Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-229/2025 27.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1645,00 (bir min altı yüz qırx beş) manat sığorta ödənişi məbləğinin və 36,45 (otuz altı manat qırx beş qəpik) manat dövlət rüsumunun, cəmi 1681,45 (bir min altı yüz səksən birmanat qırx beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbi onunla əsaslandırılmışdır ki, i, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Audi Q7” markalı, T999XB93dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “Audi Q7” markalı, T999XB93dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “Mercedes Benz” markalı, 90XJ722 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1645,00 (bir min altı yüz qırx beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lənkəran RPŞ DYPB-dən İnzibati Xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələrii ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Lənkəran RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Lənkəran RPŞ DYPB-nin Qərarına əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, Lənkəran SRPŞ-nin DYPB-nin axtarış üzrə inspektoru X1 tərtib etdiyi xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati protokol və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarının ləğvi barədə Cavabdeh məhkəməyə şikayət etmişdir və məhkəmənin müvafiq qərarına əsasən barəsində Lənkəran ŞRPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP 441741 saylı qərar onun İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilərək həmin hissədə inzibatı is üzrə icraata xitam verilmişdir. Lakin, iddiaçı isə hadisə yerindən yayınmağını rəhbər tutaraq "İcbari siğortalar haqqında" Azərbaycan Respublikası Qanununun 63.1 -ci maddəsinə istinad edərək (avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır) subroqasiya hüququnun yarandığını əsas gətirmişdir. Ərizəyə əlavə etdiyi sözügedən qərar onun hadisə yerindən yayınmadığımı təsdiq edir və beləliklə iddiaçının subroqasiya qaydasında ödənilmiş sığorta məbləğini ondan tələb etmək hüququnu istisna edir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, məhkməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış PAA********** saylı sığorta müqaviləsindən görünür ki, “Audi Q7” markalı, T999XB93dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Lənkəran ŞRPŞ-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və iş üzrə digər sübutlardan müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Audi Q7” markalı, T999XB93dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “Mercedes Benz” markalı, 90XJ722 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Lənkəran ŞRPŞ-nin DYPB-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş TP seriyalı, 441741 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, həmin qərar əsasında Cavabdeh İXP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində qeyd edilən inzibati xətaları törətməkdə təqsirli bilinərək, 100 manat inzibati cərimə edilmişdir. Lənkəran ŞRPŞ-nin DYPB-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş TP seriyalı, 441741 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, həmin qərar əsasında Cavabdeh İXP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində qeyd edilən inzibati xətaları törətməkdə təqsirli bilinərək, 100 manat inzibati cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli sığorta aktınan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X2 avtomaşınına dəymiş maddi ziyan 1.645 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 006237 saylı, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşınına dəymiş maddi ziyana görə X3 1.645 manat sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ondan subroqasiya qaydasında 2.145 manat pul vəsaitini ödəməsi tələb edilmişdir. Cavabdehin nümayəndəsinin etiraz ərizəsində qeyd etdiyi xüsusatlara əsasən Lənkəran Rayon Məhkəməsinin icraatında olan 3(049)-765/2021 saylı inzibati xəta haqqında iş (inzibati tənbehvermə haqqında qərardan şikayətə dair) öyrənilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Lənkəran ŞRPŞ-nin DYPB-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə və əlavə araşdırma aparılmasına dair qərar qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-765/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh şikayəti qismən təmin edilərək, Lənkəran ŞRPŞ tərəfindən tərtib edilmiş inzibati tənbehvermə haqqında xx.xx.2021-ci il tarixli, TP 441741 saylı qərarı Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilərək, həmin hissədə inzibati iş üzrə icraata xitam verilmiş, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinin araşdırılması üçün qərarın surətinin Lənkəran ŞRPŞ-nə göndərilməsi qərara alınmışdır. Sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verilməmişdir və qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iddiaçının mənzilə mülkiyyət hüququnun olması və həmin hüququn həyata keçirilməsi ilə bağlı maneənin aradan qaldırılması təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21, 936-cı və “İcbari sığortalar haqqında” Aərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 936-cı maddəsinə əsasən, (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Həmin məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı, cavabdehin sığorta hadisəsi zamanı hadisə yerindən yayınmasına görə ona qarşı subroqasiya hüququnun yarandığına əsaslanmaqla ondan sığorta ödənişini tələb etmişdir. Lakin məhkəmənin qərarı ilə cavabdehin barəsində olan inzibati tənbehvermə haqqında qərar onun İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinməsi hissəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) ləğv edilərək, həmin hissədə inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarında cavabdehin eyni inzibati xətaya dair məsuliyyətə cəlb edilməsinə dair inzibati orqanın vəzifəli şəxsinin xx.xx.2021-ci il və 03.06.021-ci il tarixli 2 qərarı mövcud olmasına baxmayaraq, məhkəmənin qərarı ilə həmin inzibati xəta hadisəsi ilə əlaqadar cavabdehin əməlinə hüquqi qiymət verilməklə İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinməsi hissəsində inzibati iş üzrə icraata xitam verilmişdir və həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Belə ki, həmin inzibati xəta hadisəsi ilə əlaqadar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinə hüquqi qiymət verilməsi baxımından məhkəmənin yekun qərarı daha mötəbər sübutdur. Belə olan halda, yuxarıda qeyd edilən qanunvericilik normaları baxımından cavabdehin İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinməsi hissəsində inzibati iş üzrə icraata xitam verildiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ istisna edilir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən 36,45 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən iddia tələbi üzrə iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 36,45 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 36,45 manat dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-229/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-229/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver