Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3206/2023 23.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Əlizadə Sübhan Nağı oğlu, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra mətndə İddiaçı BOKT MMC) məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh Əlizadə Sübhan Nağı oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 1021.63 manat əsas borc, 8.87 manat faiz borcu, 3547.75 manat kredit üzrə gecikdirilmiş borc məbləği, 2025.17 manat kredit üzrə gecikdirilmiş faiz borcu məbləği, cəmi 6603.37 manat kredit borcu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 87 manat dövlət rüsumu məbləğinin cavabdehlər Əlizadə Sübhan Nağı oğlu, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Əlizadə Sübhan Nağı oğlu arasında xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsi bağlanaraq cavabdehə 24 ay müddətinə, illik 26 % olmaqla, 5.000 manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli 3360 nömrəli zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün Əlizadə Sübhan Nağı oğlu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Cavabdeh Əlizadə Sübhan Nağı oğlu bir ildən çoxdur ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmiş, kredit borcu vaxtında ödənilməmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh Əlizadə Sübhan Nağı oğlunun kredit müqaviləsi üzrə 1.021,63 manat kredit üzrə əsas borcu, 8,87 manat faiz, 3.547,70 manat kredit üzrə gecikdirilmiş borc məbləği, 2.025,17 manat kredit üzrə gecikdirilmiş faiz borcu məbləği olmaqla, cəmi 6.603,37 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanmış, buna baxmayaraq cavabdehlər indiyədək də öz öhdəliklərini icra etməmişlər. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh Əlizadə Sübhan Nağı oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 1021.63 manat əsas borc, 8.87 manat faiz borcu, 3547.75 manat kredit üzrə gecikdirilmiş borc məbləği, 2025.17 manat kredit üzrə gecikdirilmiş faiz borcu məbləği, cəmi 6603.37 manat kredit borcu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 87 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə iddia tələbini kredit müqaviləsinin ləğvinə dair hissədə azaldaraq, kredit borcunun ümumi miqdarına dair hissədə isə tələbin həcmini artıraraq və tələbdə dəqiqləşmə apararaq xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş əsas borcun məbləği 4569.33 manat, kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 2609.17 manat olmaqla, cəmi 7178.50 manat kredit borcunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 90 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində iddia tələbini müdafiə etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh1 sonuncu məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək qeyd etmişdir ki, cavabdeh Əlizadə Sübhan Nağı oğlu iş yoldaşı olduğuna görə onun xahişinə əsasən iddiaçı ilə zaminlik müqaviləsi bağlamışdır. Əlizadə Sübhan Nağı oğlu kredit borcunu özünün ödəyəcəyini demiş, lakin sonradan aylıq ödənişləri gecikdirmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Əlizadə Sübhan Nağı oğlu və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlmədiklərinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsi, müqaviləyə əlavə edilən ödəniş cədvəli, cavabdehin adından imzalanmış xx.xx.2021-ci il tarixli iltizam, xx.xx.2021-ci il tarixli 3360 nömrəli zaminlik müqaviləsi, həmin tarixli ərizələr, xx.xx.2023-cü il tarixli bildirişlər və onlara aid xəbərnamələr, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışlar, xx.xx.2023-cü il tarixli arayış, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli maliyyə arayışları, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Əlizadə Sübhan Nağı oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 24 ay müddətinə, illik 26% olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3360 nömrəli zaminlik müqaviləsinə əsasən onlar kredit müqaviləsi üzrə öhdəliklərə görə iddiaçı qarşısında digər cavabdeh Əlizadə Sübhan Nağı oğlu ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdehlər onlarla iddiaçı arasında bağlanmış müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmişlər. Kredit borcunun cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət edilmədiyi üçün gecikdirilmiş borc məbləği yaranmış və həmin borca görə cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edildikdən sonra da kredit borcunun ödənilməsi təmin edilməmiş, ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddia ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən cəmi 90 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsi üzrə 4569.33 manat gecikdirilmiş əsas borc, 2609.17 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 7178.50 manat kredit borcunun və ödənilmiş 90 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq kredit və zaminlik müqavilələrinə, ödəniş cədvəlinə, hesabdan çıxarışlara, xəbərdarlıq məktublarına və maliyyə arayışına istinad edir. Cavabdeh1 iddia tələbinə etiraz etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut, etiraz və ya vəsatət təqdim etməmişdir. Digər cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 4569.33 manat gecikdirilmiş əsas borc məbləğinin birgə qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli 3360 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 2609.17 manat gecikdirilmiş faiz borcu məbləğinin birgə qaydada tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulmasına dair hissələrinin təmin edildiyi nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən birgə qaydada 90 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Əlizadə Sübhan Nağı oğlu, Cavabdeh1 və Cavabdeh3 İddiaçı BOKT MMC-nin xeyrinə 4569.33 manat gecikdirilmiş əsas borc, 2609.17 manat kredit üzrə gecikdirilmiş faiz borcu və 90 manat dövlət rüsumu - cəmi 7268.50 manat birgə qaydada tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-3206/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3206/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver