Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3405/2025 14.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, iddiaçı Meqa Sığorta ASC-nin Cavabdeh qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Meqa Sığorta ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 (altı yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 630 (altı yüz otuz) manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, “Hyundai Tucson” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində MİP240456 saylı müqavilə əsasında "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Moped” markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edərkən yol-nəqliyyat hadisəsinə səbəb olmuş, nəticədə “Hyundai Tucson” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunmuş qərarda “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İnzibati Xəta Məcəlləsinin 338.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 700 (yeddi yüz) manat məbləğində maddi zərər dəymişdir. MİP240456 saylı sığorta şəhadətnaməsinə və AKS250460 saylı Sığorta Ödənişi Aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 600 (altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari Sığortalar Haqqında” Qanunun 56-cı maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə ödəniş 5000 (beş min) manata qədər ola bilər. Cavabdehin hadisə zamanı idarə etdiyi “Moped” markalı nəqliyyat vasitəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmadığına görə, "xxxx" ASC-nin subroqasiya qaydası üzrə pul tələbi hüququ Cavabdeh yönəldilir. Ona görə də, sığorta ödənişi məbləği Cavabdeh tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh qeydiyyat yeri olan ünvan 1 ünvanına bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubu məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC sığortaçı şirkət tərəfindən, sığortalı Xəqani Mirzəliyevə, xx.xx.2025-ci il tarixli AKS250460 saylı akt əsasında, 600 (altı yüz) manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan MİP240456 nömrəli "Avtokasko" Sığorta Şəhadətnaməsindən aydın olur ki, sığortalı Xəqani Mirzəliyevin 2024-cü il buraxılışlı, ** XN *** dövlət qeydiyyat nişanlı Hyundai Tucson markalı avtomobili "xxxx" ASC tərəfindən 49 400 manat dəyərində sığortalanmış, sığorta müddəti xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixinə qədər müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X3 arayışından və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, xx.xx.2025-ci il tarixində, saat 22:00-da, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə yerinə çağırılan polis məmuru tərəfindən tərtib edilən sənədlərə əsasən, Cavabdeh idarə etdiyi mopedlə yol hərəkəti qaydalarını pozaraq (İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi), Xəqani Mirzəliyevin avtomobilinə zərər vurmuş və ona qarşı 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli zərərin hesablanması aktundan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Xəqani Mirzəliyevin avtomobilinə dəymiş ümumi zərərin məbləği ehtiyat hissələr və işçilik xərcləri nəzərə alınmaqla 700 (yeddi yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan AKS250460 nömrəli Sığorta Ödənişi Aktundan aydın olur ki, "xxxx" ASC, Xəqani Mirzəliyevin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən, dəymiş 700 manatlıq zərərdən 100 manat franchisesiya (azadolma) məbləği çıxılmaqla qalan 600 (altı yüz) manatı sığorta ödənişi kimi ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş sənədindən aydın olur ki, "Meqa Sığorta” ASC sığortaçı şirkəti, xx.xx.2025-ci il tarixli AKS250460 nömrəli Sığorta Ödənişi Aktına əsasən, sığortalı X1 bank hesabına 600 (altı yüz) manat sığorta ödənişi köçürülmüşdür. Yuxarıda göstərilən bütün sənədlərin ümumi təhlilindən aydın olur ki, "xxxx" ASC tərəfindən ödənilmiş 600 manat sığorta ödənişi, yol-nəqliyyat hadisəsinin təqsirkarı olan Cavabdeh subroqasiya qaydasında geri tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən: Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun müvafiq maddələrinə əsasən: 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Bu qanunun 25.1.3-ci maddəsində əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində sığortaolunana edilmiş ödənişin subroqasiya tələbi üzrə Cavabdeh 600 (altı yüz) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu, cəmi 630 (altı yüz otuz manat) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Meqa Sığorta ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə elektron məhkəmə informasiya sistemi üzərindən yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3405/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3405/2025
14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver