Məhkəmə qərarları › İş №e-2(049)-204/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-204/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-204/2025 29.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı verilmiş kreditin tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC- iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrinə 13852.24 manat məbləğində kredit bоrcu, 975.61 manatməbləğində faiz bоrcu və 157.57 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14985 manat 42 qəpik məbləğində bоrcun və ödənilmiş 134.96 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 008A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19500 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5647.76 manat ödəniş etmiş və оnun iddiaçıya 13852.24 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 140 gün üçün hesablanmış faiz borcu 975.61 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 140 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 157.57 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bank tərəfindən borcların düzgün hesablanmadığını, həmçinin ekspert rəyi ilə razı olmadığını bildirdi. Əlavə olaraq bildirdi ki, ayda cəmi 50 manat ödəmək iqtidarındadır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ OLUNMUŞ SƏNƏDLƏR: İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş 008A********** saylı, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsindən görünür ki, cavabdehə "xxxx" ASC tərəfindən 48 ay müddətə aylıq 1.5833 % olmaqla 19500 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 48 ay müddətinə götürdüyü krediti xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-ci il tarixədək hər ay 586 manat, sonuncu ay 582.22 manat olmaqla "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 13852.24 manat əsas, 975.61 manat faiz, 157.57 manat məbləğində cərimə borcu vardır. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/46 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə bağlana 008A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 13956.04 manat əsas, 820.04 manat faiz borcu vardır. Ekspertiza xərci 100 manat təşkil eləyir. Dövlət rüsumunun ödənilməsi haqqında elektron qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 134.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 008A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şfahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Hal-hazırda cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 13852.24 manat, faiz borcu üzrə 975.61 manat, 157.57 manat cərimə borcu olmaqla, cəmi 14985.42 manat məbləğində borcu mövcuddur. İşin göstərilən halları iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditorborcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mühasibatlıq ekspertizasının rəyinə əsasən mövcud əsas borc iddiaçının göstərdiyi məbləğdən artıq -13956,04 manat, faiz borcu isə əksinə iddiaçının göstərdiyi məbləğdən az - 820.04 manat hesablansa da, iddiaçı 13852.24 manat əsas və 975.61 manat faiz borcunu tələb etdiyindən, əsas borc iddiaçının tələb etdiyi miqdarda, yəni 13852.24 manat, faiz borcu isə ekspertizanın göstərdiyi miqdarda, yəni 820.04 manat məbləğində hesablanmalıdır. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 99% təmin olunduğundan, iddiaçının dövlət rüsumu olaraq ödədiyi 134.96 manat məbləğin 133.61 manatı cavabddehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi əsas və faiz borcun cəmi ilə ekspertin müəyyən etdiyi əsas və faiz borcu cəmi təxminən eyni olduğundan 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməli və onlardan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 13852.24 manat əsas, 820.04 manat faiz, 50 manat cərimə olmaqla cəmi 14722.28 manat məbləğində kredit borc və 133.61 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, əsas borc 13852.24 manat təşkil etdiyi halda, bank tərəfindən 157.57 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə, məhkəmə hesab edir ki, həmin cərimə 50 manata qədər azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 008A********** saylı kredit müqaviləsinə əsasən 13852.24 manat əsas, 820.04 manat faiz, 50 manat cərimə olmaqla cəmi 14722.28 manat pul və 133.61 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar