Məhkəmə qərarları › İş №e-2(049)-2169/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2169/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2169/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında 11 aprel 2022-ci il tarixdə “Borcun etiraf və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 13809 manat məbləğində borcun olduğunu etiraf etmiş və həmin məbləği ayda 4603.19 manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan borcu qismən icra etmiş, lakin öhdəliyi tam olaraq icra etmədiyindən müqavilənin 2.4cü maddəsinə əsasən 621 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. Beləliklə 16 may 2023-cü il tarixinə cavabdehin iddiaçıya 12957 manat əsas borc və bu borca hesablanmış 621 manat ödənilməmiş borc öhdəliyi vardır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12957 manat əsas və bu borca hesablanmış 621 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 13578 manat məbləğində borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 133.29 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında ərizə verərək iddiasını müdafiə etdiyini bildirib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə tələbi tərəflər arasında bağlanılmış 11 aprel 2022-ci il tarixli “Borcun etiraf və ödəniş qaydası haqqında” müqavilədən irəli gəlir. Məhkəmə qeyd edir ki,işə əlavə edilmiş 11 aprel 2022-ci il tarixli “Borcun etiraf və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, Cavabdeh, İddiaçı MMC-yə 13809.57 manat borcu olduğunu etiraf edib həmin məbləği xx.xx.2022-ci il tarixindən etibarən hər ay 4603.19 manat ödəməklə, tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş borca dair arayışdan görünür ki, cavabdeh 13809.57 manat borcundan 825.57 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixə 12957 manat əsas borc və 11 aprel 2022-ci il tarixli “Borcun etiraf və ödəniş qaydası haqqında” müqavilənin 2.4-cü maddəsinin şərtlərinə əsasən hesablanmış 621 manat dəbbə pulu ilə birlikdə 13578 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 133.29 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, işə əlavə edilmiş 11 aprel 2022-ci il tarixli “Borcun etiraf və ödəniş qaydası haqqında” müqavilənin 2.4-cü madəsinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı cavabdehdən əsas borcu tələb etdiyi kimi, dəbbə pulunu da tələb etməkdə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 12957 manat əsas borc və 621 manat dəbbə borcu olmaqla, ümumilikdə 13578 manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edildiyindən ödədiyi 133.29 manat dövlət rüsum cavabdehə aid edilməli və ondan tutlaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 12957 manat əsas borc və 621 manat dəbbə borcu olmaqla, ümumilikdə 13578 (on üç min beş yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq, İddiaçı MMCnə verilsin. 133.29 manat dövlət rüsumu Cavabdeh aid edilsin və ondan tutularaq, İddiaçı MMC-nə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar