Məhkəmə qərarları › İş №e-2(049)-3504/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3504/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3504/2025 17.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunu qaytarılması barədə» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 oktyabr 2011-ci il tarixli, BAL00123/11 saylı müqaviləyə əsasən 881.21 manat əsas, 1409.92 manat faiz, 44.64 manat cərimə borcu, 07 iyul 2012-ci il tarixli, DK03943/12 saylı müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz, 112.46 manat cərimə borcu, 24 fevral 2014-cü il tarixli, LS00961/13 saylı müqaviləyə əsasən 2936.75 manat əsas, 3884.16 manat faiz, 205.09 manat cərimə borcu olmaqla, cəmi 9629.23 manat məbləğində borc və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış 14 oktyabr 2011-ci il tarixli, BAL00123/11 saylı müqaviləyə əsasən 900 manat, 07 iyul 2012-ci il tarixli, DK03943/12 saylı müqaviləyə əsasən 150 manat, 24 fevral 2014-cü il tarixli, LS00961/13 saylı müqaviləyə əsasən 5319 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X3nun 9629.23 manat banka borcu vardır. X3 30 sentyabr 2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 11 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X3nun vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Sonradan İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 noyabr 2011ci il tarixli, “Bol kart” məhsulu üzrə müqaviləyə əsasən 881.21 manat əsas, 1409.92 manat faiz, 44.64 manat cərimə borcu, 15 sentyabr 2012-ci il tarixli, “Dostlar klubu” məhsulu üzrə müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz, 112.46 manat cərimə borcu və 15 sentyabr 2012-ci il tarixli Baş saziş müqaviləsi üzrə 2936.75 manat əsas, 3884.16 manat faiz, 205.09 manat cərimə borcu olmaqla, cəmi 9629.23 manat məbləğində borc və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddiaya qarşı məhkəməyə ünvanladığı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərmişdir ki, 2(049)-3504/2025 saylı iş üzrə İddiaçı ASC-nin 9629,23 AZN məbləğində kredit borcunun geri qaytarılması barədə iddiasına etirazını bildirir. İddia müddətinin keçmiş olması səbəbindən tələb baxılmadan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə üzrə tələblər üçün iddia müddəti 3 (üç) ildir və hüquq pozulduğu gündən işləyir. Borcun icrası dayandığı tarix - 30 sentyabr 2015-ci il (borclu X3nun öldüyü gün) iddia müddətinin başlanma anıdır. 30 sentyabr 2015 + 3 il = 30 sentyabr 2018-ci il - iddia müddəti bitmişdir. Qeyd olunanları nəzərə alıb keçmiş müddətə əsasən tələb rədd olunmalıdır. İddiaçı ASC elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, X3 xx.xx.2015-ci il tarixdə vəfat etmidir və xx.xx.2018-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında “şəhadətnamə” vərəsələr tərəfindən əldə olunmuşdur. Şəhadətnamə üzrə verilən miras əmlak DTXK Lənkəran rayon Şöbəsi tərəfindən xx/xx/2004 tarixdə X2 verilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarət olmuşdur. Vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan ½ hissədə irs almışlar. Mərhumun X3nun vərəsələrinin olması barədə onlarda heç bir məlumat olmamışdır. Halbuki, vərəsələr mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. X3nun Qanun üzrə vərəsəlik hüququ haqqında 14 may 2025-ci il tarixli Ədliyyə Nazirliyinin Bakı Şəhəri 11 saylı Notariat ofisinin X/K 946 saylı məktubuna əlavə edilmiş Şəhadətnamədən məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1309-cu maddəsində göstərilmişdir ki, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmçinin həmin Məcəllənin 377.1.-ci maddəsində iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmsını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: İddiaçı ASC ilə X3 arasında bağlanılmış 14 noyabr 2011-ci il tarixli, “Bol kart” məhsulu üzrə müqaviləyə əsasən ona xx.xx.2014-cü il tarixədək qaytarılmaq şərti ilə 900 manat məbləğində kredit ayrılmışdır. İddiaçı ASC ilə X3 arasında bağlanılmış 15 sentyabr 2012-ci il tarixli, “Dostlar klubu” məhsulu üzrə müqaviləyə əsasən 60 ay müddətinə (xx.xx.2017-ci il tarixədək) 150 manat məbləğində kredit ayrılmışdır. İddiaçı ASC ilə X3 arasında bağlanılmış 15 sentyabr 2012-ci il tarixli, Baş saziş müqaviləsinə əsasən 60 ay müddətinə (xx.xx.2017-ci il tarixədək) 5319 manat məbləğində kredit ayrılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 14 oktyabr 2011-ci il tarixli, BAL00123/11 saylı müqaviləyə əsasən 881.21 manat əsas, 1409.92 manat faiz, 44.64 manat cərimə borcu, 07 iyul 2012-ci il tarixli, DK03943/12 saylı müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz, 112.46 manat cərimə borcu, 24 fevral 2014-cü il tarixli, LS00961/13 saylı müqaviləyə əsasən 2936.75 manat əsas, 3884.16 manat faiz, 205.09 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanmış xx.xx.2025-ci tarixli məlumatdan görünür ki, bankın xx.xx.2025-ci il tarixli, 927 nömrəli sorğusuna əsasən Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə 2V-72 reyestr nömrəsi ilə təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surəti təqdim edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən Bakı şəhərində ölmüşdür. xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X1 vərəsələri - oğlu Cavabdeh1 və qızı Cavabdeh2dır. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə X2 verilmiş seriya nömrəsi JN:927A, kod:80200058 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, kreditor bank ilə borcalan mərhum X3 arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarıdır ki, borcalan aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. İşin faktiki hallarından müəyyən edilir ki, borclan X3 ilə İddiaçı ASC arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli, “Bol kart” məhsulu üzrə (xx.xx.2014-cü il tarixədək), 15 sentyabr 2012-ci il tarixli, “Dostlar klubu” məhsulu üzrə və 15 sentyabr 2012-ci il tarixli (60 ay müddətinə - xx.xx.2017-ci il tarixədək), Baş saziş müqaviləsi (60 ay müddətinə xx.xx.2017-ci il tarixədək) üzrə öhdəliyin icrası vaxtı ərzində borclan Furqan Quliyev xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bu barədə xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilmiş və xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum X3nun vərəsələrinin Cavabdeh1 və qızı Cavabdeh2 olması müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən mərhum X3nun kredit öhdəlikləri üzrə yaranmış borc tələbini onun vərəsələri Cavabdeh1 və qızı Cavabdeh2 qarşı xx.xx.2025-ci il tarixdə irəli sürmüşdür. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə təhlil edərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2, 373.3 və 377.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (MM-in 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan başqa, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan suiistifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 560.1, 560.2 və 506.3.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab olunur. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Yuxarıda sadalanan kredit müqavilələrinə əsasən borcalan X3nun xx.xx.2015-ci il tarixdə vəfat etməsi, mərhumun öhdəlik götürdüyü kredit müqavilələrinə əsasən banka ödəniş edilməməsi, xx.xx.2018-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilməsi və xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum X3nun vərəsələrinin müəyyən edilməsinə baxmayaraq iddiaçı tərəf olan bank iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi üçün heç bir zəruri tədbirlər görməmiş, həmin tədbirlərin görülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız mərhum borcalanın vəfatından təqribən 9 il 7 ay sonra notariat ofisinə sorğu verməklə müvafiq informasiyanı əldə etmiş və bundan da təqribən 5 ay sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçının mərhum borcalanla bağladığı 14 noyabr 2011-ci il tarixli, “Bol kart” müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu xx.xx.2014-cü il, 15 sentyabr 2012-ci il tarixli, “Dostlar klubu” və 15 sentyabr 2012-ci il tarixli, Baş saziş müqavilələri üzrə müqavilələrdə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu hər iki müqavilə üzrə xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı 14 noyabr 2011-ci il tarixli, “Bol kart” müqaviləsi üzrə 31 oktyabr 2017-ci il tarixədək, 15 sentyabr 2012-ci il tarixli, “Dostlar klubu” və 15 sentyabr 2012-ci il tarixli, Baş saziş müqavilələri üzrə isə 15 sentyabr 2020-ci il tarixədək məhkəmədə iddia qaldıra bilərdi. Lakin iddiaçı həmin kredit müqavilələri üzrə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi müddətin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi, Cavabdeh2 baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklər kreditor və mərhum borclu arasındakı münasibətdən irəli gəlmişdir. Vərəsələr (o cümlədən digər Cavabdeh1) hüquqi varislik qaydasında mərhumun hüquq və öhdəliklərini davam etdirən şəxs kimi birgə çıxış etdiklərindən, onlar mübahisədə müstəqil borclu deyil, məhz mərhumun hüquqi varisi kimi iştirak edirlər. Ölənin vərəsələri onun borcuna görə məsuliyyət daşıyırlar. Həm də vərəsələrə qarşı iddia tələbi bölünməz xarakter daşıyır. Bu baxımdan, vərəsələrdən yalnız birinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi digər cavabdehin mənafeyini də əhatə edir və iddia müddətinin tətbiqinin bütün vərəsələrə şamil edilməsi üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Sadalanan xüsusatları rəhbər tutan məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edildiyi üçün rədd edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar