Məhkəmə qərarları › İş №e-2(049)-2885/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2885/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2885/2024 18.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şifahi borc müqaviləsi üzrə pul tələbi – maddi vəziyyətinin pis olması ilə bağlı Cavabdeh ilk olaraq aldığı 43500 (qırx üç min beş yüz) manat borc pulun, Şifahi alqı-satqı müqaviləsinin etibarsızlığı üzrə pul tələbi – Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 86 saylı fərdi yaşayış evinin İddiaçı adına rəsmiləşdirəcəyini cavabdeh vəd etdiyi üçün banka olan borcuna görə iddiaçının ödədiyi 14000+30000=44000 manat və evin hərracdan deyil, bağlanacaq alqı-satqı müqaviləsi əsasında adına rəsmiləşdirilməsi üçün ayrı-ayrı vaxtlarda ödədiyi əlavə 17000 manat və digər pullarla birlikdə 32500 manat olmaqla cəmi 76500 (yetmiş altı min beş yüz) manat pulun, hər iki tələb üzrə ümumilikdə 120000 (yüz iyirmi min) manat pulun, həmçinin MTT ilə bağlı 42 (qırx iki) manat və hazırki iş üzrə 412 (dörd yüz on iki) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, Neftçala şəhəri məhəllə 6-da qeydiyyatdadır və 2013-cü ildən etibarən ünvan 1 ünvanında yaşayır. Cavabdeh xx.xx.2013-cü il tarixli İL-02035/13 saylı kredit müqaviləsi ilə 36 ay müddətinə yaşadığı Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən 86 saylı fərdi yaşayış evini ipotekaya qoymaqla "xxxx" ASC-nin Lənkəran filialından kredit götürmüşdür. Krediti tam olaraq ödəyə bilmədiyindən xx.xx.2016-cı il tarixli LAN-140651/16 saylı kredit müqaviləsi ilə yenidən 36 ay müddətinə "xxxx" ASC-nin Lənkəran filialından kredit götürməyə məcbur olmuşdur. Lakin ödənilməli olan kredit məbləği və faizləri hədsiz yüksək olduğundan cavabdeh həmin məbləği yenə tam olaraq ödəyə bilməmiş və ona bu barədə bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən 86 saylı fərdi yaşayış evini satır. 3 dəfə keçirilmiş hərracdan sonra borclarına görə evi satmağa qərar vermişdir. Cavabdehlə yaxın dostluq münasibəti olduğundan ona köməklik edə biləcəyimi bildirmişdir. Cavabdeh maddi cəhətdən çox çətin durumda olduğunu və əgər krediti ödəməzsə, mülkiyyətində olan fərdi yaşayış evinə tələb yönəldiləcəyini bildirmişdir. İpoteka predmeti olan və əvvəl yalnızca Cavabdeh xüsusi mülkiyyətində olmaqla adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınan Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki 86 saylı fərdi yaşayış evi hərraca çıxarılmışdır. Cavabdeh ona bankın evi dəyər-dəyməzinə qiymətləndirdiyini və belə vəziyyətdə bir xeyli ziyana gedəcəyini, çünki bankın 3-cü hərracdan sonra evi öz mülkiyyətinə keçirəcəyini bildirmişdir. Ona görə cavabdeh ona maddi köməklik etməyini xahiş etmiş və evi bankın dəyər-dəyməzinə almasındansa, hərracda ona sata biləcəyini bildirmişdir. Çünki cavabdehin öncədən ona 43.500 manat borcu olduğundan evin pulundan həmin borcu çıxacağını demişdir. Lakin o, cavabdehə evi hərracdan almağın vicdanına uyğun olmadığını, kiminsə illər boyu çəkdiyi zəhmətlə əldə etdiyi evi hərrac yolu ilə dəyər-dəyməzinə əldə etməyin ona xeyir gətirməyəcəyini bildirmişdir. Ona görə də hərracdan evi almayacağını, lakin banka olan 55.000 manat borcunu ödəyəcəyini demişdir. Cavabdehlə birlikdə 13 və 14 iyun 2022-ci il tarixlərində "xxxx" ASC-nin Lənkəran filialına getmişdir. Orada pulu birdəfəlik ödəyəcəyi halda, endirim edəcəklərini və 55000 manat deyil, 44000 manat ödəniləcəyi təqdirdə borcun tamamlanacağını demişlər. Cavabdehin adına olan bütün kredit borcunu, yəni 44000 (qırx dörd min) manat pulun 14000 manat hissəsini "xxxx" ASC-nin Lənkəran filialında, 30000 manat hissəsini isə Bakıda "xxxx" ASC-nin əsas ünvanında cavabdehlə birlikdə öz hesabına ödəmişdir. Orada ondan 30 manat da rüsum tutulmuşdur. Hətta bankda da ona evi hərrac yolu ilə əldə etməyin prosedur olaraq düzgün olduğunu desələr də, o, həm dostluğa, həm də mənəvi rahatlığa görə bunu etməmişdir. Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 86 saylı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli RX ******* seriya, ********** qeydiyyat və **********11-10301 reyestr nömrəli çıxarışla Cavabdeh adına olsa da, sonuncu arvadı ilə nikahı pozulandan sonra Lənkəran rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə həmin torpaq sahəsi və ev üzərində payları bərabər, 1/2 hissədə olmaqla müəyyən edilmişdir. Halbuki fərdi yaşayış evi Cavabdeh bağışlanmışdı və çıxarışın verilmə əsası bağışlama müqaviləsi idi. Buna baxmayaraq Lənkəran rayon Məhkəməsində belə bir qətnamə çıxarıldı və tərəflərdən heç biri qətnaməni mübahisələndirmədiyi üçün “qanuni” qüvvəsini almışdır. Hazırda Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 86 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat və **********11-10301 reyestr nömrəli çıxarışla Cavabdeh və keçmiş arvadı X1 adlarına xüsusi mülkiyyət hüququ ilə və hər birinin payı 1/2 hissədə olmaqla qeydiyyata alınmışdır. Həmin çıxarış hazırda qüvvədədir, yüklülüyü yoxdur və üzərinə həbs qoyulmamışdır. Cavabdeh Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 86 saylı fərdi yaşayış evini adıma rəsmiləşdirməyə razı olsa da, keçmiş arvadı X2 buna razı olmadığından və hazırda Türkiyədə yaşadığından bu rəsmiləşdirmə baş tutmamışdır. Cavabdeh mənə olan borcunu inkar etmir və məhkəmə iclasında da bunu etiraf edəcəkdir. Odur ki, Cavabdeh 1/2 hissədə payı olan Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 86 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması üçün tərəfimdən ərizə ilə məhkəməyə müraciət edilmiş və Lənkəran rayon Məhkəməsinin (sədrlik edən hakim Muradağa Qasımov) xx.xx.2024-cü il tarixli e-16(049)- 52/2024 saylı qərardadı ilə ərizəsi qismən təmin edilmiş və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat və **********11-10301 reyestr nömrəli çıxarışla Cavabdeh və X1 adlarına xüsusi mülkiyyət hüququ ilə və hər birinin payı 1/2 hissədə müəyyən edilməklə qeydiyyata alınmış Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 86 saylı fərdi yaşayış evinin Cavabdeh aid 1/2 hissədə payı üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddianı tam olaraq etiraf edərək, izahatında bildirmişdir ki, İddiaçı onun yaxın dostudur. AmrahBanka olan borcuna görə bank tərəfindən iddia mülkiyyətində olan ev hərraca çıxarılmalı idi. O, bu barədə ona köməklik etməsi barədə İddiaçı müraciət etmişdir. Gündüz də həmin evi ondan 120.000 manata almağa razılaşmışdır. Bundan sonra Gündüz ona bildirmişdir ki, ev hərracdan deyil, alqı-satqı ilə almaq istəyir. Bu səbəbdən də Gündüz onun əvəzinə banka olan borcunu ödəmişdir ki, evin üzərində heç bir yüklülük qalmasın və evi alqı-satqı müqaviləsi əsasında ondan alsın. Buna görə Gündüz onun əvəzinə banka 44.000 manat ödəniş etmişdir. Bundan əvvəl isə Gündüz ona banka ödənişlər etməsi üçün 43.500 manat və digər pul vəsaitləri ödəmişdir. Sonradan keçmiş həyat yoldaşı tərəfindən ona qarşı həmin Gündüzə satacağı evə dair mübahisə açıldığından və evin üzərində onun payı müəyyən edildiyindən alqı-satqı baş tutmamışdır. Gündüzün ona ödədiyi borc ümumilikdə 120.000 manat təşkil edir. O, iddia tələbini tam olaraq 120.000 manat hissəsində etiraf edir. İddia tələbini etiraf etməsi ilə əlaqədar ona qarşı heç kəs nə fiziki, nə mənəvi təzyiq göstərməmişdir və şantaja məruz qalmamışdır. Hüquq və vəzifələri ona tam aydındır və onun müstəqil qərarıdır. İddia tələbini etiraf etməsi barədə öz xətti ilə ərizəsi yazaraq, imzalayıb məhkəməyə təqdim etmişdir. Odur ki, İddiaçı ondan 120.000 manat pul tələbinə dair iddiasının tam təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin məzmununda onun məhkəmə iclasında verdiyi izahata uyğun xüsusatlar və iddia tələbinin tam olaraq etiraf edildiyi göstərilərək, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə İddiaçı tərəfindən 412 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, Cavabdeh “iddianı etiraf etməsi” barədə ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbində Cavabdeh 120.000 (yüz iyirmi min) manat məbləğində pul tələb edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda, eyni zamanda məhkəməyə təqdim etdiyi ərizədə həmin iddia tələbini tam olaraq etiraf etmiş və həmin hissədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 52.2 maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 106.3 maddəsinə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, Cavabdeh ona qarşı iddia tələbini etiraf etdiyindən idiaçı iddia tələbini həmin hissədə sübut etmə vəzifəsindən azad edilir. Məhkəmə iddianın “ödənilmiş dövlət rüsumlarının əvəzinin ödənilməsi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 412 (dörd yüz on iki) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbində qeyd edilmiş müvəqqəti təminat tədbiri ilə bağlı işlə əlaqədar ödənilmiş 42 manat dövlət rüsumuna dair məhkəmə xərci həmin iş (MTT) üzrə icraat zamanı həll edilməli olduğundan qeyd edilən hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, 120.000 (yüz iyirmi min) manat və hazırki mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 412 (dörd yüz on iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 120.000 (yüz iyirmi min) manat və hazırki mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 412 (dörd yüz on iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar