Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2487/2025 11.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək onun, yəni İddiaçı ünvan 1 ünvanında yerləşən atası X2 məxsus olan fərdi yaşayış evində yaşamasına və həmin evdə kommunal xidmətlər olan işıq, qaz və sudan istifadə etməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması, cavabdehlərdən ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, valideynləri və digər bacı qardaşları ilə birgə ünvan 1 ünvanında yerləşən atası X1 məxsus evdə yaşamışlar. Atası 1998-ci ilin dekabr ayının 26da vəfat etmiş, 2000-ci ilə kimi onlar həmin evdə yaşamışlar. Qardaşı Elman həmin vaxt ailəli olduğundan və onun uşaqları böyüdüyünə görə evdə darısqallıq olduğundan o və anası X7 kiçik olan Teymur adlı qardaşı həmin həyətdə olan yaşadıqları evdən daha geniş olan evə çağırmışlar və həmin evdə qalmalarına şərait yaratmışlar. Lakin o, anası, eləcə də digər bacı və qardaşları Elmanın qaldığı atalarına məxsus olan evdən istifadə etmişlər və son zamanlara kimi də həmin evdə yaşamaqla oradan istifadə etmişdir. 2023-cü ilin fevral ayında anası vəfat etdikdən sonra Teymurun arvadı Şövqiyyə onun onların evində olan şəxsi əşyalarını da götürməsini bildirmişlər, o da şəxsi əşyaları olan geyim əşyalarını götürüb tam olaraq atasından miras qalmış həmin evə, yəni Qalayçılar küçəsi, ev 21 A ünvanda yerləşən evə getmək istədikdə üzür mərasimini yola verəndən iki gün sonra həmin evdə yaşayan cavabdehlərdən Cavabdeh1 evdə dava salaraq onu və digər bacılarını həyətdən qovmuşdur. Bacılarının öz evləri olsa da, onun yaşayış yeri olmadığından məcbur qalıb bacılarının evində bir neçə gün qalmışdır. Elman Rusiyaya qayıdandan sonra həmin evə gedib yaşamaq istəsə də, Elman Rusiyadan arvadı Gülnaza göstəriş verərək onun həmin evdə yaşamasına imkan verməmiş və hazırda da evi açarlayaraq onun evə girişini və həmin evdən istifadə etməsini məhdudlaşdırmış, həmin evdə olan işıq, qaz və su xəttlərini qaldığı otaqdan ayıraraq onun uzun müddətdir ki, kommunal xidmətlərdən istifadə etməsinə maneə yaradırlar. Cavabdehlərin Bakı şəhərində yaşayan Könül adlı qızı da həmin evə müvəqqəti də olsa gəlmiş və hazırda o da anası ilə birlikdə onun valideynlərindən miras qalmış və qeydiyyatda olduğu evdə yaşamasına maneə yaratmaqla həmin evdən istifadəsinə suni surətdə maneə yaratmış və həmin maneəni yaratmaqda da davam edirlər. Aralarında olan mübahisəni cavabdehlər könüllü olaraq həll etmək istəmədiklərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən ev mərhum atasının evidir. Həmin ev əvvəlcə iki otaqlı olmuş, sonradan bir otaq da artırılmışdır. O, kənarda yerləşən otaqda tək yaşayır. Evin kommunal xidmətlərilə bağlı sənədlər mərhum anasının adına olmuş, lakin ondan xəbərsiz qardaşı bütün sənədləri özünün adına keçirmiş və hazırda kommunal xidmətlərdən, yəni işıq, qaz və sudan istifadə edə bilmir. Çünki cavabdehlər onun istifadəsinə maneçilik yaratmışlar. Hətta həyətin quyusunun üstünü də sementlə bağlamışlar ki, ondan da istifadə edə bilməsin. O, cavabdehlərlə birgə kommunal xidmətlərdən istifadə etmək istəmir. Əgər cavabdehlərlə şərikli istifadə etmiş olsa o zaman kimin nə qədər istifadə etdiyini bilməyəcəklər və pul ödənilən zaman da narazılıqları yaranacaq. Cavabdehlər evlərində iran sobası işlədirlər, onlar iki otaqdan istifadə edirlər, o isə bir otaqdan istifadə edir və odun peçi işlədir. Bu isə o deməkdir ki, xərcləri də fərli olacaqdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən evdə hazırda tək yaşayır. Əri, yəni iş üzrə digər Cavabdeh1 hazırda Rusiya Federasiyasındadır və hazırki mübahisədən xəbərdardır. Həyat yoldaşı Cavabdeh1 valideynlərinin vəfatından sonra evin kommunal xidmətlərinin bərpasına 300 manat xərc çəkmiş və sənədlər onun adınadır. İddiaçı onun baldızıdır və onlar yuxarıda qeyd edilən ünvanda bir fərdi yaşayış evində yaşayırlar. İddiaçının qeyd etdiyi kimi onun kommunal xidmətlərdən istifadəsinə qadağalar qoyulub və bunu təsdiq edir. Belə ki, həyat yoldaşı digər Cavabdeh1 hazırki İddiaçı yaşadığı otağa gedən elektrik, qaz və su xətlərini kəsmişdir. O,iddia tələbini iddiaçı ilə birgə kommunal xidmətlərdən şərikli istifadə edəcəklərsə o halda qəbul edir. Həm o, həm də iddiaçı tək yaşayırlar və evin kommunal xidmətlərindən birgə istifadə edib ödənişlərin yarısının onun, yarısının isə iddiaçı tərəfindən ödənilməsinə razıdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran şəhər İcrayə Komitəsinin xx.xx.1973-cü il tarixli 38 nömrəli qərarı ilə təsdiq olunan X2 məxsus evin sənədindən görünür ki, Lənkəran şəhəri, Şevçenko küçəsi, 12 nömrəli evdə 1930-cu il təvəllüdlü X3, xx.xx.1946-cı il təvəllüdlü X4, xx.xx.1970-ci il təvəllüdlü X5, xx.xx.1976-cı il təvəllüdlü X6, xx.xx.1970-ci il təvəllüdlü X8, xx.xx.1993-cü il təvəllüdlü X9 qeydiyyatdadırlar. Elektron məhkəmə informasiya sistemindən görünür ki, iddiaçı X6 hazırki mübahisə predmeti olan ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 24 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İV bəndlərinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Beləliklə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatı və iş materialları ilə təsdiq olundu ki, ünvan 2 ünvanında iddiaçı və cavabdehlər birgə yaşayırlar. Həmin evin hazırda nə iddiaçı nə də cavabdelərin adına mülkiyyət hüququ ilə keçirilməsi müəyyən edilməsə də lakin evin ilkin sənədləri qeyd edilən fərdi yaşayış evinin iddiaçı və cavabdehlərdən Cavabdeh1 atalarına məxsus olması müəyyən edilir. Bu səbəbdən də hər iki şəxsin gözlənilən mülkiyyət hüququ mövcuddur. İşin faktiki halıdır ki, iddiaçı və cavabdehlər qeyd edilən fərdi yaşayış evində birgə yaşayırlar və öz aralarında evi naturada bölmüşlər. Həmçinin cavabdeh etiraf edir ki, iddiaçının kammunal xidmətlərdən istifadəsinə faktiki maneə yaratmışlar və aralarında razılıq olsa yenə həmin xidmətlərdən birgə istifadə edə bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən kommunal xidmətlər olan-işıq, qaz və sudan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya yaradılan manelər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfdən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənlməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən, eləcə də kommunal xidmətlər olan - işıq, qaz və sudan istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan manelər aradan qaldırılsın. İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2487/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2487/2025
11.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver