Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2433/2025 27.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ İş № 2(049)-2433/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ Lənkəran Rayon Məhkəməsi GİRİŞ HİSSƏ: xx.xx.2026-cİ il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən birgə qaydada 4391.93 ABŞ dolları əsas borc, 1286.51 ABŞ dolları faiz borcu, 2699.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 633.79 ABŞ dolları faiz borcu, cəmi 9011.86 ABŞ dolları və ödənilmiş 135.96 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 23 % dərəcəsi ilə 7.650 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli 190005440/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 6.715,12 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək 48 ay təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 07 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.611,33 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5.574,46 ABŞ dolları əsas borc, 1.677,16 ABŞ dolları faiz borcu və 359,71 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə cəmi borcu 9.011,86 ABŞ dolları təşkil edir. Həmin məbləğdən 4.391,93 ABŞ dolları əsas borc, 1.286,51 ABŞ dolları faiz borcu, 2.699,63 ABŞ dolları cərimə, 633,79 ABŞ dolları isə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu təşkil edir. Qeyd olunan əsaslara görə xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən birgə qaydada 4391.93 ABŞ dolları əsas borc, 1286.51 ABŞ dolları faiz borcu, 2699.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 633.79 ABŞ dolları faiz borcu, cəmi 9011.86 ABŞ dolları və ödənilmiş 135.96 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclaslarında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclaslarında verdiyi izahatnda göstərdi ki, xx.xx.2014-cü il tarixdə bankdan 6000 manat məbləğində kredit götürmüşdür. Kredit alarkən ona manatla, yəni AZN ilə ödəniş cədvəli verilmişdir. Ona kreditin ABŞ dolları ilə olduğunu deməmişlər, o da cədvələ baxmayıb imza etmişdir. Kredit məbləğini iddiaçıdan aldıqdan sonra bir müddət kreditin qrafik üzrə aylıq ödənişlərini gecikmə olmadan həyata keçirmişdir. Həmin müddətdə aylıq ödənişini vaxtlı-vaxtında etmiş, hətta bəzən artıq ödəniş də etmişdir ki, borcu tez bitsin. Sonradan isə maddi vəziyyəti ilə bağlı aylıq ödənişlərdə gecikmələr olmuşdur. Sonradan ABŞ dollarının məzənnəsi qalxmışdır və onu banka dəvət etmişlər. Onun üçün yeni cədvəl tərtib edilmiş və ödənişin miqdarı dəyişdirilmişdir. Bank fəaliyyət göstərməsə də o, 3 il də ödənişlərə davam etmişdir. 2017-ci ildə bankın işçisi X1 ona zəng edib yeni təklif edərək yeni cədvəllə ödəniş etməyin onun xeyrinə olacağını demişdir. O, müəllim işləyir və dərsdə olduğu üçün banka getməyə vaxtı olmamış, bankın iki əməkdaşı onun iş yeri olan 7 saylı məktəbə gəlib ona təzə cədvəl təqdim etmişlər. O da onlara inanıb imzalamışdır. Sonra da yeni cədvəl üzrə vaxtlı-vaxtında ödəniş etmişdir. O, 2019-cu il və əvvəlki illərdə də iddiaçının hesabına vəsait ödəmişdir. Bir müddət sonra ölkə rəhbərinin fərmanı ilə ABŞ dolları ilə kredit ödəyənlərə güzəşt olunmuş və kredit borcları restrukturizasiya edilməklə kompensasiya ödəniləcəyi məlum olmuşdur. O da bunu eşidib banka müraciət etmiş və ona indiyədək etdiyi ödənişlərə görə pul qaytarılacağı və borcunun silindiyi deyilmişdir. Lakin bununla bağlı ona heç bir sənəd verilməmişdir. Bundan sonra kredit borclarının restrukturizasiya edilməsi ilə əlaqədar banka olan borcundan artıq ödədiyi 5469.36 manat məbləğ kompensasiya olaraq ona geri ödənilmişdir. Bir neçə ildən sonra ərinin müalicəsinə pul lazım olduğu üçün “Azərbaycan Beynəlxalq Bankı”ndan pul götürmək qərarına gəlmişdir. Həmin bankdan ona adında kredit borcu olduğu deyilərək yeni kredit verilməmişdir. Bundan sonra o, Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Orada ona bu illər ərzində ödədiyi məbləğlərin faiz borcuna silindiyini, əsas borcunun qaldığını, vaxtlı-vaxtında pul ödədiyinə görə prezident fərmanının ona aid olunmadığını, gecikməsi olmadığına görə adının həmin fərmanın təsiri altına düşən şəxslər sırasına salınmadığını demişlər. O, həmin orqanda konkret olaraq kimə müraciət etməsini xatırlamır, ailə problemlərinə başı qarışdığı üçün bundan sonra heç yerə də getməmişdir. Kredit müqaviləsi bağlandığı vaxtdan 11 il keçəndən sonra İddiaçı ASC-nin ona qarşı qaldırdığı iddia tələbindən narazıdır. İddiaçı onun ödədiyi məbləğlərin hansı hesaba ödənildiyini ona sübut etməlidir. 2014-cü ildə aldığı 6000 manat vəsaitə görə kredit borcunu vaxtlı-vaxtında ödədiyi halda, hazırda onun adına 15000 manata yaxın borc yazılmışdır. Hazırda onun banka heç bir borcu yoxdur və hesab edir ki, iddiaçı ona qarşı əsassız iddia tələbi irəli sürmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə digər Cavabdeh2 da iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 xahişi ilə, onun aldığı kreditə görə bankla onun arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh1 tərəfindən verilən məlumata əsasən həmin müqavilə üzrə banka olan kredit borcu tam şəkildə ödənilmişdir və onun bank qarşısında öhdəliyi qalmamışdır. Bu müddət ərzində kreditin tam ödənmiş olduğunu və bank qarşısında heç bir zaminlik öhdəliyinin qalmadığını bilmişdir. Həmçinin, kredit üzrə son ödəniş və ya rəsmi tələb tarixindən etibarən üç ildən artıq vaxt keçmişdir. Ona qarşı hər hansı zaminlik öhdəliyinin qalmasına dair rəsmi bildirişlər və ya icra tədbirləri aparılmamışdır. İddiaçı tərəfindən onun ünvanına heç bir yazılı bildiriş, tələb və ya xəbərdarlıq məktubları da göndərilməmişdir. Bu isə o deməkdir ki, iddiaçı iddia müddətini keçirmişdir. O, uzun müddətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 2014-cü ildə bağlanmış həmin kredit müqaviləsi üzrə öhdəliyinin bitdiyini hesab etmişdir. Əgər həmin müqavilə üzrə ödənilməmiş borc qalsaydı da, iddiaçının bu qədər uzun müddətdə passiv davranaraq sonradan onlara qarşı tələb irəli sürməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Ona görə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir.Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin ona dair hissəsi üzrə iddia müddətinin tətbiq edilməsini və tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddiaçının tələbi ilə razı olmadığını və banka hər hansı miqdarda borcu qalmadığını bildirərək iş üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilib keçirilməsini məhkəmədən xahiş etmiş, onun vəsatətinə əsasən məhkəmənin müvafiq qərardadı əsasında iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibat ekspertizası üzrə ekspertin xx.xx.2025-ci il tarixli məlumatında qeyd edilmişdir ki, ekspertə təqdim edilən hesabdan çıxarış məlumatlarının bir qismi AZN hesabında, bir qismi isə cədvəl şəklində təqdim edilmişdir. Kredit müqaviləsi üzrə ödənişləri və silinmələri tam şəkildə əks etdirən, ABŞ dolları hesabında aparılmış əməliyyatlara dair cari hesabdan çıxarış məlumatları (X2 Planına uyğun) iş materiallarına əlavə edilmədiyindən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış və ekspertizanın aparılmasından imtina edilmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh1 2018-ci ilin fevral ayı ilə 2019-cu ilin fevral ayını əhatə edən dövrdə hər ay müntəzəm olaraq (hətta, bəzi hallarda bir ay ərzində iki dəfə və ya daha artıq) ödəniş etmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “Problemli kreditlərin kompensasiyası” adlı məlumat vərəqəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ABŞ dolları ilə verilmiş kredit üzrə ödənişlərə görə ona cəmi 5469.36 manat kompensasiya ödənilmiş, həmin sənəddə onun restrukturizasiya məbləğinin olduğu (0.00) qeyd edilməmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2014-cü il tarixli 190005440/ZM nömrəli zaminlik müqaviləsi, xx.xx.2015ci il tarixli 01 və 02 nömrəli, xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişlər, həmin əlavə sazişlərə uyğun ödəniş cədvəlləri, xx.xx.2025-ci il tarixli bildiriş və xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh1 müraciəti əsasında onunla iddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 23 % dərəcəsi ilə 48 ay müddətinə 7650 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 11770.84 ABŞ dolları əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə 2015-ci və 2017-ci illərdə əlavə sazişlər bağlanılaraq müqavilənin müddəti və ödəniş şərtləri dəyişdirilmiş, müqavilənin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilərək kredit və zaminlik müqavilələri üzrə öhdəliklərin lazımi qaydada icra edilmədiyi, kreditin ödənişi qaydalarına tam şəkildə riayət edilmədiyi qeyd edilmiş, borcun ödənilməsi tələb edilərək əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bindan sonra iddiaçı kredit müqaviləsi üzrə borc məbləğinin tam şəkildə ödənilmədiyini iddia edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 135.96 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən birgə qaydada 4391.93 ABŞ dolları əsas borc, 1286.51 ABŞ dolları faiz borcu, 2699.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 633.79 ABŞ dolları faiz borcu, cəmi 9011.86 ABŞ dolları və ödənilmiş 135.96 manat dövlət rüsumunun tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh1 2014-cü ildə iddiaçıdan, həqiqətən də, 48 ay müddətinə illik 23 % dərəcəsi ilə kredit götürdüyünü, lakin kreditin ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə verildiyini, kredit borcları restrukturizasiya edilərkən ona kompensasiya ödənilməsinin də nəzərdə tutulduğunu, həmçinin kredit borcunu uzun müddət əvvəl tam şəkildə ödədiyini bildirərək tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 isə iddia tələbinin ona dair hissəsi üzrə iddia müddətinin tətbiq edilməsini və tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüşdür. Həmin müqavilənin qeyd olunan Fərmanın təsiri altına düşdüyünü hazırki iş üzrə tərəflər də mübahisələndirməmişlər. Adı çəkilən Fərmanın 8.7-ci bəndinə əsasən restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8-ci bəndinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə hazırlanmış və xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Qaydaların 2.1.10-cu bəndinə əsasən kompensasiya - fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğdir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydaların 6.4.1-ci bəndinə əsasən kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur. Qeyd olunan normaların ümumi məzmunundan göründüyü kimi, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə əsas kredit borcundan ödənilməmiş qalan qalıq məbləği olduqda, həmin qalıq məbləği restrukturizasiya olunaraq tərəflər arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanır. Hazırki işdə məhkəməyə təqdim edilmiş “Problemli kreditlərin kompensasiyası” adlı məlumat vərəqəsindən isə görünür ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh1 verilmiş kredit üzrə ödənişlərə görə ona kompensasiya ödənilmiş, lakin həmin sənəd üzrə onun əsas kredit borcunun qalıq məbləği, yəni restrukturizasiya olunmalı məbləğ qeyd edilməmişdir. Bu da onu deməyə əsas verir ki, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə tətbiqi zamanı həmin müqavilə üzrə cavabdehin hər hansı məbləğdə qalıq borcu olmamışdır. İddiaçı da həmin müqavilə üzrə hər hansı borc qalığının qaldığını və ya həmin borc qalığının restrukturizasiya edilərək tərəflər arasında yeni kredit müqaviləsinin bağlandığını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlarda və borc qalığına dair maliyyə arayışında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borc məbləği (əsas borc, faiz borcu və cərimə) qaldığı qeyd edilsə də, həmin məbləğlərin haradan yarandığı və hansı əsasla hesablandığı iş materiallarından və iddiaçının dəlillərindən müəyyən edilmir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinin əsaslandırıldığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə Cavabdeh1 ona qarşı olan iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi halları mötəbər sübut kimi qəbul edir və həmin sübutları ona qarşı olan iddia tələbinin rədd edilməsi üçün yetərli hesab edir. Eyni zamanda, məhkəmə xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 verilmiş kredit məbləği üzrə hazırda borc qalığının qalmadığı və kredit borcunun tutulmasına dair hazırki iddia tələbinin əsassızlığı qənaətinə gəldiyinə görə iş üzrə digər Cavabdeh2 iddia tələbinin ona dair hissəsi üzrə iddia müddətinin tətbiq edilməsi və tələbin rədd edilməsi barədə vəsatətini müzakirə etməyə lüzum görmür və qərara gəlir ki, məhkəmə iclasında araşdırılmış və hüquqi qiymət verilmiş faktların nəticəsi olaraq iddia tələbi hər iki cavabdehə qarşı məhz həmin tələbin əsaslandırıldığı halların sübuta yetirilməməsi əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 135.96 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 4391.93 ABŞ dolları əsas borc, 1286.51 ABŞ dolları faiz borcu, 2699.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 633.79 ABŞ dolları faiz borcu, cəmi 9011.86 ABŞ dolları və ödənilmiş 135.96 manat dövlət rüsumu tutulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə müraciət etmək üçün ödədiyi 135.96 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-2433/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2433/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver