Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3455/2025 29.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X2 kаtibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 8701.67 manat əsas borc, 716.16 manat faiz borcu - cəmi 9417.83 manat məbləğində borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 114.18 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən X4 36 ay müddətinə illik 22 % dərəcəsi ilə 10200 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi xx.xx.2024-cü il tarixdə iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə müvafiq olaraq 12FİZAM134152403 saylı, 12FİZAM124968302 saylı və 12FİZAM124969002 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün X6 ilə birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəsi Cavabdeh4 xx.xx.2025-ci il tarixdə Lənkəran regional “ASAN xidmət” mərkəzi notariat ofisində vərəsəliyi qəbul etmişdir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə iddiaçıya 8701.67 manat məbləğində əsas borc, 716.16 manat faiz borcu qalmışdır. Hazırki iş üzrə cavabdehlərə şifahi və rəsmi qaydada (pretenziya) müraciət edilməsinə baxmayaraq onlar tərəfindən kredit borcunun ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 8701.67 manat əsas borc, 716.16 manat faiz borcu - cəmi 9417.83 manat məbləğində borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 114.18 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə prosesinin gedişində iddiaçının nümayəndəsi X5 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək bildirmişdir ki, iddiaçıya olan borcun 8000 manatdan ibarət hissəsi məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən ödənildiyi üçün hazırda iddiaçı cəmi 1417.83 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85.43 manat dövlət rüsüumunun cavabdehlərdən birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X5, həmçinin məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla, yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının digər nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı, məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən ödənilmiş 8000 manat vəsaitin əsas borc hesabından silindiyini qeyd etməklə, hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh4 məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında bildirmişdir ki, mərhum X6 onun oğlu olmuşdur. Oğlu xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Oğlunun vəfatından sonra o, notariat ofisində ondan qalan mirası qəbul etmişdir. Oğlunun avtomobili olmuşdur və hazırda həmin avtomobili satmaqla kredit borcunun ödənilməsinə çalışırlar. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında bildirmişdir ki, mərhum X6 onun tanışı olmuşdur. O, X3 xahişi ilə ona zamin olmuşdur. X6 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, hazırda onun ailə üzvləri kredit borcunun ödənilməsinə çalışırlar. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli razılaşma (kreditin verilməsinə dair), xx.xx.2024-cü il tarixli zaminlik müqavilələri, xx.xx.2024-cü il tarixli razılaşmaya aid ödəniş cədvəli, xx.xx.2025-ci il tarixli AZ-İİ 482823 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, “Elektron notariat” X1 çıxarış, xx.xx.2025-ci il tarixli maliyyə arayışı, cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubu və ona aid xəbərnamələr, xx.xx.2025-ci il tarixli hesabdan çıxarış və xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, X3 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı tərəfindən X4 36 ay müddətinə illik 22 % dərəcəsi ilə 10200 manat məbləğində kredit vermişdir. X4 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 14027.95 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. X6 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, ondan qalan mirası qanun üzrə vərəsələri olaraq Cavabdeh4 (doğum tarixi xx.xx.1943-cü il) və X9 (doğum tarixi xx.xx.2021-ci il) qəbul etmişlər. Kredit razılşması üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət edilməmiş və cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmyə müraciət etmək üçün 114.18 manat dövlət rüsumu ödəmişdir. Məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən iddiaçının hesabına cəmi 8000 manat ödəniş edilmişdir. İddiaçı hazırda xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə cəmi 1417.83 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85.43 manat dövlət rüsümunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit razılaşması və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa və maliyyə arayışına, habelə ölüm haqqında şəhadətnaməyə və “Elektron notariat” X1 çıxarışa istinad edir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (zaminlər) arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqavilələrinin 2.1 və 2.2-ci bəndlərinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. Borclu kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə X3 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (zaminlər) həmin öhdəliklərin icrası üçün maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X6 vəfat etdikdən sonra xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, X3 vəfatından sonra hazırki iş üzrə Cavabdeh4 ondan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024cü il tarixli kredit razılaşması üzrə X3 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi zaminlərlə yanaşı, hazırki iş üzrə digər Cavabdeh4 da üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər birgə və eyni həcmdə maddi məsuliyyət daşıdıqları üçün qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş qalan borc məbləği də bilavasitə cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə hazırki vəziyyətdə ödənilməmiş qalan borcun miqdarını və təsnifatını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən iddiaçının hesabına cəmi 8000 manat ödəniş edilmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi də məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən ödənilmiş 8000 manat vəsaitin əsas borc hesabından silindiyini bildirmişdir. İddiaçı həmin məbləğin konkret olaraq hansı hesabdan (əsas borc və ya faiz borcu) silindiyi barədə məhkəməyə rəsmi sənəd təqdim etməsə də, məhkəmə hazırda cavabdehlərdən tələb edilən məbləğin cərimə və ya dəbbə pulu olmayıb, əsas borc və faiz borcu olduğunu, həmin borcların cavabdehlər tərəfindən də mübahisələndirilməsi hallarının aşkar edilmədiyini, işin məhkəmə icraatı dövründə ödənilmiş vəsaitin əsas borc və ya faiz borcu hesabından silinməsinin hazırki vəziyyətdə tərəflər üçün fərqli bir hüquqi nəticə yaratmayacağını diqqətə alaraq 8000 manat vəsaitin əsas borc hesabından silindiyini qəbul edir. Bu baxımdan xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə hazırda 701.67 manat əsas borc və 716.16 manat faiz borcu - cəmi 1417.83 manat miqdarında ödənilməmiş borc məbləği qaldığı müəyyən edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, iddia tələbinin xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 701.67 manat əsas borc və 716.16 manat faiz borcu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 114.18 manat dövlət rüsumu məbləği də cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada xx.xx.2024-cü il tarixli kredit veriməsinə dair razılaşma üzrə 701.67 manat əsas borc və 716.16 manat faiz borcu, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 114.18 manat dövlət rüsumu - cəmi 1532.01 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-3455/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3455/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver