Məhkəmə qərarları › İş №e-2(049)-3215/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3215/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3215/2022 31.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: İbrahimov Elvin oğlu, cavabdehin nümayəndəsi: Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «kredit borcu» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 4624.48 AZN əsas, 820.16 AZN faiz borcu olmaqla ümumilikdə 5444.64 AZN borc pul vəsatinin və 74.44 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, kredit müqaviləsinə əsasən 72 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 4668.67 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcalan müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürsə də, bu öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdehin həmin müqavilə üzrə 4624.48 AZN əsas, 820.16 AZN faiz borcu olmaqla ümumilikdə 5444.64 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, əlavə sübutlarının olmadığını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, iddiada göstərilən kredit məbləğin onlar tərəfindən götürülmüşdür. Maddi imkanları yaxşı olmadığı üçün krediti qaytara bilməmişlər. Hazırda iddiada göstərilən əsas məbləğlə razıdır. Faiz kimi göstərilmiş məbləğin məhkəmə tərəfindən işin ekpertizaya göndərilmədən silinməsinə köməklik göstərilməsini xahiş etdi. İddianın qismən təmin edilməsinə etirazı yoxdur. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, işin ekpertizaya göndərilməsini istəmir,ekspertiza ilə bağlı yarana biləcək xərcləri ödəmək gücü yoxdur, işin lüzumsuz uzanmasını istənmir, imkan daxilində məhkəmənin öz səlahiyyətləri ilə faiz məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2021ci il tarixli, RGTK4181433A138 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh gündəlik tələbat məqsədləri üçün 72 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 4668.67 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh aylıq 111.83 manat aylıq ödəniş etmək şərti ilə, 72 ay müddətinə, illik 20 faiz olmaqla 4668.67 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə Kapital Bank ASCyə 4624.48 AZN əsas, 820.16 AZN faiz borcu olmaqla ümumilikdə 5444.64 AZN borcu yaranmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, 16/791 saylı bildirişdən görünür ki, Cavabdeh öhdəlikəri yerinə yertirilməsi və gecikmiş məbləğinin ödənilməsi xahiş olunmuş və kredit müqaviləsinin şərtlərinə görə müvafiq tədbirlərin görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 74,44 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, cavabdeh iddiaçıdan istehlak məqsədi ilə 4668.67 manat kredit pulun faizi ilə birlikdə verilməsi məqsədi ilə müqavilə bağlamış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliyin icrasından boyun qaçırmışdır. Eyni zamanda caavbdehə göndərilmiş bildirişdən də görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən təxminən 7 ay əvvəl cavabdehə müqavilə üzrə gecikmə olduğunu və bu məbləğin ödənilməsini xahiş etmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin nümayəndəsinin mahiyyət etibarı ilə iddianı qəbul etməsi, faiz məbləğini münbahisələndirməsinə qiymət verərək hesab edir ki, cavabdehin nümayəndəsinin həmin ifadəsi iddiada göstərilənlərə razı olmamaqdan daha çox müqavilə üzrə göstərilmiş məbləğdən az məbləğ ödənilməsinə nail olmaqdır. Başqa cür ifadə edilsə, cavabdeh tərəf iddianı tam qəbul edir, lakin faiz məbləğini münahisələndirməyə cəhd edərək məbləğin azlamasına ümid edir. Lakin cavabdehin nümayəndəsi fazi məbləği ilə hansı əsasla razı olmadığını və nəyə görə razı olmadığını məhkəmədə əsaslandıra bilməmiş, əksinə işin məhkəmə-mühasibatlıq ekspertizasına göndərilməsinə qəti etiraz etmişdir. Məhkəmə eyni zamanda, cavabdehin nümayəndəsinin fazi məbləğinin azaldımasına dair məhkəmənin köməklik göstərməsinə dair bildirdiklərinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanunvericilik fazi məbləğinin deyil, dəbbə pulunun azaldılmasını müəyyən etmişdir. Hazırkı iddiada isə iddiaçı tərəfindən cavabdehə dəbbə pulu və ya cərimə məbləği hesablanmamışdır. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 4624.48 AZN əsas, 820.16 AZN faiz borcu olmaqla ümumilikdə 5444.64 AZN borc pul vəsatinin və 74.44 AZN dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar