Məhkəmə qərarları › İş №e-2(049)-3633/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3633/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3633/2025 15.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15604.59 manat əsas borc, 5092.27 manat faiz borcu, 597.02 manat cərimə - cəmi 21293.88 manat borc və 153.88 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ərizəyə əsasən cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş "Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin tarifləri və valyuta məzənnəsi ilə tanış olmuş və müqavilənin ərizə ilə eyni məzmunlu olduğunu öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan aylıq faiz dərəcəsi 1.8333% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh kredit borcundan cəmi 1395.41 manat ödəniş etmiş və onun iddiaçıya 15604.59 manat məbləğində əsas borcu, 5092.27 manat faiz borcu, 597.02 manat cərimə borcu yaranmışdır. Cavabdehə rəsmi xəbərdarlıq edilsə də, o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri tam icra etməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 153.88 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 15604.59 manat əsas borc, 5092.27 manat faiz borcu, 597.02 manat cərimə - cəmi 21293.88 manat borc və 153.88 manat dövlət rüsumu məbləğini tələb edir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Eyni zamanda, iddiaçının nümayəndəsi məhkəməyə maliyyə arayışı göndərərək hazırda xx.xx.2023-cü il tarixli 017A********** nömrəli kredit razılaşması üzrə 9999.59 manat əsas borc, 5956.93 manat faiz borcu, 597.02 manat cərimə borcu, cəmi 16553.54 manat borc qaldığını bildirmişdir. Cavabdeh hazırki iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, müqavilə bağlandıqdan sonra ilk vaxtlarda ödəniş cədvəli üzrə borcunu ödəsə də, sonradan maddi vəziyyəti ilə əlaqədar ödəmələrdə gecikmələr olmuş və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edildikdən sonra o, müəyyən qədər ödənişlər etmiş və bankın əməkdaşlarına da bildirmişdir ki, qalan borcunu da ödəməsi üçün ona müəyyən qədər vaxt lazımdır. Onun ödəniş etdiyi son məbləğlərdən sonra hazırda iddiaçı da əsas məbləği azaltmışdır. Onun iddiaçıya hazırki iddia tələbində qeyd olunan məbləğdə kredit borcu var və o, iddiaçının ona qarşı irəli sürdüyü tələb üzrə əsas borc və faiz borcu məbləğlərini qəbul edir. Lakin cərimə məbləğinin azaldılmasında ona qanun çərçivəsində köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş kreditinin alınması üçün xx.xx.2023-cü il tarixli ərizə, xx.xx.2019-cu il tarixdən qüvvədə olan "Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, kredit müqaviləsinə əlavə edilmiş ödəniş planı, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli maliyyə arayışları və həmin tarixli hesabdan çıxarışlar, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu və ona aid reyestr, xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, cavabdehin müraciəti əsasında onunla iddiaçı arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizəyə və həmin tarixli 017A********** nömrəli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə illik 1.8333% olmaqla 48 ay müddətinə 17000 manat məbləğində kredit verilmişdir. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 25871.18 manat borcu tam şəkildə ödəməli olması barədə ödəniş planı təqdim edilmişdir. Borcun ödənilməsi gecikdirildiyinə görə cavabdehə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyini lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş və əks halda, kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında icra etmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 153.88 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda cavabdehdən xx.xx.2023-cü il tarixli 017A********** nömrəli kredit razılaşması üzrə 9999.59 manat əsas borc, 5956.93 manat faiz borcu, 597.02 manat cərimə - cəmi 16553.54 manat borc və 153.88 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi cavabdehin müqavilə şərtlərini qəbul etdiyi barədə ərizəyə, kredit razılaşmasına, ödəniş planına, maliyyə arayışlarına, hesabdan çıxarışlara və xəbərdarlıq məktubuna istinad edir. Cavabdeh məhkəmə iddia tələbini əsas borc və faiz borcu məbləğlərinə dair hissədə qəbul etdiyini bildirmiş, həmçinin, cərimə borcunun azaldılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh borcunu vaxtında ödəməyi öhdəsinə götürsə də, həmin razılaşma üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. İddiaçı isə tərəflər arasında olan razılaşmadan irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilədə və qanunvericilikdə nəzərdə tutulan qaydalara da riayət etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 9999.59 manat əsas borc və 5956.93 manat faiz borcunun tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin maddi vəziyyəti, onun iddiaçının hesabına həm hazırki iddia ilə məhkəməyə müraciət edilənədək, həm də məhkəməyə müraciət edildikdən sonra müəyyən qədər vəsait ödəməsi nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 597.02 manat cərimə tutulmasına dair hissəsi qismən - 97.02 manat həddində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 153.88 manat dövlət rüsumu məbləğinin 138.16 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 15.72 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 017A********** nömrəli kredit razılaşması üzrə 9999.59 manat əsas borc, 5956.93 manat faiz borcu, 97.02 manat cərimə, cəmi 16053.54 manat borc və ödənilmiş dövlət rüsumu məbləğinin 138.16 manatdan ibarət hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 15.72 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar