Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2228/2025 20.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran rayon məhkəməsinin hakimi X1 İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı LPO İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə cəmi 2286.48 ABŞ dolları-bundan 812.45 ABŞ dolları əsas, 446.42 ABŞ dolları faiz, 912.33 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115.28 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 58.88 ABŞ dolları dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 3180 (üç min yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-190005410 saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə 17 aprel 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 2770.73 (iki min yeddi yüz yetmiş ABŞ dolları 73 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 17 dekabr 2018-ci il tarixədək təyin olunur. Daha sonra həmin Kredit müqaviləsinə 26 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3051.07 (üç min əlli bir ABŞ dolları 07 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2286.48 (iki min iki yüz səksən altı ABŞ dolları 48 sent) ABŞ dolları təşkil edir. Bundan 812.45 (səkkiz yüz on iki ABŞ dolları 45 sent) ABŞ dolları əsas, 446.42 (dörd yüz qırx altı ABŞ dolları 42 sent) ABŞ dolları faiz, 912.33 (doqquz yüz on iki ABŞ dolları 33 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115.28 (yüz on beş ABŞ dolları 28 sent) ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 12-5/2-A-41-5446/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 26 may 2025-ci il tarixdə Cavabdeh1 qeydiyyatda olduğu ünvana, iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilməsinə və xx.xx.2025-ci il tarixdə onun həmin sənədləri almasına baxmayaraq, Cavabdeh1 iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər 26 may 2025-ci il tarixdə Cavabdeh2 qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilməsinə baxmayaraq, məhkəmə sənədləri Cavabdeh2 həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147ci maddəsinə əsasən məhkəmə sənədlərini cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq edilən: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki,iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 3180 ABŞ dolları kredit verilmişdir. ZM-190005410 saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borclananla birlikdə öhdəlik götürmüşdür. 190005410 Saylı xx.xx.2014-cü il tarxli kredit müqaviləsinə 17 aprel 2015-ci il tarixdə bağlanmış 01 nömrəli əlavə Sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalığ məbləği 2770.73 ABŞ dolları təşkil etmiş və kreditin müddəti 17 dekabr 2018-ci il tarixinədək təyin edilmişdir. Həmin kredit müqaviləsinə 26 may 2017-ci il tarixdə bağlanmış 02 nömrəli əlavə Sazişdən görünür ki, kredit öhdəliyinin 3051.07 ABŞ dolları məbləğində qalığı, illik 8 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixədək restruktruzasiya edilmiş və Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi imzalanmışdır. Restrukturizasiya müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kredit alan qalıq kredit məbləği üzrə 2233.59 əsas, 483.78 faiz, cəmi 2717.37 ABŞ dolları məbləğində pulu 60 ay müddətində hər ay 45.29, sonuncu ay 44.96 ABŞ dolları olmaqla xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə ödəməklə banka qaytarmalıdır. 09 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə cavabdehdən 2286.48 ABŞ dolları borcun 3 gün ərzində ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə bankın iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Asan ödəniş sistemindən çıxarışdan görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 58.88 AZN dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 26 may 2017-ci il tarixdə bağlanmış 02 nömrəli əlavə Sazişdən görünür ki, kredit öhdəliyinin 3051.07 ABŞ dolları məbləğində qalığı,(qalığın tərkibi 2233.59 ABŞ dolları) illik 8 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixədək restruktruzasiya edilmiş və Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi imzalanmışdır. Ləğv prosesində olan bank tərəfindən Tərəflər arsında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclu 2233.59 ABŞ dolları miqdarında qalıq borcu 60 ay müddətinə illik 8 faiz dərəcəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Beləliklə xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2286.48 ABŞ dolları təşkil edir. Bundan 812.45 ABŞ dolları əsas, 446.42 ABŞ dolları faiz, 912.33 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115.28 ABŞ dolları faiz borcu qalmışdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 26 may 2017-ci il tarixli 02 Saylı əlavə Saziş üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hazırki iddia tələbinin digər cavabdehə dair hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 Saylı Əlavə saziş qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilənin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh1 xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və həmin vaxtdan 02 il, 11 ay müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh1 zaminliyinə xitam verilmişdir. Bu səbəbdən həmin cavabdeh iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli restruktruzasiya müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2017-ci il tarixli restruktruzasiya müqaviləsi üzrə 812.45 ABŞ dolları əsas, 446.42 ABŞ dolları faiz, 912.33 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115.28 ABŞ dolları faiz borcu, cəmi 2286.48 ABŞ dolları borc yalnız Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi Cavabdeh1 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 58.88 AZN dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 cəmi 2286.48 ABŞ dolları-bundan 812.45 ABŞ dolları əsas, 446.42 ABŞ dolları faiz, 912.33 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115.28 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 58.88 ABŞ dolları dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan və Cavabdeh1 dair hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(049)-2228/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2228/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver