Məhkəmə qərarları › İş №e-2(049)-352/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-352/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-352/2025 13.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu iddiaçı Ləğv prosesində olan (bundan sonra mətndə LPO) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, 09 yanvar 2019-cu il tarixli, ***-*******NK080119-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1.467,75 manat məbləğində borcun-bundan 963,84 manat əsas borcun, 388,73 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 115,18 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 34.68 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Vahabova (Əsgərova) Kəmalə Müşfiq qızından birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli, ***- *******NK080119-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 1.500 (bir min beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh2kredit verilərkən bank ilə Vahabova (Əsgərova) Kəmalə Müşfiq qızı arasında 09 yanvar 2019-cu il tarixli, ***-*******NK080119-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 09 yanvar 2019-cu il tarixli, ***-*******NK080119-01 nömrəli kredit müqaviləsi üzrə 25 iyun 2024-cü il tarixə banka ödənilməmiş cəmi 1.467,75 (bir min dörd yüz altmış yeddi manat 75 qəpik) manat borcu vardır. Bundan 963,84 (doqquz yüz altmış üç manat 84 qəpik) manat əsas borc, 388,73 (üç yüz səksən səkkiz manat 73 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 115,18 (bir yüz on beş manat 18 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən əsas borca illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 03 iyul 2024-cü il tarixli **********093 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2021-ci il tarixdə isə banka 30 (otuz) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdehə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh1 göndərilməsinə və onun tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 qız oğlu arasında bağlanmış ***-*******NK080119-01 saylı 09 yanvar 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 qız oğlu ilə 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 qız arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli, ***-*******NK080119-01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 zamin kimi ***-*******NK080119-01 saylı 09 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin borclu Cavabdeh2 qız oğlu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan ***-*******NK080119-01 saylı 09 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh2 qız oğlu xx.xx.2019-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə götürülmüş kredit üzrə 1500 AZN məbləğində hesablanmış əsas borc və 648.15 AZN faiz borcu olmaqla 2148.15 AZN pulu banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə edilmiş İddiaçı ASC-yə olan kredit borcunun faizlərinin və penyanın hesablanması haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 qıznın 963 manat əsas kredit borcu, 388.73 manat məbləğində faiz, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 115.18 manat olmaqla, cəmi 1467.75 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli, ***-*******NK080119-01 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Vahabova(Əsgərova) Kəmalə Müşfiq qızı ilə Bank arasında xx.xx.2019-cu il tarixli, ***-*******NK080119-01/ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə 1500 AZN məbləğində kredit verilmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və Cavabdeh2 götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə digər cavabdeh Vahabova(Əsgərova) Kəmalə Müşfiq qızına münasibətdə qeyd edir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2023-cü il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh Vahabova(Əsgərova) Kəmalə Müşfiq qızına münasibətdə iddia tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 cəmi 963,84 manat əsas borc, 388,73 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 115,18 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 34.68 manat dövlət rüsumu tutularaq İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xeyrinə ödənilməli, iddia digər cavabdeh Vahabova(Əsgərova) Kəmalə Müşfiq qızına münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34.68 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 cəmi 963,84 manat əsas borc, 388,73 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 115,18 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 34.68 manat dövlət rüsumu tutularaq İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xeyrinə ödənilsin. İddia cavabdeh Vahabova(Əsgərova) Kəmalə Müşfiq qızına münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar