Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2174/2025 07.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC (Ləğv prosesində) kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, cəmi 1.127,05 (bir min bir yüz iyirmi yeddi manat 05 qəpik) manat borc olmaqla – bundan 980.19 (doqquz yüz səksən manat 19 qəpik) manat əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 146,86 (yüz qırx altı manat 86 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 31,28 (otuz bir manat 28 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3021/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36(otuz altı) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 1.840 (bir min səkkiz yüz qırx) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixli 08/3021/RES nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində kreditin təminatının mövcudluğunu və vəziyyətini, о cümlədən zaminlərin əmlak və maliyyə vəziyyətini istənilən vaxt yоxlamaq. “Bоrcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi və ya çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən “Borcalan” öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazmınca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçün zəruri tədbirlər görmək barədə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-21-6486/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddia tələbimizin əsasını təşkil edən və ərizəmizə əlvə etdiyimiz sübutlar bundan ibarətdir: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3021/RES nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filalı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 08/3021/RES nömrəli kredit müqaviləsi bağlanmış, ona 36 (otuz altı) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 1.840 (bir min səkkiz yüz qırx) manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdeh1 kredit verilərkən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/3021/RES nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli Kassa məxaric orderindən göründüyü kimi borclu Cavabdeh1 1.840(bir min səkkiz yüz qırx) manat məbləğində pulu şəxsən qəbzə imza etməklə götürmüşdür. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə ödəniş həyata keçirilmişdir. - Ödəniş cədvəlindən göründüyü kimi kreditin son ödəniş tarixi xx.xx.2022-ci il tarixdir. - xx.xx.2025ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1.127,05 (bir min bir yüz iyirmi yeddi manat 05 qəpik) AZN təşkil edir. Bundan 980.19 (doqquz yüz səksən manat 19 qəpik) AZN əsas və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 146,86 (bir yüz qırx altı manat 86 qəpik) AZN faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 08/3021/RES nömrəli Əlavə Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC (Ləğv prosesində) tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 01% dərəcəsi ilə 1.840 AZN kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 08/3021/RES nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında zaminlik müqaviləsi bağlanılmışdır. Ödəniş cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh1 36 ay müddətində hər ay 50.37 manat olmaqla xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC (Ləğv prosesində) qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 iddiaçı "xxxx" ASC (Ləğv prosesində) qarşısında Cavabdeh2 və Cavabdeh3 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31.28 AZN dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada cəmi 1.127,05 (bir min bir yüz iyirmi yeddi manat 05 qəpik) manat borc olmaqla – bundan 980.19 (doqquz yüz səksən manat 19 qəpik) manat əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 146,86 (yüz qırx altı manat 86 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 31,28 (otuz bir manat 28 qəpik) manat dövlət rüsumu tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2174/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2174/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver