Məhkəmə qərarları › İş №e-2(049)-2969/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2969/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2969/2023 18.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2686.16 manat əsas, 2.16 manat faiz, cəmi 2688.32 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 47.29 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1238rstLKN/19 saylı Güzəştli Kredit və X1 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 4322,32 manat qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Müqavilənin 1.6-cı bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin “Müştəri” tərəfindən “Banka” qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılşadırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur. Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan Çıxarışda əks olunmuşdur. Kredit Müqaviləsinin 3.1-ci bəndinə əsasən “Müştəri” bu müavilə ilə müəyyənləşdirilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq “Bank” “Müştəri”yə qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 0.02 %-i miqdarında cərimə tətbiq edir. Bundan başqa Cavabdeh1 zamin kimi “Borcalan”ın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, “Borcalan”ın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixinə 2686,16 manat əsas, 2,16 manat faiz, cəmi 2688,32 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 02 avqust 2023-cü il tarixdə iddia ərizəsi Cavabdeh2 və Cavabdeh1 göndərilmiş, Cavabdeh2 məhkəmə yazılı ərizə ilə müraciət edərək, bildirmişdir ki, o bankın ən yaxşı müştərilərindən olmuş, heç bir gecikməsi və ya ödəmədən yayınması olmamışdır. Abş dollarının birdən birə bahalaşması, infilyasiyanın dəyişməsi onun da iş yerinin bağlanmasına səbəb olmuşdur. O vaxtlar böyük bir çayxana icarəyə götürüb işlətmişdir. Krediti ABŞ dolları ilə olduğundan borcu 10.000 manata kimi yüksəlmişdir.Nəhayət möhtərəm Prezidentin 2019-cu il tarixli Sərəncamına əsasən borcu yarıya qədər azalmışdır. Sonra o banka dəvət edilmiş və 4 il ərzində hər ay 92 manat ödəməli olması ona bildirilmişdir. O buna etiraz etmişdir. Çünki o heç bir yerdə işləmir, heç bir yerdən də gəliri yoxdur. Onlara ayda 50 manat ödəyə biləcəyini təklif etmiş, lakin bank razı olmamışdır. Maddi vəziyyəti çox pisdir. 2016-cı ildən bəri onu heç bir yerdə işə götürmürlər. Evdə 11 nəfər ailə üzvü vardır, onların beşi azyaşlıdır. Dövlətdən heç bir yardım da ala bilmir. Bu barədə banka da bildirmişdir. Ama nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 1238rstLKN/19 saylı Güzəştli Kredit və Bank Hesabı müqaviləsindən görünür ki, Cavabdeh2 verilmiş və ödənilməmiş olan 4322.32 manat kredit borcu 60 ay müddətinə illik 1% ödəmək şərtilə kredit verilmişdir. 1238rstLKN/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 1238rstLKN/19 saylı Güzəştli Kredit və Bank Hesabı müqaviləsi xeyrinə 2686.16 manat əsas, 2.16 manat faiz, cəmi 2688.32 manat borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı "xxxx" KB ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 47.29 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 1238rstLKN/19 saylı Güzəştli Kredit və X1 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 4322.32 AZN qalıq məbləğini 60 ay müddətinə illik 1% ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47.29 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2686.16 manat əsas, 2.16 manat faiz, cəmi 2688.32 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 47.29 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə Cavabdeh2 etirazının dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçı ilə kredit müqaviləsinin restrukturizasiyası müqaviləsi bağlanmış və müqavilə üzrə borc məbləğini razılaşdırılmış vaxta ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2686.16 manat əsas, 2.16 manat faiz, cəmi 2688.32 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 47.29 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar