Məhkəmə qərarları › İş №e-2(049)-2515/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2515/2025

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Lənkəran şəhəri İş № e-2(049)-2515/2025 02.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSI Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçı İddiaçı Həsənli oğlunun vəkili və nümayəndəsi Nümayəndə Nusrət oğlunun, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Həsənov İbarət Əhəd oğlunun iştirakı ilə, iddiaçı İddiaçı Həsənli oğlunun cavabdeh Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Həsənli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cavabdeh, idarə etdiyi “HYUNDAI TUCSON minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi avtoqəza nəticəsində mülkiyyətində olan “BMW” markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın - 18723 (on səkkiz min yeddi yüz iyirmi üç) manat 62 (altmış iki) qəpik məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manatın və 147 manat 37 qəpik dövlət rüsumu olmaqla, cəmi 19270 (on doqquz min iki yüz yetmiş) manat 99 qəpik məbləğdə pulun tutularaq ona ödənilməsinə dair məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə saat 08:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində cavabdeh Cavabdeh “HYUNDAİ TUCSON minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək avtoqəza törədərək, nəticədə mülkiyyətində olan, etibarnamə əsasında X5 idarə etdiyi “BMW” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobilinə ziyan dəymişdir. Cavabdeh Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunaraq, 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh Cavabdeh avtoqəza törətdikdən sonra avtomobilini lazımi səviyyədə təmir etdirəcəyinə və ya təmir xərclərini ödəyəcəyinə söz vermiş, lakin sonradan o, verdiyi sözü tutmamış, avtomobilimin təmiri ilə maraqlanmamışdır. Baş vermiş yol-nəqliyyat qəzası nəticəsində mülkiyyətində olan “BMW” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın hesablanması və təmiri olunması məqsədilə tərəfimdən “BEST AUTO SERVİCE” MMC-nə müraciət olunmuşdur.“BEST AUTO SERVİCE” MMC-nin ##.##.2025-ci il tarixli qüsur aktına əsasən, mülkiyyətində olan “BMW” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 18723 (on səkkiz min yeddi yüz iyirmi üç) manat 62 (altmış iki) qəpik xərclənmişdir:1) istifadə olunmuş ehtiyat hissələrinin alınması - 17423,62 manat; 2) görülmüş təmir işlərinə görə usta pulu - 1300 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Həsənli oğlunun vəkili və nümayəndəsi Nümayəndə Nusrət oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, ekspertiza rəyi ilə razı deyil. Ekspertiza rəyi zamanı avtomobilə dəyən ziyan 13.000 manat kimi göstərilmişdir. Lakin bu düzgün deyil. Belə ki, məhkəməyə təqdim etdiyi sübut əhəmiyyətli qüsur aktından da göründüyü kimi iddiaçının avtomaşınına dəymiş maddi ziyanın məbləği 18.723 manat təşkil edir. Avtomobilin bazar qiyməti 60.000 manatdır. Sığortanın bildirdiyi qiymət düzgün deyil. Səbəbi isə budur ki, sığorta işə maraqlı şəxsdir. İddiaçı sözügedən yo-hərəkət hadisəsi zamanı avtomaşınına dəymiş ziyanla əlaqədar icbari sığortadan 5.000 manat sığorta ödənişi almışdır. İddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında qeyd etdi ki, avtoqəza mart ayının 26-da baş vermişdir. 1 aprel tarixində qarşı tərəf və onun yaxınları onu görüşə çağırmışlar. Görüş zamanı qarşı tərəf ümumi xərcin 9.400 manat olduğunu bildirmiş və sığortanın qarşı tərəfə 5.000 manat məbləğində vəsait ödədiyini bildirmişdir. Ondan 4.400 manat istəmiş və bununla məsələnin həll olunacağını bildirmişdir. Lakin o, bu məbləğin çox olması səbəbindən buna razı olmamışdır. Həmin zaman ona dedimişdir ki, sığortanın 5.000 manatı ilə yanaşı 2.000 manata kimi ona verə bilər. “BEST AUTO SERVİS”in qüsur aktı həqiqətləri əks etdirmir. Avtomobil “KİA SERVİS”də təmir edilmişdir. Qarşı tərəfin göstərdiyi qüsur aktının həqiqiliyini təsdiq edən hər hansısa bir sənəd mövcud deyil. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Həsənov İbarət Əhəd oğlu izahatında bildirdi ki, onlar da məhkəmənin təyin etdiyi ekspertin rəyi ilə razı deyillər. Hadisə mart ayının 26-sı olmuşdur. Həmin hadisədən dərhal sonra gəlmiş sığorta əməkdaşları tərəfindən avtomobilin 5 hissəsinə dəymiş ziyan 7.200 manat kimi göstərilmişdir. Sığorta əməkdaşları digər xərcləri, yəni usta, rəng və s. 800 manat kimi göstərmişdir. 16 aprel tarixli “BEST AUTO SERVİC” MMC-nin qüsur aktını əsasən dəymiş ziyan 18.723 manat kimi göstərilmişdir. Bu qüsur aktında və məhkəmənin təyin etdiyi ekspert rəyi zamanı ziyan dəymiş hissələr 5 adda deyil, 25 adda göstərilərək, qiymətləndirilmişdir. Bu tamamilə düzgün deyil. Həmçinin ekspertiza tərəfindən baxış keçirilən zaman tərəflər də iştirak etməlidir. Eyni zamanda “BEST AUTO SERVİC” MMC-nin qüsur aktında bir avtomobil farasının qiyməti kimi 3.000 manatdan çox göstərilmişdir. Sığorta əməkdaşları tərəfindən isə 1.500 manat kimi göstərilmişdir. Qüsur aktında göstərilənlər sübut edilməlidir. Avtomobilə dəymiş ziyanın qiymətini düzgün müəyyənləşdirmək istəsələrdi, avtomobilin düzəldəcəkləri zaman cavabdehi də özləri ilə aparmalı idilər. Cavabdeh avtomobil düzəldilən zaman onlarla birlikdə gəlmək istəmiş, lakin qarşı tərəf buna icazə verməmişdir. Hal-hazırda avtomobilin ehtiyat hissələrinin həqiqətən də təzə hissələrlə dəyişdirilməsi və ya köhnə işlənmiş hissələrdən istifadə ilə təmir etməyin müəyyən etmək mümkün deyildir. Əgər qarşı tərəfin iddia etdiyi kimi dəymiş zərər 18.723 manatdırsa, o zaman bunu təsdiq edən sənədləri və qəbzləri göstərməlidirlər. Qarşı tərəf avtomobilin qiymətinin 60.000 manat olduğunu qeyd edir, lakin bu qiymət yalnız həmin avtomobilin yeni versiyasının qiymətidir. İddiaçı uzun müddətdir həmin avtomobili istifadə etmişdir. Avtoqəzadan müəyyən müddət sonra qarşı tərəf 4000 manata barışıq təklif etmişdir. Lakin cavabdeh sadəcə 3.000 manat verə biləcəyini ifadə etdikdən sonra isə 9.000 manata qaldırmışdır. Ekspertiza rəyi verən şəxsin məhkəməyə dəvət edilməsi və ya ekspertizanın yenidən təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: ## ### 2025-ci il tarixli iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar pretenziya qaydasında həll edilməsini təklif edilmişdir. ##.##.2025-ci il tarixli “BEST AUTO SERVİCE” tərəfindən verilmiş qüsur aktından görünür ki, “BMW” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə istifadə olunaqcaq ehtiyat hissələri və görüləcək təmir işlərinin yekun məbləği 18.723,62 manatdır. ##.##.2025-ci il tarixili İXP seriyalı 7000994 sayılı inzibati xəta haqqında Bakı şəhər DYPİ-nin R X2 tərəfindən tərtib edilən protokoldan görünür ki, ##.##.1998-ci il tarixində anadan olmuş Cavabdeh (FİN: 50AYXON) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xata törədilmişdir. ##.##.2025-ci il tarixli TP 7137921 sayılı Bakı şəhər DYPİ-nin R X2 tərəfindən tərtib edilən qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixili İXP seriyalı 7000994 sayılı inzibati xəta haqqında protokola əsasən, o, İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. ##.##.2025-ci il tarixli 13626 nömrəi qəbzdən görünür ki, İddiaçı Həsənli oğlu tərəfindən 6 sayılı Vəkil Bürosuna 400 manat məbləğində pul vəsaiti ödənmişdir. ##.##.2025-ci il tarixli **** nömrəli qəbzdən məlum olur ki, İddiaçı Həsənli oğlu tərəfindən dövlət rüsumuna görə 148 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “HYUNDAİ” markalı “**-GQ-***” qeydiyyat nömrəli avtomobil ilə “BMW” markalı “**-XB-***” qeydiyyat nömrəli avtomobilin toqquşması nəticəsində avto-qəza baş vermişdir. “HYUNDAİ” markalı “**-GQ-***” qeydiyyat nömrəli avtomobilin sağ yan hissəsi və “BMW” markalı “**-XB-***” qeydiyyat nömrəli avtomobilin qabaq hissəsi zədələnmişdir. BB 469769 qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW X3 SDRİVE 30İ" markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu əsasında “xxxx” ASC-dən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “xxxx" ASC-də AVSMMİS sığorta növü üzrə sığortalanmış “Hyundai Tucson" markalı, ** GQ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Ceyhunbəy Hacıbəyli küçəsi, 166 a ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW X3 SDRİVE 30İ" markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “xxxx" ASC tərəfindən “BMW X3 SDRİVE 30İ" markalı. ** XB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ##.##.2025-ci il tarixdə 5000 (beş min) manat sığorta ödənişi həyata keçirilmişdir. Məhəkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair “Caspian Valution” Qiymətləndirici təşkilatı tərəfindən tərtib edimiş CVN/F**-***/** saylı, ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, həmin rəy əsasında ##.##.2025-ci il tarixdə saat 08:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində cavabdeh Cavabdeh idarə etdi “HYUNDAI TUCSON minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı mülkiyyətində olmaqla etibarnamə əsasında X5 idarə etdiyi “BMW” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində “BMW” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə (sıradan çıxmış ehtiyat hissələri və avtomaşının bərpasına tələb edilən xərclər nəzərə alınmaqla) həmin vaxt üçün dəymiş ziyanın sıradan çıxmış ehtiyat hissələri üçün – 11.900 manat və əmək haqqı – 1.150 manat olmaqla, ümumilikdə 13.050 manat olduğu müəyyən edilmişdir. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 149 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia tələbinə qiymət verərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən müəyyən olunur ki, o cavabdehin təqsirli hərəkəti üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus nəqliyyat vasitəsinə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin 21, 1096, 1097.1 və 1108-ci maddələridir. Belə ki, MM-nin 21-ci maddəsinə görə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 1096-cı maddəsinə əsasən; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1108-ci maddəsində qeyd olunur ki; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yol-hərəkəti qaydalarını pozub yol nəqliyyat hadisəsi törətmişdir. Yaranmış yol-hərəkət hadisəsi nəticəsindən İddiaçı Həsənli oğlunun xüsusi mülkiyyətində olan avtomaşına ümumilikdə 13.050 manat maddi ziyan dəymişdir. İcbarı sığorta ödənişi kimi İddiaçı Həsənli oğluna sığorta şirkəti tərəfindən 5.000 manat sığorta ödənişi edilmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə cavabdeh Cavabdeh avtomaşına dəymiş maddi ziyana dair 8.050 manat alınaraq, iddiaçı İddiaçı Həsənli oğluna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1 maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xərcə dair 400 manat və iddia tələbinin təmin edilməsi hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,5 manat Cavabdeh alınaraq, iddiaçı İddiaçı Həsənli oğluna ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanla əlaqadar avtomaşına dəymiş ziyana dair 8.050 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı Həsənli oğluna verilsin. Hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xərcə dair 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,5 manat olmaqla, cəmi 461,5 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı Həsənli oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar