Məhkəmə qərarları › İş №e-2(049)-228/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-228/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-228/2023 16.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 Babalı oğlunun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 20.968,22 ABŞ dolları məbləğində kredit borcu, 6.723,59 ABŞ dolları məbləğində faiz borcu və 20.253,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 47.945,21 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 334,52 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 kv.m yaşayış, 21,9 kv.m yardımçı, 48,4 kv.m ümumi sahədən ibarət 2 saylı mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və 47.945,21 məbləğində borc, ödənilmiş 334,52 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının itirilmələrinə, onların həmin mənzildən çıxarılmalarına, həmin mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2010cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 10.000(on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin məbləği artırılaraq 100.000(yüz min) ABŞ dolları və kredit xətti müqaviləsinin müddəti artırılaraq 170 (yüz yetmiş) ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000(iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 4.031,78 ABŞ dolları qaytarmış, onun 20.968,22 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2017-cı il tarixə 820 gün üçün hesablanmış faiz borcu 6.723,59 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2017-cı il tarixə 820 gün üçün hesablanmış cərimə 20.253,40 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli 08M000001191 saylı ipoteka müqaviləsi (Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu İsmayılov S.Y. tərəfindən təsdiq edilib) əsasında xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı , 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 7 №-li reyestr kitabının 82 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışda xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 Lənkəran şəhəri, Şəhidlər Xiyabanı , 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilini onun özününün kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və xx.xx.2016-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsihaqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsihaqqında bildiriş xx.xx.2016-cı tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütünöhdəliklərini icra etməlidirlər. Cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən Cavabdeh1 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyib, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi Ramil Əzizova kredit xətti müqaviləsi ilə deyil, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətində, yəni xx.xx.2017-ci il tarixədək qaytarılması şərti ilə kredit verilmişdir. Həmin iddia tələbi ilə bağlı iddia müddəti 3 il olmasına baxmayaraq, iddiaçı xx.xx.2020-ci il tarixədək iddia verilməli olduğu halda, həmin müddətdən təxminən 2 il sonra iddia vermişdir. Buna görə də iddia müddətini ötürmüşdür. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərək mülki işə iştirakları olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, iş materiallarından olan: İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən borcalan Cavabdeh2 60 ay müddətində 10.000 ABŞ Dolları məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış «Kredit Xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» xx.xx.2014-cü il tarixli, 3389 №-li Sazişdən görünür ki, kredit xətti müqaviləsinin məbləği artırılaraq 100.000(yüz min) ABŞ dolları və kredit xətti müqaviləsinin müddəti artırılaraq 170 (yüz yetmiş) ay müəyyən edilmişdir. xx.xx.2010-cu il tarixli Kredit Xətti Müaqviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşmasından görünür ki, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kassa mədaxil Orderlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə 25.000 ABŞ dolları məbləğində pul Cavabdeh2 verilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 08S000018426 №-li, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Quliyev X1 Ramil Əzizağa oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh2 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 08S000018427 №-li, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh2 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08M000001191 saylı ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli xətti kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Ramil Hüseyovun bank qarşısında öhdəliyinin icrasını təmin etmək üçün Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m2 yaşayış, 21,9 m2 yardımçı, 48,4 m2 ümumi sahədən ibarət 2 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Maliyyə Arayışlarından görünür ki, Cavabdeh2 xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə 20.968,22 ABŞ dolları məbləğində kredit borcu, 6.723,59 ABŞ dolları məbləğində faiz borcu və 20.253,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 47.945,21 ABŞ dolları təşkil edir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən, ərizədən və elektron portal qeydindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2014-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, hazırki iddianın verilməsi üçün İddiaçı QSC tərəfindən 334,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh1 xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, əri Cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 2 saylı mənzilinin İddiaçı QSC qarşısında ipoteka qoyulmasına razıdır. İpoteka predmetinə tutuma yönəldikdə və o satıldıqda heç bir etirazının olmayacağını öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı evinin orta bazar qiyməti 34.000, orta likvid qiyməti 27.000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin məbləği artırılaraq 100.000 ABŞ dolları və kredit xəttimüqaviləsinin müddətiartırılaraq 170 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 4031,78 ABŞ dolları qaytarmış, onun 20968,22 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2017-cı il tarixə 820 gün üçün hesablanmış faiz borcu 6723.59 ABŞ dolları təşkiledir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2017-cı il tarixə 820 gün üçün hesablanmış cərimə 20253.40 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli 08M000001191 saylı ipoteka müqaviləsi (Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu İsmayılov S.Y. tərəfindən təsdiq edilib) əsasında xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı , 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh tərəf, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Cavabdeh2 onun öhdəliklərinin icrasına zamin durmuş Cavabdeh3 və Cavabdeh4 Bank qarşısında olan borc öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər və onlar, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyırlar. Qeyd olunan hüquq normalarının tələbi baxmından məhkəmə hesab edir ki, iddia tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi və kredit sazişi üzrə 20.968,22 ABŞ dolları məbləğində əsas və 6.723,59 ABŞ dolları məbləğində faiz borcunun cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 20.253,40 ABŞ dolları məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli olması tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, dəbbə pulunun məbləği müəyyən edilərkən məhkəmələr kreditorun və borclunun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdırlar. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə məhkəmə iddianın İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması üzrə isə 20.253,40 ABŞ Dolları cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə hər bir kredit razılaşması üzrə dəbbə pulunun cavabdehlərdən 500 ABŞ Dolları həcmində tutulmasını daha ədalətli hesab edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianın «kredit borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə» hissəsi qismən əsaslıdır. Məhkəmə bildirir ki, iddia tələbinə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi də daxildir və bununla bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və Cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilə yönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilin ilkin satış qiyməti ilə əlaqədar qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabata əsasən həmin mənzilin orta bazar qiyməti 34.000, orta likvid qiyməti 27.000 manat müəyyən edilmişdir. Tərəflər "xxxx" MMC-nin qeyd olunan hesabatını mübahisələndirmədiyindən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabata əsasən əmlakın orta likvid qiymətinə uyğun müəyyən edilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinin tələbinə görə, isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Göründüyü kimi Qanunda ipoteka predmeti satıldıqdan sonra əmlakın boşaldılması nəzərdə tutulmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakların satıldığı halda əmlaklar ən geci 1 ay ərzində boşaldılmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmalıdır. Məhkəmə Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi və buna görə də iddianın rədd ediməli olması barədə ərizəsinə və məhkəmə iclasında verdiyi izahatına münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit razılaşması 36 ay müddətində olmasına və xx.xx.2017-ci il tarixdə kredit razılaşmasının müddətinin bitməsinə baxmayaraq, həmin kredit razılaşması xx.xx.2010-cu il tarixli 08L000003389 saylı kredit xətti müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 3389 №-li Saziş əsasında bağlanmışdır. Tərəflərin razılığı əsasında qeyd olunan kredit xətti müqaviləsinin müddəti əvvəlcə 60 ay müəyyən olunmuş, daha sonra isə 170 ayadək uzadılmışdır. Belə olan halda kredit xətti müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir ki, iddiaçı da hüquqların pozulması ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda da iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması üzrə 20.968,22 ABŞ Dolları məbləğində kredit borcu, 6.723,59 ABŞ Dolları məbləğində faiz borcu və 500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28.191,81 ABŞ Dolları kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 334,52 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m yaşayış, 21,9 m yardımçı, 48,4 m ümumi sahədən ibarət 2 saylı mənzilə yönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalı, əmlakın ilkin satış qiyməti "xxxx" MMC-nin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli hesabatlara uyğun olaraq orta likvid dəyəri olan 27.000 manat məbləğində müəyyən edilməli, həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması üzrə 20.968,22 ABŞ Dolları məbləğində kredit borcu, 6.723,59 ABŞ Dolları məbləğində faiz borcu və 500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28.191,81 ABŞ Dolları kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 334,52 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26,5 m2 yaşayış, 21,9 m2 yardımçı, 48,4 m2 ümumi sahədən ibarət 2 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satışa çıxarılsın və ipoteka predmetinin ilkin satış qiyməti 27.000 manat məbləğində müəyyən edilsin. Həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılsın və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar