Məhkəmə qərarları › İş №e-2(049)-2079/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2079/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2079/2025 29.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 795 manat sığorta məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ona qarşı olan hazırki iddia tələbini əsassız hesab edir. Belə ki, hazırki iddia tələbi ona qarşı deyil, həmin sığorta hadisəsi üzrə sığorta ödənişi edilmiş şəxsdən geri alınmalıdır. Ona görə də hazırki işə iddia icraatında baxılmasını və məhkəmə iclasının şifahi qaydada keçirilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair etirazla məhkəməyə müraciət etdiyinə görə işin tərəflərin iştirakı ilə araşdırılması məqsədəmüvafiq hesab edilərək məhkəmənin müvafiq qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə “VAZ 21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhərinin ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı Lənkəran şəhər DYPB tərəfindən tərtib olunan qərara əsasən “VAZ 21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni hazırki iş üzrə cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada tənbeh edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 795 manat sığorta məbləği iddiaçı tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxsə ödənilmiş məbləğin geri qaytarılması cavabdehdən tələb edilmişdir, lakin cavabdeh indiyədək həmin məbləği ödəməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və məhkəməyə müraciət etmək üçün 30.00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 795 manat sığorta məbləği və 30.00 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə göndərilən müraciətdə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə baxış iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirdi və göstərdi ki, idarə etdiyi “VAZ 21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə zamanı “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi baş verəndən sonra “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə onun avtomobilini təmir etmək barədə razılığa gəlmişdir. Həmin avtomobilin sürücüsünə onun arxasınca gəlməsini deyərək özü də öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Avtomobil təmiri sexinə çatmamış DYPB-dən ona zəng edilərək polis şöbəsinə gəlməli olduğu bildirilmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun hadisə yerindən uzaqlaşacağını, onu aldadacağını və avtomobili təmir etməyəcəyini düşünüb DİN-nin 102 xidmətinə zəng etmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra o, “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün lazım olan ehtiyat hissələrini alıb ustaya vermişdir. xx.xx.2024-cü il tarixdə avtomobilin ehtiyat hissələri tam olaraq dəyişdirilmiş, bununla əlaqədar o, cəmi 540 manat vəsait sərf etmişdir. Avtomobilin sürücüsü avtomobilə rəng vurulması və rəngin qurumasının vaxt tələb etdiyini deyərək avtomobili elə o şəkildə də ustadan təhvil götürmüşdür. Lakin sonradan avtomobilin mülkiyyətçisi X4 onun çəkdiyi xərcləri sığorta şirkətindən gizlədərək avtomobil təmir olunduqdan sonra sığorta şirkətindən də əlavə vəsait almışdır. Ona görə də hesab edir ki, sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ avtomobilin mülkiyyətçisi X1 geri tələb edilməlidir. Bu səbəbdən o, hazırki iddia tələbini qəbul etmir. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə iddiaçı tərəfindən 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək sığorta edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “VAZ 21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə iddiaçı tərəfindən 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək sığorta edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərinin ərazisində “VAZ 21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həmin avtomobili idarə edən şəxs - hazırki iş üzrə cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilərək həmin hadisə nəticəsində X3 məxsus “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş aktdan müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 795 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 795 manat miqdarında maddi ziyan iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, iddiaçı tərəfindən X3 ödənilmiş cəmi 795 manat vəsaitin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri və iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 21074” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 məxsus “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 795 manat miqdarında maddi ziyan dəymişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmış, baş vermiş hadisə ilə bağlı araşdırma aparılaraq hadisənin baş verməsində hazırki iş üzrə cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ilə əlaqədar 795 manat sığorta məbləği iddiaçı tərəfindən ödənilmişdir. 795 manat məbləğin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Hazırda iddiaçı geriyə tələb (subroqasiya) qaydasında 795 manat sığorta məbləğinin və 30.00 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərara, sığorta müqaviləsinə dair məlumata, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə sığorta aktrına və ödəniş sənədlərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq X3 məxsus “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanı könüllü ödəməklə onunla razılıq əldə etməsi və zərərçəkmiş şəxsin ona məlumat vermədən sığorta ödənişini də alması ilə əsaslandırır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən sığorta əhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1 və 25.1.8-ci maddələrinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddələrinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddələrinə əsasən Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Qüvvədə oan qanunvericiliyə əsasən inzibati xəta hadisəsi törətmiş sürücünün hadisə yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb olunmaqla inzibati qaydada tənbeh edilməsi onun subroqasiya qaydasında maddi məsuliyyətə cəlb edilməsi üçün bilavasitə əsasdır. Hazırki iddia tələbinin əsasını təşkil edən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh hadisə yerindən yayınmış olduğundan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində hadisəni törədən şəxsə qarşı subroqasiya hüququ yaranır. Məhkəmə 795 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən geri tələb edilməsinə dair iddia tələbinin əsasları ilə bağlı cavabdehin “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanı könüllü ödəməklə avtomobilin sürücüsü ilə razılıq əldə etməsi, lakin X2 bu barədə sığorta şirkətinə bildirmədən sonradan sığorta ödənişini də alması, buna görə də sığorta ödənişinin ondan geri tələb edilməsinin əsassız olması barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdehin “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə zərərçəkmişə könüllü olaraq hər hansı məbləğ ödəmiş olması halında da, bu hal yalnız onunla həmin avtomobilin mülkiyyətçisi arasında mülki hüquq münasibətlərinin yaranmasına səbəb olardı. Cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaqla inzibati qaydada tənbeh edilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.8 və 63.1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla onun subroqasiya qaydasında maddi məsuliyyətə cəlb edilməsi üçün bilavasitə əsas verir. Yolnəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh hadisə yerindən yayınmış olduğundan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən sığortaçının cavabdehə qarşı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdehin sonradan avtomobilin mülkiyyətçisi (qanuni istifadəçisi) ilə hər hansı qaydada razılıq əldə etməsi yolnəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış sürücünü (hazırki işdə cavabdehi) mülki məsuliyyətin icbari sığortası hallarında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın istismar edilməsi nəticəsində digər şəxsin əmlakına vurulmuş və sığortaçı tərəfindən ödənilmiş zərərin əvəzini subroqasiya qaydasında geriyə ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin izahatında göstərdiyi xüsusatlara tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1, 935.1.7, 935.1.8 və 935.1.10-cu maddələrinin məzmununa görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində; baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunan hüquq normalarının ümumi məzmununun təhlilindən göründüyü kimi, sığorta hadisəsi mövcud olduqda, əmlaka və sağlamlığa dəymiş zərərə görə icbari sığorta müqaviləsində müəyyən edilmiş sığorta ödənişinin sığortaçı tərəfindən verilməsi qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş haldır. Həmçinin, sığortaçının sığorta ödənişini verməkdən imtina edə bilməsi halları və həcmi də qanunvericilikdə konkret olaraq göstərilmişdir. Eyni zamanda, sığortaçının zərərçəkmişə sığorta ödənişini verməkdən imtina edə bilməsi üçün cavabdeh tərəfindən sığorta hadisəsi nəticəsində dəymiş zərərin onun tərəfindən zərərçəkmişə ödənilməsini təsdiq edə biləcək hər hansı məlumatın sığortaçıya bildirilmiş olması halları müəyyən edilməmişdir. Bu səbəbdən sığortaçı qanunvericiliyə uyğun olaraq dəymiş zərərə görə zərərçəkmişə sığorta ödənişini həyata keçirmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edildiyi iş materialları ilə təsdiq edilmişdir. Bununla yanaşı, hazırki işdə sığortaçının sığorta ödənişini verməkdən imtina edə bilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Cavabdehin inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməsinə dair müvafiq qərarlarla yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması, eyni zamanda, onun hadisə baş verdikdən sonra hadisə yerindən yayınması faktı sübuta yetirildiyinə, cavabdeh özü də inzibati məsuliyyətini mübahisələndirmədiyinə, onun əməli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin təsiri altına düşdüyünə görə məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulmuş zərərin əvəzi olaraq iddiaçı tərəfindən “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 oğluna ödənlmiş 795 manat sığorta ödənişi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.00 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh “VAZ 21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 795 manat və məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu - cəmi 825 manat tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar