Məhkəmə qərarları › İş №e-2(049)-3140/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3140/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3140/2023 28.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1990.13, bundan 1927,70 manat əsas, 62,38 manat faiz, 0,05 manat cərimə borcu və iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh Əhmədova Həqiqət Məmməd qızı arasında bağlanmış 03 sentyabr 2016-cı il tarixli, LFFE/027 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, LFS/6561 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1928 manat məbləğində kredit verilmişdir. Cavabdeh Əhmədova Həqiqət Məmməd qızına kredit verilərkən Cavabdeh ilə Bank arasında 03 sentyabr 2016-cı il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-cı bəndinə əsasən «Zamin» müqavilənin 1.2. bəndində göstərilən müqavilə üzrə “Borclu”nun “Kreditor” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Kreditor”a dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şıxəkəran kənd inzibati ərazi dairəsinin nümyəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 027156 nömrəli ölüm haqqında Şəhadətnamədən görünür ki, Əhmədova Həqiqət Məmməd qızı xx.xx.2019-cu ildə ölmüşdür. Bundan sonra vərəsələrin müəyyən olunması üçün tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron məlumat sistemində axtarış aparılmış və müəyyən olunmuşdur ki, mərhum Əhmədova Həqiqət Məmməd qızının adına indiyə qədər vərəsəlik işi açılmamışdır (EMS-dən çıxarış əlavə olunur). Qeyd edilən normanın mənasından belə başa düşülür ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur və zamin birgə borclu kimi məsuliyyət daşıyır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçun açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1 bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndində göstərilir ki, “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verən”ə illik 24 (iyirmi dörd) faiz % ödəyir. Həmin kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən, “faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır”. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 18 may 2023cü il tarixli **********495 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Əhmədova Həqiqət Məmməd qızının 05 may 2023-ci il tarixə kredit üzrə cəmi borcu 1990.13 (bir min doqquz yüz doxsan manat 13 qəpik) AZN təşkil edir. Bundan 1927.70 (bir min doqquz yüz iyirmi yeddi manat 70 qəpik) AZN əsas, 62.38 (altmış iki manat 38 qəpik) AZN faiz və 0.05(0 manat 05 qəpik) AZN cərimə borcu təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilən borc məbləğini qəbul etdiyini, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddia ərizəsinə əlavə edilmiş: Əhmədova Həqiqət Məmməd qızı arasında bağlanmış 03 sentyabr 2016-cı il tarixli, LFFE/027 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, LFS/6561 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 1928 manat məbləğində kredit verilmişdir. 03 sentyabr 2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. AZ-İİ № 027156 saylı ölüm haqqında olan şəhadətnamədən görünür ki, Əhmədova Həqiqət Məmməd qızı xx.xx.2019-cu il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 60 ay müddətində hər ay 1.61 manat, son ayda 40.99 manat olmaqla xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1927.70 manat əsas, 62.38 manat faiz, 0.05 manat cərimə borcu olmaqla, cəmi 1990.13 manat kredit borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əhmədova Həqiqət Məmməd qızı arasında bağlanmış 03 sentyabr 2016-cı il tarixli, LFFE/027 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, LFS/6561 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1928 manat məbləğində kredit verilmişdir. Cavabdeh Əhmədova Həqiqət Məmməd qızına kredit verilərkən Cavabdeh ilə Bank arasında 03 sentyabr 2016-cı il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-cı bəndinə əsasən “Zamin” müqavilənin 1.2. bəndində göstərilən müqavilə üzrə “Borclu”nun “Kreditor” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Kreditor”a dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şıxəkəran kənd inzibati ərazi dairəsinin nümyəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 027156 nömrəli ölüm haqqında Şəhadətnamədən görünür ki, Əhmədova Həqiqət Məmməd qızı xx.xx.2019-cu ildə ölmüşdür. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və cavabdeh götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hərhansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlərilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə birilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isəöhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi təmin edilməli və Cavabdeh 1927.70 manat əsas, 62.38 manat faiz, 0.05 manat cərimə borcu olmaqla, cəmi 1990.13 manat kredit borcu və dövlət rüsumuna görə 40 manat tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.927,70 manat əsas, 62,38 manat faiz, 0,05 manat cərimə borcu olmaqla, cəmi 1.990,13 manat kredit borcu və 40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar