Məhkəmə qərarları › İş №e-2(049)-2267/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2267/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2267/2023 05.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, iddiaçının nümayəndəsi: Nümayəndə2, cavabdeh: Cavabdeh1, cavabdehin nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil Qəzəfər oğlunun iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciət edərək cəmi 8371.06 ABŞ dollar - bundan 3271.01 ABŞ dollar əsas, 1281.63 ABŞ dollar faiz, 3372.47 ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış 445.95 dollar faiz borcu və iş üzrə ödənilmiş 132.69 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularq "xxxx" ASC-yə verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 01 iyul 2014- cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 9545 (doqquz min beş yüz qırx beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 01 iyul 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 01 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 8192,96 (səkkiz min bir yüz doxsan iki ABŞ dolları 96 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 40 (qırx) ay uzadılır və illik 26 (iyirmi altı) faiz təşkil edir. Daha sonra xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 8396,61 (səkkiz min üç yüz doxsan altı ABŞ dolları 61 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5830,26 (beş min səkkiz yüz otuz ABŞ dolları 26 sent) ABŞ dolları əsas borc, 2210,9 (iki min iki yüz on ABŞ dolları 9 sent) ABŞ dolları faiz borcu və 355,45 (üç yüz əlli beş ABŞ dolları 45 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********839 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 8371,06 (səkkiz min üç yüz yetmiş bir ABŞ dolları 06 sent) ABŞ dolları təşkil edir. Bundan 3271,01 (üç min iki yüz yetmiş bir ABŞ dolları 01 sent) ABŞ dolları əsas, 1281,63 (bir min iki yüz səksən bir ABŞ dolları 63 sent) ABŞ dolları faiz, 3372,47 (üç min üç yüz yetmiş ikiABŞ dolları 47 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 445,95 (dörd yüz qırx beş ABŞ dolları 95 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul etdiyini, əsas məbləğ və fazi məbləği üzrə məhkəmə mühasibatlıq ekspertizasında göstərilən məbləğlərlə razı olduğunu, cərimə məbləğinin isə azaldılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Qəzəfər oğlu məhkəmə mühasibatlıq ekspertizasında göstərilən məbləğlərlə razı olduğunu, cərimə məbləğinin isə azaldılmasını, eləcə də iş üzrə iddia tələbinin Cavabdeh2 aid hissədə müddət keçdiyindən xitam verilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə elan edilərək araşdırılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 29% ödənilmək şərtilə 9545 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan və məhkəmə elan edilərək araşdırılmış xx.xx.2014-cü tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan və məhkəmə elan edilərək araşdırılmış xx.xx.2015-ci il tarixdə Əlavə Sazişdən görünür ki, 01 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə Əlavə sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 8192,96 (səkkiz min bir yüz doxsan iki ABŞ dolları 96 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 40 (qırx) ay uzadılır və illik 26 (iyirmi altı) faiz təşkil edir. İş materiallarında olan və məhkəmə elan edilərək araşdırılmış xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 8396,61 (səkkiz min üç yüz doxsan altı ABŞ dolları 61 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5830,26 (beş min səkkiz yüz otuz ABŞ dolları 26 sent) ABŞ dolları əsas borc, 2210,9 (iki min iki yüz on ABŞ dolları 9 sent) ABŞ dolları faiz borcu və 355,45 (üç yüz əlli beş ABŞ dolları 45 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. İş materiallarında olan və məhkəmə elan edilərək araşdırılmış məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5365 nömrəli rəyindən görünür ki, 01 iyul 2014-cü il tarixdə bağlanmış ********** nömrəli kredit müqaviləsinə və xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə Sazişdə qeyd olunan şərtləri nəzərə Cavabdeh1 iddiaçı Dəmirbank ASC-yə əsas borc üzrə 3232.76 ABŞ dolları, faiz borcu 840.70 ABŞ dolları və illik 5 faiz hesablanmaqla 430.77 ABŞ dolları borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 132.69 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs "xxxx" ASC (hazırda ləğv prosesindədir) Cavabdeh1 9545 ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 01 iyul 2014- cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 9545 (doqquz min beş yüz qırx beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 01 iyul 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanılaraq Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıması müəyyən edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 02 nömrəli Əlavə Saziş bağlanmış restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020ci il tarixədək uzadılmış və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış hesab edilmişdir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri MM-nin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, MM-nin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, ********* №-li 01 iyul 2014- cü il tarixli kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmiş və buna görə də, MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 01 iyul 2014- cü il tarixli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, sonuncu ödəniş əlavə sazişlə müəyyən edildiyi kimi xx.xx.2020-ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilən, eləcə də həmin kredit müqaviləsinə əlavə sazişin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 07 iyun 2020-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Hazırkı işin materiallarından aydın olur iddiaçı hazırkı iş üzrə iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ********* №-li 01 iyul 2014- cü il tarixli kredit kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı 07 iyun 2021-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən MM-nin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla o, da müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə, Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində və cərimə borcu hissəsində qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənləri, eləcə də iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının 25 sentyabr 2023-cü il tarixli, 9/5365 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi üzrə obyektiv olaraq müəyyən edildiyini üçün eksperti rəyi daha mötəbər sübut növü kimi qəbul edilməklə əsas götürülməli və kredit müqaviləsi müddətində hesablanmış 3232.76 ABŞ dolları əsas, 840.70 ABDŞ dolları faiz, illik 5% hesablanmaqla 430.77 ABŞ dolları fazi borcu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, iddianın əsas borca hesablanmış 3372.47 ABŞ dolları cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, ümumilikdıə isə cərimə məbləği əsas məbləğin yüz faizi kimi yüksək məbləğdə tələb edildiyindən, cərimə məbləği məhkəmə tərəfindən azaldılaraq əsas məbləğin təxminən on faizi həddində- 300 ABŞ dolları məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 132.69 manat məbləğində dövlət rüsumunun 70.14 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Buna görə də, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspetizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3232,76 ABŞ dollar əsas, 840,70 ABŞ dolları faiz, 300 ABŞ dollar cərimə və kredit müqaviləsi bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 430.77 ABŞ dolları borc olmaqla cəmi 4804.23 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc, həmçinin 70.14 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspetizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar