Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2849/2025 11.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “«maddi və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 485 manat məbləğində maddi ziyanın, 500 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzil mübahisəsi ilə bağlı məhkəmədə qaldırılacaq iddia ilə bağlı köməklik göstərilməsindən ötrü tanışı X1 vasitəsilə Cavabdeh ilə tanış olmuş, mülki işin məhkəmədə həll edilməsi üçün ilk dəfə 2023-cü ilin mart ayında məhkəmənin qarşısındakı parkda Cavabdeh ondan 250 manat almış, həmin vaxt yanılarında heç kəs olmamışdır. Bundan qısa müddət sonra ikinci dəfə 235 manat pulu Cavabdeh ondan almışdır. Həmin vaxt Cavabdeh tanışı İlham Əsədov onların yanınında olmuşdur. Bundan sonra Cavabdeh tərəfindən tərtib edilmiş iddia ərizəsində çatışmazlıqlar olduğundan 4 dəfə məhkəmə tərəfindən geri qaytarılmışdır. Bundan sonra digər hüquqşünas və vəkillərlə məsləhətləşib sənədləri onlara göstərəndən sonra onun məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş həmin iddia ərizəsi ümumiyyətlə onun həm qanunvericiliyin tələblərinə uyğun deyil, həm də həmin iddia tələbinin onun mənzil mübahisəsinə heç hir aidiyyəti yoxdur. Belə olan halda Cavabdeh ona verdiyi 485 manat pulu geri qaytarmasını tələb etsə də o, həmin pulu ona qaytarmamış o, da məcbur qalıb onun barəsində DİN-in 102 xidmətinə zəng edərək şikayət vermişdir. Lənkəran ŞRPŞ-də aparılmış araşdırma nəticəsində onun barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmış, inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Lənkəran rayon məhkəməsinin 3(049)- 676/2024 saylı 12 iyul 2024-cü il tarixli qərarı ilə Cavabdeh əməlində həmin maddənin tərkibinin olması təsdiq edilsə də lakin İXM-nin 38-ci maddəsinin tələbinə uyğun olaraq şəxsin inzibati məsuliyyətə cəlbetmə müddəti başa çatdığından müddətin ötürülməsi ilə əlaqədar olaraq iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Cavabdeh ona vurduğu 485 manat maddi ziyanın ona qaytarılmasını tələb etsə də o, həmin məbləği könüllü qaydada ona qaytarmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh ödədiyi puldan 100 manatını o, onun adına dövlət rüsumu kimi ödəmişdir və qəbzi məhkəməyə təqdim etmişdir. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak edərək, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı ona müraciət edərək, məhkəməyə mülki mübahisə ilə əlaqədar müraciət etmək istədiyini bildirmişdir. Rübabə ondan xahiş etmişdir ki, məhkəməyə müraciət etməsi ilə əlaqadar onun üçün iddia ərizəsi yazmağa kömək etsin. O, da öz növbəsində Rübabəyə köməklik göstərə biləcəyini bildirmişdir. Bu məqsədlə Rübabə ona 3 ədəd 100 manatlıq əskinaz olmaqla, 300 manat pul vermişdir, həmin puldan bir ədəd əskinazı xırdalayaraq, 50 manat pulu Rübabəyə qaytarmışdır. Beləliklə, Rübabə ona cəmi 250 manat pul vermişdir. Həmin puldan 100 manatını məhkəməyə iddia ərizəsi verilməsi üçün İddiaçı adından dövlət rüsumu kimi ödəmişdir. Həmin dövlət rüsumunun ödənilməsinə dair ödəniş qəbzini sonradan Rübabənin adından məhkəməyə təqdim edilən iddia ərizəsinə əlavə edilmişdir. Qalan 150 manat pulu isə Rübabə üçün iddia ərizəsi hazırlanması üçün vəkilə ödəmişdir. Lakin bu barədə heç bir ödəniş qəbzini məhkəməyə təqdim edə bilmir. Belə ki, Rübabədən aldığı 250 manat pul vəsaitini onun üçün məhkəməyə iddia ərizəsinin hazırlanmasına və dövlət rüsumunun ödənilməsinə sərf etmişdir. Hesab edir ki, ona qarşı olan hazırki iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarilxi, 3(049)-676/2024 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə eyni Məcəllənin 53.1.6-cı maddəsinə əsasən həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində məhkəmə tərəfindən qeyd edilmişdir ki, “Göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2023-cü ilin mart ayında İddiaçı 150 manat pulunu dələduzluq yolu ilə talamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı)” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, "...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, "mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan Lənkəran Rayon Məhkəməsinin icraatında olan 3(049)-676/2024 saylı inzibati xəta haqqında iş üzrə Cavabdeh tərəfindən 2023-cü ilin mart ayında İddiaçı 150 manat pulunu dələduzluq yolu ilə talaması faktı sübuta yetirilmişdir. İddiaçı hazırki mülki iş üzrə iddia tələbində Cavabdeh 485 manat maddi ziyan tələb etməsinə baxmayaraq ona cavabdeh tərəfindən həmin məbləğdə maddi ziyanın vurulması ilə əlaqədar məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin, iddiaçıya, cavabdeh tərəfindən mənəvi ziyanın vurulması ilə əlaqədar da məhkəməyə sübut təqdim edilməmişdir. Bu səbəbdən də “mənəvi ziyan tələbi” hissəsində də iddia hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqədar “Hökümət ödəniş portalı” vasitəsilə 30 (otuz) manat bəbləğində dövlət rüsumu ödnilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək maddi ziyana dair 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunduğu hissəyə mütənasib olaraq 9.25 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin Vurulmuş maddi ziyana dair 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9,25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2849/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2849/2025
11.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver