Məhkəmə qərarları › İş №e-2(049)-276/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-276/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-276/2023 28.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, həmçinin Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 7120 (yeddi min yüz iyirmi) manat zərərin, vəkilə ödənilmiş 500(beş yüz) manat məhkəmə xərcinin əvəzinin və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 96(doxsan altı) manatın əvəzinin tutularaq Haciyeva Şəbnəm Qasim qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə və iddiaçının nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan Toyota prius markalı avtomobili idarə etməsi üçün Cavabdeh həvalə etmişdir. xx.xx.2022-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Atatürk prospektində cavabdeh şəxs Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozaraq idarə etdiyi «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili «Opel» markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpmış, zərbənin təsirindən avtomobil yararsız hala düşmüşdür. Bununla bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozduğu üçün DİN-nin BDYPRİ-si tərəfindən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilmiş və o, təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 7120 manat məbləğində maddi ziyan dəymişdir. Bu məbləğ «AVANGARD» avto servisin zərər aktı ilə təsdiq olunmuşdur. O dəfələrlə cavabdeh şəxsdən qalıq pulu ödəməsini tələb etsə də o, pulu ödəməkdən imtina etmişdir. Bu mübahisənin həlli üçün vəkil tutulmuş ona 500 manat xidmət haqqı ödənilmişdir. Pozulmuş hüquqlarının bərpası üçün yeganə çıxış yolunun məhkəmə olduğunu gördüyüm üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz verərək, bildirmişdi ki, o iddianı qismən qəbul edir, çünki iddia ərizəsi üzrə tələb edilən məbləğ 4000 manat olmalı təqdirdə 7120 manat kimi, «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil kimi, hadisənin tarixi və yeri xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr ərazisi olduğu halda xx.xx.2022-ci il tarixdə saat 19:30 radlərində Bakı şəhəri Atatürk pr kimi qeyd edilmişdir. Lakin hadisənin təfərrüatları iddia ərizəsində öz əksini tapmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu 7-ci mkr ərazisində hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 2.5-ci bəndinə əməl etmək istədikdə idarə etdiyi avtomobilin əyləc sistemində anidən nasazlıq yaranmış və bu zaman digər hərəkət istiqamətində hərəkətdə olan «Opel Zafira» markalı avtomobillə toqquşmşdur. O da öz növbəsində iş tabeçiliyində olduğu İlham adlı şəxsə zəng edərək hadisəni ona nəql etmişdir. Bu zaman hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları da gəlmiş, Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə nəzərdən keçirib müəyyən qeydlərini apardıqdan sonra ona sağlamlığını bərpa etdikdən sonra Binəqədi rayon ərazisində yerləşən idarələrinə dəvət edərək hər iki avtomobili cərimə meydançasına aparmışlar. Növbəti gün iş tabeçiliyində olduğu İlham adlı şəxslə birgə iş birliyi olan digər Tapdıq adlı şəxs yanına onu ziyarətə gəlmiş, səhhəti ilə maraqlanmamış və avtomobilin düzəldilməsi üçün onlara cəmi 4000 manat pul lazım olduğunu ona bildirmişdir. O da öz növbəsində səhhətini qaydasına qoyduqdan sonra Lənkəran rayonuna qayıdaraq valideyninə məxsus olan VAZ 21074 markalı avtomobili sataraq 1000 manat pulu İlham adlı şəxsə verərək onlarda ona məxsus olan 300 manat depozit pulu da götürmələrini bildirdi. Beləliklə ümumilikdə 1300 manat pul onlara vermişdir. Yerdə qalan 2700 manat pulu da işləyərək hissə-hissə ödəyəcəyini bildirmişdir. Sonradan Sabunçu RPİ-nin 13-cü PB-nin polis nəfəri olan Rəsul adlı şəxs tərəfindən zəng edilərək bölməyə yaxınlaşmağı bildirilmişdir. Onda öz növbəsində polisə getmiş, oraya avtomobili rəsmi qaydada ona etibarnamə üzrə sürmək hüququnu verən Samir adlı şəxs də gəlmişdir. Samir ona bildirmişdir ki, 4000 manat ona ziyan dəymiş və o pulu ona ödəməlidir. O da ona 1300 manat İlhama ödədiyini bildirmişdir. O da ona 1300 manat puldan əlavə 4000 manat da ödəməli olduğunu bildirmişdir. O da ona 4000 manat məbləğini hal-hazırda ödəyə bilməyəcəyini lakin şərait yaradılarsa hissəhissə də olsa ödəyəcəyini bildirmişdir. Samir ona 10 gün vaxt təyin edərək pulu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirdi. Sözü gedən şəxslərin hər biri ayrı-ayrılıqda avtomobilə dəymiş ziyanın dəyərini fərqli məbləğlər deyərək ondan qazanc mənbəyi kimiistifadə etmək niyyətində olduqları görünür. Bundan başqa iddia ərizəsi üzrə iddiaçı olan şəxs İddiaçı tanımır. O şəxs barədə də heç bir məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: «AVANGARD» avto servis tərəfindən təqdim edilmnş ziyan aktından görünür ki, «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə 3040 manat ehtiyat hissələri və 4080 manat işçilik haqqı olmaqla 7120 manat maddi ziyan vurulmuşdur. Bakı şəhəri Binəqədi PRİ DYPŞ tərəfindən verilmiş 025005 №-li Arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan və dam hissəsinə ziyan vurulmuşdur. Hökumət ödəni portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən 96,20 manat dövlət rüsumu ödənilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, İddiaçı «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Mobil notariat tətbiqi vasitəsi ilə elektron qaydada rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixl etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün Cavabdeh etibar edilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində etibarnamə əsasında idarə etdiyi «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşməsinə səbəb olmaqla həmin avtomobilin mülkiyyətçisi İddiaçı zərər vurmuşdur. Qeyd olunan hallar işin tərəflərcə mübahisələndirilməyən hallarıdır. «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği işin mübahisəli halıdır, belə ki, iddiaçı hadisə nəticəsində həmin avtomobilə ümumilikdə 7120 manat məbləğində ziyanın vurulduğunu bildirmiş, cavabdeh isə dəymiş maddi ziyanın 4000 manat olduğunu və həmin məbləğində 1300 manatını ödədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin normanın tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin yuxarıda qeyd olunan dispozisiya şərtlərinə uyğun olduğundan, yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçını mülkiyyətində olan əmlakın ziyan vurulması təqdim edilmiş sübutlarla, habelə cavabdehin izahatı ilə təsdiq edildiyindən iddia cavabdehin mülkiyyətində olan «Toyota PRİUS» markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə 7120 (yeddi min yüz iyirmi) manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması hissəsində əsaslıdır. Məhkəmə cavabdehin iddiaya qarşı etirazının vurulmuş ziyandan 1300 manat ödəməsin ilə bağlı dəlilləri ilə bağlı qeyd edir ki, caabdeh tərəfindən həmin halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan prosessual hüquq normaları baxımından etirazının dəlillərini sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan, cavabdeh isə həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh etirazının dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə iddianın «vəkilə ödənilmiş 500 manat xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi» hissəsi bağlı qeyd edir ki, bununla bağlı iddiaçı hər hansı sübut təqdim edilmədiyidən (vəkilə edilmiş ödənişin məbləğini təsdiq edən müvafiq qəbz) iddia həmin hissədə əsassızdır və buna görə də təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, Toyota Prius markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi hissəsində iddia təmin edilməli, vurmuş maddi ziyana görə 7120 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 96 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Toyota Prius markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 7.120(yeddi min yüz iyirmi) manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 96(doxsan altı) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar