etməklə dolayı yolla iddiaçı Banka kredit borcunun olmasını etiraf etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X5rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. xx.xx.2023-cü il tarixə CavabdehAğayar qızının kredit üzrə əsas borcu 871.78 (səkkiz yüz yetmiş bir Manat 78 qəpik) Manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********811 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2014-cü il tarixli 1/43/76173803 AZN nömrəli kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 1997.67 Manat məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 06 mart 2023-cü il tarixli, **********378 nömrəli arayışdan görünür ki, Cavabdeh 27 mart 2017ci il tarixli, KM012T03170040S01 saylı kredit müqaviləsinə əsasən müqavilə üzrə əsas borcu 871.78 manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədləri, iddia tələbi ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə, hazırkı iş üzrə iddia tərəfinin sübutlarına hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən sübutlar işin həlli üçün kifayət deyil. Belə ki, iddia tərəfi iddia edir ki, cavabdehlə onun arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Mülki qanunvericiliyin tələbinə əsasən də öhdəliyinin yaranma əsaslarından biri də müqavilədir. Lakin hazırkı halda tərəflər arasında müqavilənin mövcudluğu müəyyən deyil. Çünki iddia ərizəsində də qeyd edildiyi kimi tərəflər arasında olan müqavilə itiilmiş, məhv edilmişdir. Belə olan halda, məhkəmə tərəfindən tərəflər arasında hər hansı müqavilə öhdəliyinin olmasının müəyyən edilməsi birmənalı olaraq istisna edilir. Bundan başqa, iddia tərəfinin sübut kimi təqdim etdiyi 06 mart 2023-cü il tarixli, **********378 nömrəli arayışı ümumiyyətlə başqa bir müqaviləyə 27 mart 2017-ci il tarixli, KM012T03170040S01 saylı kredit müqaviləsinə aiddir. Halbuki iddia tərəfi cavabdehlə arasında 01 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinin olduğunu iddia edir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə məhkəməyə kredit müqaviləsi təqdim edilmədiyindən və təklif edilən maliyyə arayışı tamamilə başqa müqaviləyə aid olduğundan iddia rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı «kredit borcun qaytarılması» tələbi dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar