Məhkəmə qərarları › İş №e-2(049)-2877/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2877/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2877/2023 25.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi verərək, Cavabdeh3 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 4524.16 (dörd min beş yüz iyirmi dörd dollar 16 sent) ABŞ dolları, bundan 3885.74 (üç min səkkiz yüz səksən beş dollar 74 sent) ABŞ dolları əsas, 456.44 (dörd yüz əlli altı dollar 44 sent) ABŞ dolları faiz və 181.98 (yüz səksən bir dollar 98 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 96.91 (doxsan altı manat 91 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh3 arasında 27 iyul 2017-ci il tarixli NK-21-165569/008911 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə, illik 6 (altı) faiz dərəcəsi ilə 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 27 iyul 2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci və 3.3-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.2 ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və xx.xx.2023-cü il tarixli **********180 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: 27 iyul 2017-ci il tarixli NK-21-165569/008911 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh3 arasında əsas kredit müqaviləsi bağlanaraq əlavə kredit müqaviləsi ilə müəyyən ediləcək, 60 ay müddətinə, 6 faiz dərəcəsi ilə 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. 27 iyul 2017-ci il tarixli NK-21-165569/008911 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. 27 iyul 2017-ci il tarixli NK-21-165569/008911 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. 27 iyul 2017-ci il tarixli NK-21-165569/008911 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh3 60 ay müddətində hər ay 145.23 ABŞ dolları, son ayda 142.84 ABŞ dolları olmaqla xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyə arayışından görünür ki, Cavabdeh3 27 iyul 2017-ci il tarixli NK-21-165569/008911 saylı kredit müqaviləsi üzrə 3885.74 ABŞ dolları əsas, 456.44 ABŞ dolları faiz, 181.98 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği borcu olmaqla cəmi 4524.16 ABŞ dolları borcu vardır. Kassa məxaric orderindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-dən 7500 ABŞ dolları məbləğində nəğd pul götürmüşdür. Xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh3 borcun ödənilməsi təklif olunmuşdur. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 96.91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 27 iyul 2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə, illik 6 (altı) faiz dərəcəsi ilə 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh3 isə kredit müqaviləsi üzrə aldığı kredit məbləğini və ona hesablanmış faizləri 60 ay müdddətinə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin Cavabdeh3 tərəfindən icrasının təmini kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 27 iyul 2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmış, sonuncular kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Lakin iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və xx.xx.2023-cü il tarixli **********180 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcun ödənilməsi üçün heç bir tədbir görməmiş, müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, Cavabdeh3 Bank qarşısında olan borc öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və o öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. İddia tələbindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış 27 iyul 2017-ci il tarixli NK-21-165569/008911 saylı kredit müqaviləsi üzrə üzrə 3885.74 ABŞ dolları əsas, 456.44 ABŞ dolları faiz, 181.98 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği borcu olmaqla cəmi 4524.16 ABŞ dolların cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini tələb edir. Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, dəbbə pulunun məbləği müəyyən edilərkən məhkəmələr kreditorun və borclunun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Cavabdeh3 Bank qarşısında olan borc öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən digər cavabdehlər, yəni zaminlər Cavabdeh2 və Cavabdeh1 da onunla birlikdə müştərək qaydada öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı Bank ilə cavabdeh Əhməd İmanovun arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə üzrə 3885.74 ABŞ dolları əsas, 456.44 ABŞ dolları faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 181.98 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 4524.16 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödənilmiş 96.91 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 27 iyul 2017-ci il tarixli NK-21-165569/008911 saylı kredit müqaviləsi üzrə üzrə 3.885,74 ABŞ dolları əsas, 456,44 ABŞ dolları faiz, 181,98 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği borcu olmaqla cəmi 4.524,16 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödənilmiş 96,91 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddaçı İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulacaq 4.524,16 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar