Məhkəmə qərarları › İş №e-2(049)-2660/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2660/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2660/2025 11.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı “Bank of Baku» ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kreditin borcunun qaytarılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada xx.xx.2012-cü il tarixli DK0008216/12 saylı müqaviləyə əsasən 147,65 manat olmaqla, əsas borc üzrə 117,65 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-cü il tarixli DK0008216/12 saylı, müqaviləyə əsasən ona 150 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum Cavabdeh4 iddiaçı banka 147,65 manat borcu vardır. Cavabdeh4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 1 saylı notariat ofisinin asan xidmət notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən Cavabdeh4 Məhəmməd oğlu vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, mərhum atası Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-cü il tarixli DK0008216/12 saylı kredit müqaviləsi əsasında mərhum atasına150 manat məbləğində kredit verilmişdir. Belə ki, atası xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən, xx.xx.2020-ci il tarixdə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında miras payını qəbul edərək, rəsmi varisə çevrilmişdir. Cavabdeh qismində cəlb olunduğu e-2(049)-2660/2025 saylı mülki iş üzrə elektron məhkəmə sistemində iş materialları ilə tanış olarkən, aydın şəkildə görülməkdədir ki, mərhum atasının götürmüş olduğu kredit borcundan 13 ildən artıq müddət keçmişdir. Eləcə də, rəsmi vərəsəliyi qəbul etdiyi müddətdən də 5 ilə yaxın müddət keçmişdir. Aşkar şəkildə görülməkdədir ki, onlar cavabdehlərə qarşı iddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə, eləcə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Odur ki, mülki iş üzrə iddia müddətini tətbiq etməklə, İddiaçı ASC-nin iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, mərhum Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarix də DK0008216/12 saylı müqavilə bağlayaraq 60 aylıq kredit xətti acılmışdır. Həmin kredit müqavilə üzrə ilkin olaraq 150 manat vəsait “Dostlar klubu Gümüş” kartına mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixdə Lənkəran Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə Cavabdeh4 vərəsələrinin olub-olmaması barədə sorğu verilmişdir. Həmin sorğumuza 26 mart 2025 ci il tarixli№ 169 saylı məktubla cavab verilərək, xx.xx.1956-cı il tarixində doğulmuş və xx.xx.2017-ci il tarixdə vəfat etmiş Cavabdeh4 qanun üzrə vərəsələri Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1dır və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2020-ci il tarixdə acılmışdır və onlar miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnaməyə verilən miras əmlak WF0VXXBDFVT32206 mühərrikinin nömrəsi buraxılış ili 2002-ci il olan X5 markalı 42BV628 dövlət nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni 26 mart 2025-ci il tarixdə əldə etdiklərini nəzərə alsa, iddia müddəti ötrülməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-cü il tarixli DK0008216/12 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcluya illik 22.5% faiz olmaq şərti ilə, 60 ay müddətinə 150 manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh4 xx.xx.2012-ci il tarixdə bir ədəd “Dostlar klubu gümüş” plastik kartı İddiaçı ASC-dən təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2012-cü il tarixli DK0008216/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı ASC-yə olan borcu 147 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 2V-519 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, həmin şəhadətnaməyə əsasən, Cavabdeh4 qanun üzrə vərəsələri Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1dır və onlar miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnaməyə əsasən verilən miras əmlak WF0VXXBDFVT32206 mühərrikinin nömrəsi buraxılış ili 2002-ci il olan X5 markalı 42BV628 dövlət nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə Cavabdeh1 xx.xx.2025-ci il tarixli “iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi” barədə məhkəməyə ünvanlamış ərizəsinə münasibətdə bildirərək nəticəyə gəlir ki, iş üzrə iddia müddəti tətbiq edilməlidir və aşağıdakıları qeyd edir: İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarix də DK0008216/12 saylı müqavilə bağlayaraq 60 aylıq kredit xətti acılmışdır. Həmin kredit müqavilə üzrə ilkin olaraq 150 manat vəsait “Dostlar klubu Gümüş” kartına mədaxil edilmişdir. Sözügedən müqavilənin icra müddəti 27 iyun 2017-ci il tarixdə bitmişdir. Hazırki iddia tələbi İddiaçı X4 tərəfindən məhkəməyə 01 iyul 2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göründüyü kimi mərhum mərhum Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış DK0008216/12 saylı 60 aylıq kredit müqaviləsinin icra müddəti 29 iyun 2017-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçı «Bank of Baku” ASC həmin kredit müqaviləsi üzrə tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı təşkilat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı müqavilənin icra müddəti bitdiyi tarixdən, yəni xx.xx.2017-ci ildən başlanılmışdır və xx.xx.2020-ci ildə bitmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı təşkilat tərəfindən məhkəməyə müraciət olunan zaman iddia müddəti ötürülmüşdür. Məhkəmə həmçinin “iddia müddətinin tətbiqi barədə” ərizə ilə cavabdehlərin üçü tərəfindən deyil, yalnız Cavabdeh1 tərəfindən məhkəməyə müraciət edilməsi halına münasibət bildirərək qeyd edir ki, iddia ərizəsindən görünür ki, tələb Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış DK0008216/12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklə əlaqədar onun vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı irəli sürülmüşdür. Belə olan halda məhkəmə, tələbin eyni kredit müqaviləsinə dair öhdəlikdən irəli gəldiyini nəzərə alaraq “iddia müddətinin tətbiqi barədə” ərizənin cavabdehlərdən biri Cavabdeh1 tərəfindən verildiyini ümumi iddia tələbi üçün (digər cavabdehlərə də münasibətdə) kifayət hesab edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kreditin borcunun qaytarılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı təşkilat tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kreditin borcunun qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar