Məhkəmə qərarları › İş №e-2(049)-2485/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2485/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2485/2024 03.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 14873.25 manat məbləğində əsas borcun, 2242.81 manat faiz borcun, 285.91 manat məbləğində cərimə borcunun, cəmi 17401.97 manat borcun və 144 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 47 ay müddətinə, illik 20.5% olmaqla 17500 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh1 (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək kredit müqаviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icra etməlidirlər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndədərək işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini tam qəbul etdiyini, maddi vəziyyəti ilə bağlı ödənişləri vaxtında edə bilmədiyini göstərib, iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 məhkəmə bildirişi göndərilməklə rəsmi məlumat verilmiş, cavabdeh 15 avqust 2024-cü il tarixdə məhkəmə bildirişini poçt vasitəsi ilə almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022ci il tarixli CP/47149/83/16 saylı Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya (Cavabdeh2) 47 ay müddətinə, illik 20.5% olmaqla 17500 manat məbləğində kredit vermişdir. Cavabdeh isə həmin kereditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5-ci bəndində əsasən Cavabdeh1 kreditin ödənilməsində zamin olmuşdur.. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli CP/47149/83/16 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsi üzrə öhədlyi yerinə yetirməsinə zamin olmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli CP/47149/83/16 saylı kredit müqaviləsindən əsasən, İddiaçı ASC ilə X2 arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun X1 bank tərəfindən 47 ay müddətinə, illik 20.5% olmaqla 17500 manat məbləğində cərimə borcu yaranmış, gecikmə borcunu ödənilməsi barədə xəbərdar edilmiş və əks təqdirdə kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə rəsmi xəbərdarlıq olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə ********** saylı qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət üçün 144 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 501-ci maddəsinə əsasən Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, müəyyən olunur ki, cavabdeh iddiaçıdan istehlak məqsədi ilə 17500 manat kredit pulun faizi ilə birlikdə verilməsi məqsədi ilə müqavilə bağlamış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliyin icrasından boyun qaçırmışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14873.25 manat məbləğində əsas borc, 2242.81 faiz borcu, 285.91 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 17401.97 manat məbləğində borc və 144 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar