Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3243/2025 08.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1653.63 ABŞ dolları əsas borc və iş üzrə ödənilmiş 48.12 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 1/7/74280716-USD nömrəli kassa-məxaric orderindən göründüyü kimi, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 5.100 (beş min yüz) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 5.100 (beş min yüz ) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 5.100 (beş min yüz) ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi-nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X1rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. Göründüyü kimi, Cavabdeh bankın ümumilikdə 5.100 (beş min yüz) ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh əsas borcu 1.653,63 (bir min altı yüz əlli üç dollar, 63 sent) ABŞ dolları təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edərək banka olan borcunu etiraf etmiş, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə, illik 32 faiz dərəcəsi tətbiq edilməklə 5100 ABŞ doları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 1/7/74280716-USD nömrəli kassa-məxaric orderin surətindən görünür ki, DəmirBank ASC-nin Masallı filialı tərəfindən Cavabdeh 5100 ABŞ dolları pul ödənilmiş və sonuncu orderə imza atmaqla həmin məbləğdə pulu aldığını təsdiq etmişdir. xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 24 ay müddətində hər ay 290.50 manat, sonuncu ayı 290.45 manat olmaqla xx.xx.2014-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2016-cı il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 48.12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 5100 (beş min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icraedilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 1653.63 ABŞ dolları borc və ödənilmiş 48.12 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1653.63 ABŞ dolları əsas borc və dövlət rüsumuna görə ödənilmiş 48.12 manat pul Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Cavabdeh tutulacaq 1653.63 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3243/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3243/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver