Məhkəmə qərarları › İş №e-2(049)-2071/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2071/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2071/2023 18.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6950 manat avtomobilə dəymiş maddi zərərin və 90 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi BA № 111095 saylı, xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən “Toyota Prius” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur. Avtomobili xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə əsasında Cavabdeh2 vermişdir. Avtomobil Cavabdeh2 sərəncamında olduğu zaman onun icazə və razılığı olmadan xx.xx.2022-ci il tarixində Cavabdeh2 avtomobili idarə etmək üçün başqa bir şəxsə, yəni Cavabdeh1 sərəncamına vermiş və bu zaman Cavabdeh1 yol nəqliyyat hadisəsi törədərək avtomobili su kanalına atmışdır. Dəfələrlə Cavabdeh2 ilə əlaqə yaradılaraq avtomobili geri verməsini, avtomobilə dəymiş ziyanı ödəməsi bildirilsə də, Cavabdeh2 bu günə kimi heç bir ödəniş etməmişdir. Avtomobilini xx.xx.2022-ci il tarixində Salyan rayonundan DYP-nin duracağından geri almış və avtomobili öz hesabına təmir etdirmişdir. Avtomobilə ümumilikdə 6950 manat ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehlərin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair” xx.xx.2022-ci il tarixli etibarnamə əsasında İddiaçı məxsus ** BD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixədək Cavabdeh2 etibar edilmişdir. BA111095 №-li “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, ** BD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin YNHİTŞ-nin baş müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qərarın surəti BDYPİ YPXA-nın 10-cu tağımına göndərilmişdir. “GOLD Avto Servis” tərəfindən tərtib edilmiş və "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, 2007-ci il istehsalı olan ** BD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsinə 6950 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edildi ki, “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair” xx.xx.2022-ci il tarixli etibarnamə əsasında İddiaçı məxsus ** BD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixədək Cavabdeh2 etibar edilmişdir. Etibarnamə üzrə verilən səlahiyyət nəqliyyat vasitəsini idarə etməkdən ibarət olmuşdur. Cavabdeh2 nəqliyyat vasitəsinin mülkiyyətiçisinin razılığı olmadan həmin avotmobili idarə etmək üçün xx.xx.2022-ci il tarixində Cavabdeh1 vermiş, sonuncunun törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində ** BD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı avtomobilə dəymiş 6950 manat maddi ziyanı ödədiyini bildirərək, həmin pulu və ödənilmiş dövlət rüsumunu cavabdehlərdən tələb edir. Cavabdehlər isə məhkəməyə gəlməmiş, iddiaya qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə görə, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6950 manat avtomobilə dəymiş maddi zərər və 90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar