Məhkəmə qərarları › İş №e-2(049)-3560/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3560/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3560/2023 15.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək 3210.28 manat əsas borc, 1432.88 manat faiz borcu, 5067.82 manat cərimə məbləği, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 470.70 manat faiz borcu - cəmi 10181.68 manat borc və 120.55 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən iddiaçının cavabdehə verdiyi kreditin qalıq məbləği 6062.45 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən isə cavabdehin iddiaçı qarşısındakı öhdəliyinin 8156.40 ABŞ dolları təşkil edən qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.40 manat) 11418.96 manat müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti illik 15 % ödənilməklə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh2 ilə bank arasında xx.xx.2017-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsinə əsasən o, iddiaçı qarşısında digər cavabdehlə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və onun iddiaçıya 3210.28 manat əsas borc, 1432.88 manat faiz borcu qalmış, borcun gecikdirilməsinə görə 5067.82 manat cərimə hesablanmışdır. Eyni zamanda, kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 470.70 manat faiz borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 120.55 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda iddia tələbinin təmin olunaraq 3210.28 manat əsas borc, 1432.88 manat faiz borcu, 5067.82 manat cərimə məbləği, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 470.70 manat faiz borcu cəmi 10181.68 manat borc və 120.55 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində iddia tələbini tam müdafiə etdiklərini bildirərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh1 məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz etdiyini, iddiaçıya olan borcunu tam olaraq ödədiyini, bununla əlaqədar sübutlarını təqdim edəcəyini bildirsə də, növbəti məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı sübut, etiraz və ya vəsatət təqdim etməmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş AZE seriyalı 13605974 və AZE ******** nömrəli şəxsiyyət vəsiqələrinin surəti, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona 1 nömrəli əlavə, həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01 nömrəli, xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişlər və onlara aid ödəniş cədvəlləri, xx.xx.2017-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsi, xx.xx.2023-cü il tarixli bildiriş və ona aid xəbərnamə, xx.xx.2019-cu il tarixli hesabdan çıxarış, xx.xx.2023-cü il tarixli maliyyə arayışı və xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona xx.xx.2014-cü il tarixdə illik 26% olmaqla 36 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən iddiaçının cavabdehə verdiyi kreditin qalıq məbləği 6062.45 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən isə cavabdehin iddiaçı qarşısındakı öhdəliyinin 8156.40 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə 11418.96 manat müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti illik 15 % ödənilməklə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən o, iddiaçı qarşısında digər cavabdehlə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlər onlarla iddiaçı arasında bağlanmış müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərini lazımi qaydada icra etməmişlər. Kredit borcunun cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət edilməmiş və qeyd olunan kredit müqaviləsi üzrə 3210.28 manat əsas borc, 1432.88 manat faiz borcu qalmış, borcun gecikdirilməsinə görə 5067.82 manat cərimə hesablanmışdır. Eyni zamanda, kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 470.70 manat faiz borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edildikdən sonra da kredit borcunun ödənilməsi təmin edilməmiş, ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddia ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 120.55 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2014-cü il tarixli ********* nömrəli müqavilə üzrə 3210.28 manat əsas borc, 1432.88 manat faiz borcu, 5067.82 manat cərimə məbləği, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 470.70 manat faiz borcu - cəmi 10181.68 manat borc və 120.55 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq kredit və zaminlik müqavilələrinə, müqaviləyə əlavə sazişlərə, ödəniş cədvəlinə, hesabdan çıxarışa, xəbərdarlıq məktublarına və maliyyə arayışına istinad edir. Cavabdeh1 iddia tələbinə etiraz etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut, etiraz və ya vəsatət təqdim etməmişdir. Digər cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən - cərimə məbləği azaldılmaqla təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən 3210.28 manat əsas borc, 1432.88 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 470.70 manat faiz borcu tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5067.82 manat cərimə məbləği müqavilənin cavabdehlər tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə faiz borcu ilə müqayisədə yüksək məbləğdir. Hazırda cavabdehin kredit müqaviləsi müddəti üçün faiz borcunun miqdarının cəmi 1432.88 manat təşkil etdiyi halda, həmin müddət üçün cərimənin miqdarının 5067.82 manat olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimənin miqdarının yüksək olması və işin yuxarıda qeyd edilən faktiki halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 5067.82 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən - 500.00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulmasına dair hissələrinin təmin edildiyi nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən birgə qaydada 120.55 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3210.28 manat əsas borc, 1432.88 manat faiz borcu, 500.00 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 470.70 manat faiz borcu və 120.55 manat dövlət rüsumu - cəmi 5734.41 manat birgə qaydada tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar