Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3539/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi və iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 1xx/xx/113853/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1.127,39 manat məbləğində əsas borc, 172.59 manat məbləğində faiz borcu, 2.048,42 manat məbləğində cərimə borcu, 385.92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3.734,32 manat məbləğində pulun, 57,35 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi X2 tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 29 iyun 2015-ci il tarixli 1xx/xx/113853/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 1.127,39 manat məbləğində əsas borc, 172,59 manat məbləğində faiz borcu, 2.048,42 manat məbləğində cərimə borcu, 385,92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3.734,32 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: xx.xx.2015-ci il tarixli 1xx/xx/113853/15 №-li kredit müqaviləsindən və elektron məhkəmə informasiya sistemindən görünür ki, Cavabdeh QSC "xxxx" KB tərəfindən 24% olmaqla 18 ay ərzində qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/113853/15 №-li kredit müqaviləsi üzrə 1.127,39 manat məbləğində əsas borc, 172,59 manat məbləğində faiz borcu, 2.048,42 manat məbləğində cərimə borcu, 385,92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 3.734,32 manat məbləğində borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 57,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 29 iyun 2015-ci il tarixli 1xx/xx/113853/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icrae dilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 1xx/xx/113853/15 saylı kredit müqaviləsi üzrə 2.048,42 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 100 manat həcmində tutulmasını daha ədalətli hesab edir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 1.127,39 manat məbləğində əsas borc, 172,59 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 385,92 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə isə 1.785,9 manat və 57,35 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/113853/15 №-li kredit müqaviləsi üzrə yaranmış 1.127,39 manat məbləğində əsas borc, 172,59 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 385,92 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə isə 1.785,9 manat məbləğində pul və dövlət rüsumuna görə 57,35 manat Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-3539/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3539/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver